BolgeXeber.Com » Xəbərlər » Qusarda mədəniyyət problemi... - İTTİHAM VAR

Qusarda mədəniyyət problemi... - İTTİHAM VAR

23-06-2016, 12:09
Oxunub: 3 922  Qusarda mədəniyyət problemi... - İTTİHAM VAR Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrində dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi haqda çox yazılıb

Qeyd edək ki, bəzi rayon şöbələrinin müdirləri və vəzifəli işçiləri aparılan araşdırmalardan sonra vəzifədən uzaqlaşdırılıblar. Xatırladaq ki, bir müddət əvvəl dövlət büdcəsinin məmurlar tərəfindən necə talanmasını Hesablama Palatasının audit yoxlamaları üzə çıxarıb. Və bu haqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məlumat verilib. Nazirin göstərişi ilə işdə yol verdiyi nöqsanlara, dövlət vəsaitini mənimsəməsinə görə Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyev, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov işdən çıxarılıb. Bundan başqa Ağdam və bir neçə rayon mədəniyyət və turizm şöbələrində aparılan yoxlamalarda da bu cür nöqsanlar üzə çıxıb. Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarına əsasən dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit yoxlamalar həyata keçirilib. Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarında göstərilir ki, idarədə təxminən 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb. Belə ki, Kollegiya Qərarının 3.1-ci bəndinə əsasən Hesablama Palatasınn Kollegiyası auditin nəticələrini müzakirə edərək qərara alıb ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən işçilərin Türkiyə Respublikasının İstanbul şəhərində istirahəti üzrə xərc edilmiş 18.018 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800 manat, Novruz Bayramı şənliklərinin keçirilməsi üzrə 5850 manat, silinmiş mal-material qiymətlərinin dəyəri üzrə 47.932.4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665.1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204.8 manat vəsaitin nəğd qaydada, 173.553.8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634.5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəz edilməsi, muzeylərə alınmış 46.676.8 manat eksponatların əsas vəsait kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın. Göründüyü kimi, Mədəniyyət və Turizm Nazirliyinin tabeli qurumlarının bir çoxunda büdcə yeyintiləri mövcuddur. Gundelik-baku.com-a daxil olan məlumatlarda iddia olunur ki, Qusar rayon Mədəniyyət və Turizm Şöbəsində də büdcədən kənara çıxma halları var. Bu barədə bir qədər sonra. Məlumat üçün bildirmək istəyirik ki, rayonda 2 memarlıq, 46 arxeoloji ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri var. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarların qalıqları, Həzrə kəndindəki 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi ölkə əhəmiyyətli memarlıq abidələri kimi dövlət tərəfindən qorunur. Qusar rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 20 mədəniyyət evi, 42 klub, 75 kitabxana, 1 tarix-diyarşünaslıq muzeyi, 1 dövlət rəsm qalereyası, 1 uşaq incəsənət məktəbi və 1 mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Məlumatlı mənbələrin bildirdiyinə görə, şöbə müdiri David İbramxəlilovun fəaliyyətindəki qanunsuzluqların nəticəsində rayonun mədəniyyət müəssisələrinin bir çoxu bərbad vəziyyətə düşüb: «Belə ki, Qusardakı mədəniyyət evləri və kitabxanaların əksəriyyəti baxımsız qalıb. Həmin müəssisələrin yetərli hissəsinin əsaslı təmirə ehtiyacı var. Deyilənə görə, şöbə müdiri ildə iki dəfə bu mədəniyyət müəssisələrinin təmiri adı altında büdcədən vəsait almağa nail olur. Lakin bu vəsaitlər təyinatı üzrə istifadə edilmir. Qusar rayonunda fəaliyyət göstərən mədəniyyət evləri, kitabxanalar və klublarda ştatdan kənar işçilər, yəni «ölü can»lar çalışırlar. David müəllim özünə yaxın adamların, habelə bəzi qohumlarının adını həmin müəssisələrdə işçi kimi yazdıraraq hər ay külli miqdarda gəlir götürür. Bundan başqa, Qusar rayon Mədəniyyət və Turizm Şöbəsinin işçiləri mütəmadi olaraq «ezamiyyət»ə göndərilir. Bu «ezamiyyət»lər üçün ayrılan vəsaitlərin də şöbə müdirinə çatdığı güman edilir». Etibarlı mənbənin bildirdiyinə əsasən, Qusar rayonunda fəaliyyət göstərən iri və xırda turizm obyektlərinin rəhbər şəxsləri də şöbə müdirinin qulluğunda nə cür lazımdırsa dayanırlar. Bildirilir ki, David İbramxəlilova verilən «mükafat» yay və qış aylarına görə dəyişir. Yəni şöbə müdiri turizm obyektlərindən yay aylarında daha çox xeyir götürür. Onun Qusarda möhtəşəm villasının, bir neçə istirahət mərkəzinin, market və avtoyuma məntəqəsinin olduğu da gələn məlumatlar arasındadır. Yəqin ki, nazir Əbülfəs Qarayev Qusardakı kadrının fəaliyyətini tezliklə araşdırıb onun barəsində lazımi ölçü götürəcək. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.