BolgeXeber.Com » Xəbərlər » Dövlət qurumlarının unutduğu müharibə əlili narazılıq edir - FAKT

Dövlət qurumlarının unutduğu müharibə əlili narazılıq edir - FAKT

25-06-2016, 09:37
Oxunub: 1 966 Dövlət qurumlarının unutduğu müharibə əlili narazılıq edir - FAKTİndiyədək nə sanatoriya, nə birdəfəlik maddi yardımlar, nə avtomobil, nə mənzil və sairə əlillər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlər ona və ailəsinə şamil olunmayıb

Bakı şəhəri Nəsimi rayonunda daimi qeydiyyatda olan, on ildir müvəqqəti olaraq Bakı şəhəri Binəqədi rayonunda yaşayan, Birinci Qrup Qarabağ əlili Faiq Quliyev məktubla mediaya müraciət edib.

O, müraciətində bildirir ki, 1992-ci ildə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən şiddətli döyüşlərdə vüruşarkən, kəllə-beyin travması alaraq yaralanmış və sağlamlığını tam olaraq itirmişdir. Faiq səkkiz il dövlətin bütün qayğılarından uzaqda qalmışdır. Nəhayət ona, 2000-ci ildə İkinci Qrup Qarabağ əlili, 2015-ci ildə isə Birinci Qrup Qarabağ əlili dərəcəsi verilib. Amma nə fayda? Məsələ ondadır ki, bu əlil vətəndaş həmişəlik dövlət qurumları tərəfindən unudulmuş, yada düşməmişdir. Əlilik dərəcəsi almamışdan necə köməksiz idisə, dərəcə alandan sonra ele yaşayır. Belə ki, Birinci Qrup əlillik təqaüdünün verilməsindən başqa, ona heç bir dövlət qayğısı göstərilmir.

İndiyədək nə sanatoriya, nə birdəfəlik maddi yardımlar, nə avtomobil, nə mənzil və sairə əlillər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlər ona və ailəsinə şamil olunmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və təxminən on il müddətində müvəqqəti olaraq ərazisində yaşadığı Binəqədi rayon İcra Hakimiyyəti nəinki ona kömək etmir, heç onu qəbul etmirlər. Hansı ki, qanunla vətəndaş 5 il hansı ərazidə yaşayırsa, ərazi rəhbərliyinin nəzarətinə götürülməlidir. Onun problemlərini dövlət həll etməlidir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə birinci Qrup əlilin ətrafdakıların köməyinə ehtiyacı olması təsbit edilmişdir. Faiq Quliyevin həyat yoldaşı da onu evdə tək buraxıb, hər hansı sahədə işləyə bilmir. Əslində məhz buna görə, onun həyat yoldaşına da dövlət qulluq pulu verilməlidir. Lakin bu barədə dəfələrlə müvəkkil qurumlara müraciət olunmasına baxmayaraq, əlilin və arvadının fəryadını eşidən olmayıb...

Faiq Quliyev Binəqədi İcra Hakimiyyətində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dəfələrlə təhqirlərə, söyüşlərə məruz qalmışdır. Müharibə əlili qarşılaşdığı bu haqsızlığı yuxarı instansiyalara çatdırmağı bizdən xahiş edir.

Media olaraq, bu məsələni işıqlandıraraq, aid qurumlara çatdırmağı özümüzə borc bilirik.

Arazmedia.az