BolgeXeber.Com » Xəbərlər » “OMD”-də dərman spekulyasiyaları - İTTİHAM VAR

“OMD”-də dərman spekulyasiyaları - İTTİHAM VAR

6-07-2016, 10:42
Oxunub: 2 959 “OMD”-də dərman spekulyasiyaları - İTTİHAM VARBu xəstəxana qəbiristanlığa çevrilib

Son 3 ildə hesablama aparmışam, hər il 750-yə yaxın ölüm faktı qeydə alınır. Təqribən 500-ə yaxın ağır xəstə, valideynlərindən iltizam alınaraq evə buraxılır. Xəstə uşaq o məqsədlə evə buraxılır ki, gedib evdə ölsün. Bu zaman o uşağın ölümünün məsuliyyəti xəstəxananın üzərində olmur. İkinci tərəfdən isə, yeni doğulmuş uşağa yas saxlanılmır, dəfn zamanı ölüm kağızı da tələb olunmur. Torpağı qazırlar, basdırırlar, vəssalam. Niyə öldü, nədən öldü sorğusu yoxdur. Bu yolla da ölüm faizi azaldılmış olur...” – bu sözləri hələ bir neçə il bundan öncə Elmi Tədqiqat Pediatriya İnstitutunun (“OMD” uşaq xəstəxanası) erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin həkim-cərrahı demişdi. Cərəyan edən hadisələr bunu deməyə əsas verir ki, aradan keçən müddət ərzində OMD-nin fəaliyyət prinsiplərində elə də bir ciddi dəyişiklik baş verməmişdir. Mövzuya dair ötən saylarımızdan birində dərc etdiyimiz “OMD”-də uşaq ölümləri gizlədilir” sərlövhəli materialda da biz bu problemə toxunmuşduq. Lakin göründüyü kimi, redaksiyamıza K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş verən uşaq ölümləri barədə təqdim olunan açıqlamalar, sən demə, aysberqin yalnız görünən hissəsi imiş.
Digər tərəfdən isə, bu gün bizimdovr.az-a daxil olan məlumatlarda “OMD”-də yer almış digər qanun pozuntuları barədə də kifayət qədər “zəngin” faktlar təqdim olunur. Aldığımız məlumatlarda vətəndaşların xüsusi narazılığını doğuran əsas məqamlardan birinin də, bu tibb müəssisəsində dərman preparatları ilə törədilən maxinasiyaların olduğu vurğulanır. Bildirilir ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Həmçinin açıqiamalarda vurğulanır ki, xəstəxanada Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Həmçinin məlumatlarda qeyd olunur ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev davamlı olaraq tabeliyində çalışan tibbi personaldan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Aldığımız məlumatlarda vurğulanır ki, institutun bütün şöbələrində Nəsib Quliyevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam direktora təqdim olunur. Mətbuata verdiyi açıqlamalarında isə, respublikanın baş pediatrı Nəsib Quliyev səsləndirilən ittihamları qəbul etmir. Deyir ki, Pediatriya İnstitutunda uşaqlara pulsuz tibbi xidmət göstərilir: “Bunun üçün lazımi aparatlar və avadanlıqlar var, dərman preparatları ilə də tam təmin edilirik. Ola bilər kimsə narazı olsun, kimsə də razı. Əlbəttə ki, bu fikirlər əsassızdır”. Xəstəxanada pulsuz dərmanların siyahısının olmadığını Nəsib Quliyevin diqqətinə çatdırdıqda isə, o, bununla da razılaşmır: “Pulsuz dərmanların siyahısı bütün şöbələrdə divara vurulub. Siyahıda olmayan dərmanları həkim reseptə yazıb xəstənin yaxınına verir, o da aptekdən alıb gətirir..” Xəstə uşaqların valideynləri isə iddia edirlər ki, nədənsə “OMD”-nin həkimlərinin uşaqlara təyin etdikləri dərmanlar arasında da hər zaman məhz institutda “olmayan” dərmanlar üstünlük təşkil edir...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.