BolgeXeber.Com » Xəbərlər » Kimsə Baba Rzayevi durduramaz... - Görünəni budur...

Kimsə Baba Rzayevi durduramaz... - Görünəni budur...

30-06-2016, 17:38
Oxunub: 2 134 Kimsə Baba Rzayevi durduramaz... - Görünəni budur... Baba Rzayev bütün diqqətini biznesinin genişləndirilməsinə yönəldib və bir sıra yollara baş vurmaqla dövlət sifarişlərinin icrasının “Santral Elektrik LTD”yə həvalə olunmasına nail olub

Ölkə mətbuatına müxtəlif mənbələrdən təqdim olunan məlumatlardan belə qənaətə gəlmək olur ki, son vaxtlar “Azərişıq” ASC-nin fəaliyyəti elektrik enerjisi istehlakçılarında ciddi narazılıqların yaranmasına yol açır. Digər tərəfdən də, bu qurumun rəhbərliyi tərəfindən öz şəxsi maraqlarının təminatı məqsədilə həyata keçirilən müxtəlif maxinasiyalar barədə yayılan məlumatlar da ictimaiyyəti ciddi şəkildə narahat etməkdədir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, bizimdovr.az-a daxil olan açıqlamalarda “Azərişıq” ASC-nin sədri Baba Rzayevin öz işində yol verdiyi ciddi qanun pozuntularına dair konkret ittihamlar irəli sürülməkdədir. O cümlədən, həmin məlumatlarda ASC-nin struktur bölmələri və subpodratçı müəssislər tərəfindən rayonlarda aparılan kabelləşdirmə işində yol verilən müxtəlif maxinasiyalardan, “Santral Elektrik LTD” şirkətinin inhisarçıya çevrilməsi prosesindən bəhs olunmuşdu. Artıq dəfələrlə qeyd olunduğu kimi, Baba Rzayev bu gün ölkənin elektrik təminatını, eləcə də elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrası tam şəkildə öz nəzarətində saxlayır. Uzun müddətdir ki, fəaliyyət göstərən və artıq inhisarçıya çevrilmiş “Santral Elektrik LTD” şirkətinin səhmlərinin böyük bir hissəsinin “Azərişıq” ASC-nin sədrinə, yerdə qalanının isə, onun həyat yoldaşı Nərminə Həsənovaya məxsus olduğunu vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyaya görə, Baba Rzayevin sahibi olduğu şirkət, təxminən 13 il bundan əvvəl rəsmi qaydada qeydiyyata alınıb və elə həmin gündən etibarən ölkə ərazisində elektrik məhsullarının satışını inhisara alıb. Baba Rzayev əlaqələrini işə salaraq “Santral Elektrik LTD” şirkətini qısa müddət ərzində monopolist mövqeyə gətirib. Belə ki, fəaliyyətə başladığı ilk illərdə adıçəkilən LTD digər şirkətləri sıxışdırmağa, müxtəlif yollarla onları bazardan çıxarmağa başladı və sonda bu işi tamamlamış oldu. Bu gün artıq sözügedən sahə demək olar ki, tamamilə “Santral Elektrik LTD”nin nəzarətindədir və elə buna görə də şirkət qiymətləri özü istədiyi formada tənzimləyir. Nəzərinizə çatdırım ki, ilk əvvəl şirkətə Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edib. Lakin bir müddət sonra o, qardaşının yerinə qaynı İlham Həsənovu təyin edib. Bundan sonra Baba Rzayev bütün diqqətini biznesinin genişləndirilməsinə yönəldib və bir sıra yollara baş vurmaqla dövlət sifarişlərinin icrasının “Santral Elektrik LTD”yə həvalə olunmasına nail olub. Bu gün “Azərişıq” ASC-nin əksər sifarişləri də məhz “Santral Elektrik LTD” tərəfindən həyata keçirilir.

Digər tərəfindən isə, son vaxtlar “Azərişıq” ASC tərəfindən istehlakçıların hüquqlarının kobud şəkildə pozulması hallarına da daha tez-tez rast gəlirik. Bu günlərdə əldə etdiyimiz növbəti məlumatlardan birində paytaxtın “Yeni Yasamal” yaşayış massivində yerləşən 2saylı binanın (yeni tikili) sakinlərinin də belə hüquq pozuntusuna məruz qoyulduqları bildirilir. Mətbuata verdikləri açıqlamada sakinlər deyiblər ki, binada bir neçə nəfərin işıq borcunun olması səbəbindən, “Azərişıq” ASC bütün sakinləri “cəzalandırmaq” qərarına gəlib. Açıqlamada deyilir: “Binaya işığın verilməməsi də, qaz, su, lift problemi yaradır. Bütün bunlar isə, bina sakinlərinin səbr kasasını daşırıb. İsti havada sakinlər evdə sərinləmək, istirahət etmək və hətta qida qəbul etmək kimi elementar hüququndan da məhrum olublar...” Aydındır ki, bir neçə vətəndaşın borcuna görə bütün binanın işığını kəsməklə, “Azərişıq” ASC-nin rəhbərliyi sakinləri üz-üzə qoymaq və bununla da borcu olan vətəndaşlara psixoloji təzyiq göstərmək məqsədini güdür. Bu isə əlbəttə ki, tamamilə yolverilməz haldır və birmənalı olaraq, istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir...

Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməyə hazırıq.