BolgeXeber.Com » Xəbərlər » Şəmkirdə sosial yardım bazarı açılıb – ETİRAZ

Şəmkirdə sosial yardım bazarı açılıb – ETİRAZ

24-06-2016, 16:13
Oxunub: 2 216 Şəmkirdə sosial yardım bazarı açılıb – ETİRAZ Əfsuslar olsun ki, Səlim Müslümovun nazir təyin edilməsindən sonra da bu sahədə vəziyyət dəyişməyib

Bildiyiniz kimi, son illər ölkəmizdə sosial müdafiə mərkəzləri işçilərinin rüşvət alarkən iş başında yaxalanmaları halı geniş vüsət alıb. Lakin ünvanlı sosial yardım üçün müraciət edənlərin giley-güzarlarından belə görünür ki, bu həbslər sadəcə görüntü üçündür. Ən azı keçmiş nazir Füzuli Ələkbərovun zamanında belə idi. Əfsuslar olsun ki, Səlim Müslümovun nazir təyin edilməsindən sonra da bu sahədə vəziyyət dəyişməyib. Əksinə, ünvanlı sosial yardımların verilməsi ilə bağlı çox ciddi problemlər mövcuddur. Qeyd edək ki, ünvanlı sosial yardım sahəsində əsas problem korrupsiyadır. Baxmayaraq ki, ünvanlı sosial yardımla bağlı qanunvericlilikdə dəyişikliklər və təkmilləşdirmə olub, bu problem qalır. Ona görə ki, korrupsiya sırf idarəçiliklə bağlı sahədir. Xatırlayırsınızsa, əvvəllər ünvanlı sosial yardımı karta köçürmürdülər. Bu problemin qarşısını almaq üçün sonradan karta köçürdülər. Ancaq bunda da yol tapıldı, korrupsiya faktları oldu. Belə ki, kart ünvanlı sosial yardımı alan adama müvafiq hökumət təşkilatı tərəfindən verilmədi, özlərində saxlayırdılar. Beləliklə, məmurlar müavinəti mənimsəyirdilər. 5-6 aydan sonra kart ünvanlı sosial yardım alacaq şəxsə verilirdi. Bu gün də köhnə problemlər aktuallığını qoruyub saxlayır. Hazırda nazirliyin yerli mərkəzlərinin bir çoxunda süründürməçilik halları mövcuddur. Gundelik-baku.com-a verilən məlumatlara görə, Şəmkir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində də (ƏSMM) işlər qaydasında getmir. Adının çəkilməməsini xahiş edən rayon sakini bildirir ki, mərkəzin müdiri Azad Şərifov ünvanlı yardıma ehtiyacı olan ailələrin başına olmazın müsibətlər gətirir: «Mərkəzdə acınacaqlı vəziyyət hökm sürür. Azad müəllim kənd icra nümayəndələri ilə birlikdə dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməklə məşğul olur. Belə ki, icra nümayəndələrinin verdiyi arayış əsasında insanlara yardım ayrılır. Hətta icra nümayəndələri qapı-qapı düşüb sakinlərə yardım almaq təklifini edir. Yardıma ehtiyacı olanlar sənədləri mərkəzə təqdim etsələr də, bir neçə aydan sonra onlara yardım düşmədiyini və gəlib sənədləri mərkəzdən geri götürmələrini bildirirlər. Bu vaxt ərzində həmin sənədlər komissiyadan keçirilir və həmin vətəndaşın xəbəri olmadan ona yardım ayrılır. Elə də olur ki, vətəndaşa verilən yardım kartlarında demək olar ki, pul olmur. Ən maraqlısı isə bu qanunsuz işlərdə “Kapitalbank»ın rayon şöbəsinin müdirinin də “əməy”i var. Bu ünvanlı sosial yardım “əməliyyat”ından rayonun icra başçısı Alimpaşa Məmmədovun və digər bir neçə vəzifəli şəxsin də xəbəri var. Lakin onların aylıq “haqq”ı çatdığı üçün edilən şikayətlərə baxılmır». Məlumatda qeyd olunur ki, Şəmkir ƏSMM-dən ünvanlı sosial yardım almaq istəyən vətəndaş mərkəzin müdiri ilə mütləq anlaşmalıdır: «Bu anlaşmanın qaydası isə çox sadədir. Ünvanlı sosial yardım istəyinə qovuşmaq istəyənlər bu pulun ilk 5 ayından imtina etməlidir. Proses bununla da bitmir. Vəd olunan 5 aydan sonra da vətəndaş öz yardımını ala bilmir. Bundan sonra da “yardımın ləğv olunar” deyə o təhdid olunur və nəticə etibarı ilə bir ilin sosial yardımı mənimsənilir. Beləliklə də, aztəminatlı ailələr dövlət qayğısından kənarda qalır. Təbii ki, bütün bunlar haqsızlıqla yanaşı, həm də xoşagəlməz hallar deməkdir. Rayonda ünvanlı sosial yardıma ehtiyacı olan bəzi aztəminatlı ailələr bir kənarda qalıb, yaşayış səviyyəsi yaxşı olanlara yardımlar yazırlar. Elə yoxsul ailələr var ki, onlar ünvanlı sosial yardım almaq üçün müvafiq sənədləri dəfələrlə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim ediblər. Amma mərkəzin işçiləri hər dəfə onların sənədində bir «ÇP» tapıb. Azad müəllim rəhbərliyin tapşırıqlarına məhəl qoymayaraq özünə məxsus formada fəaliyyət göstərir. Bütün sənədləri qaydasında olan kasıb insanlar süründürməçiliyə məruz qalır. Bəzi insanlar üzləşdiyi vəziyyətdən bezib ünvanlı yardım almaq istəmir». Araşdırmalar nəticəsində öyrəndik ki, Şəmkir ƏSMM-in müdiri imza atdığı qanunsuz işlərin sayəsində rayonun ən imkanlı şəxslərindən birinə çevrilməyi bacarıb. Onun Bakıda mənzillərinin və Şəmkirdə mal-qara təsərrüfatının olduğu deyilir. Növbəti yazıda Azad Şərifovun Rusiyada biznes fəaliyyəti ilə məşğul olan imkanlı şəxslərə sosial yardım düzəltməsi haqda məlumat verəcəyik. Bizi izləyin.