BolgeXeber.Com » Xəbərlər » Adsız qəsəbənin adlı problemləri - FOTOLAR

Adsız qəsəbənin adlı problemləri - FOTOLAR

6-07-2016, 15:03
Oxunub: 3 469 Adsız qəsəbənin adlı problemləri - FOTOLARAdsız qəsəbənin adlı problemləri


Son illər paytaxt Bakıda və onun ətraf ərazilərində irimiqyaslı quruculuq işləri nəticəsində şəhərimiz inanılmaz dərəcədə dəyişib. Ölkə prezidenti İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər göz önündədir. Yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığı ərazilərdən biri də Bakının Sabunçu rayonudur. Bir neçə il ərzində rayonun mərkəzi Bakıxanov qəsəbəsi, eləcə də mərkəzi yolları və küçələri inanılmaz şəkildə abadlaşdırılıb. Lakin təəssüflə qeyd etmək gərəkdir ki, ətraf qəsəbələrin heç də hamısında vəziyyət yaxşı deyil. Belə qəsəbələrdən bri də Zabrat-2, daha dəqiq desək, "İstixana” adlanan qəsəbədir.

Adsız qəsəbə

Əvvəlcə qəsəbənin adından başlayaq. Əhali sayı 10 mini ötən qəsəbə hələ də "Parnik” kimi tanınır. Artıq 50 ilə yaxındır ki, bu qəsəbə yaranıb və dəfələrlə ona ad verilməsi ilə bağlı müvafiq orqanlara, Milli Məclisə müraciət olunub. Lakin heç bir nəticə əldə olunmayıb. Sabunçu rayon İH-dən bununla bağlı sualımızı cavablandırmaqda çətinlik çəkdilər. Qəsəbə sakinlərinin yaşadıqları yerin adı ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alıb Milli Məclisin Regional məsələlər daimi komitəsinin üzvü Tahir Rzayevə müraciət etdik. Millət vəkili öz növbəsində sakinlərin adla bağlı Nazirlər Kabinetinə müraciət etmələrini məsləhət gördü. Onun sözlərinə görə, bu məsələni yerli icra orqanları həll edə bilmirlər. "Əgər yer adı dəyişilirsə, bunun üçün onlar Toponomiya Komissiyasına müraciət edilməlidir”, - deyə millət vəkili bildirdi. Rəyini soruşduğumuz ekspertlərdən biri isə sakinlər üçün ən optimal variantı təklif etdi. Onun sözlərinə görə, əgər qəsəbə adsızdırsa, vətəndaşların bununla bağlı toplantı keçirməli və qəbul edilən qərarı bələdiyyə və yaxud icra orqanına təqdim etməlidirlər. İcra nümayəndəliyi də öz növbəsində bunu müvafiq rayon İcra Hakimiyyətinə, o isə öz növbəsində məqsədəuyğun hesab edirsə, Nazirlər Kabinetinə ünvanlamalıdır. Oradan isə sənədlər Prezident Aparatına göndərilir. Sonda isə bütün iclasların protokolları göndərilir Milli Məclisə. Yalnız bundan sonra Toponimiya Komissiyası həmin təklifin uyğun olub-olmadığını araşdırdıqdan sonra ona rəy verir. Rəy verildikdən sonra məsələ parlamentin Regional məsələlər daimi komitəsinin iclasına çıxarılır. Onlar da necə deyərlər, xeyir-dua verdikdən sonra məsələ ilə bağlı parlament müvafiq qərar verir.


Bərbad vəziyyətdə olan kanalizasiya sistemi

Qəsəbənin əsas problemi kanalizasiya sisteminin olmamasıdır. Təsəvvür edin ki, azacıq yağış yağan kimi qəsəbə Venesiyaya oxşamağa başlayır. "Yadımdadır, uşaq vaxtı bu qəsəbədə normal kanalizasiya sistemi mövcud idi. 40 ildir bu ərazidə yaşayıram. Vaxtilə burda suötürücü kanallar vardı. Doldurub bağladılar, yerini satdılar. İndi hamımızın ev-eşiyi su altında qalmaq təhlükəsi ilə üzləşib”, – deyə qəsəbə sakini Ruslan Yunusov bildirir. Onun sözlərinə görə, qəsəbədəki uşaqlar məktəbə getmək üçün xüsusi ayaqqabılardan istifadə edirlər. Qəsəbənin sakinləri dəfələrlə bununla bağlı müxtəlif instansiyalara müraciət etsələr də, nəticə yoxdur. Ən dəhşətli vəziyyət isə yaz-yay aylarında yaranır. Ətrafdakı kanalizasiya gölünün üfunət saçan iyi müxtəlif xəstəliklərə yol açır. Malyariya mənbəyi olan zərərli həşəratların əlindən insanlar həyətlərinə çıxa bilmirlər. Qəsəbə sakini Faiq Əhmədov də bildirir ki, qəsəbədə su və kanalizasiya xətlərinin çəkilməsi üçün yollar qazılıb, amma işlər yarımçıq saxlanılıb. Onun sözlərinə görə, 3 il əvvəl asfalt döşənmiş yolları su xətlərinə görə qazıblar. Ancaq nə xətlər çəkilmir, nə də qazdıqlarını gəlib düzəltmirlər:
Sabunçu rayon İcra Hakimiyyətindən isə bizə bildirirlər ki, Zabrat sakinlərinin problemləri müvəqqətidir. Qəsəbədə kanalizasiya və su xətlərinin çəkilişi yaxın vaxtlarda başa çatacaq, yollar da əsaslı asfaltlanacaq.

Xəstəlik mənbəyi olan göl

"İstixana” çirkab gölləri ilə "məşhur”dur desək, bəlkə də yanılmarıq. Burda bir neçə belə göl olsa da, ən böyüyü yaşayış massivinin Məhəmmədli kəndi ilə kəsişməsindədir. İndi bu göl "İstixana” üçün ekoloji cəhətdən təhlükə mənbəyi hesab edilir. Uzun illərdir qəsəbədə yaşayan Salatın Vəliyevanın sözlərinə görə, əvvəllər ərazidəki bu göl çox kiçik olub, amma evlərin sayı artdıqca gölün də həcmi böyüyüb. Dediyinə görə, gölün həcmi böyüdüyündən, artıq qəsəbə üçün ciddi problemə çevrilib. Gölün suyu yaxınlıqdakı qəbiristanlığa da dolur: "Qəbiristanlıq doludur qamışla. Bir müddət belə davam etsə, bütün qəbirləri su basacaq”. Qəsəbədəki 71 nömrəli məktəbin direktoru Mahirə Qocayeva dəfələrlə Zabrat qəsəbə nümayəndələrinə, əlaqədar təşkilatlara müraciət edildiyini bildirsə də, nəticə görməyib.

İcra Hakimiyyəti: "Əvvəldən göldə suötürücü kanal olmayıb”

Sabunçu Rayon İcra Hakimiyyətindən sakinlərə bildiriblər ki, əvvəldən bu göldə suötürücü kanal olmayıb. Qəsəbədəki evlərdə kanalizasiya xətti olmadığına görə çirkab sular gölə axıdılır. "Gölün genişlənməsinin qarşısını almaq üçün Kürdəxanı-Pirşağı qəsəbələri arasında təmizləyici qurğu tikilməli, tunel vasitəsilə Zabrata gətirilməlidir. Qəsəbələrin kanalizasiyası da həmin qurğuya birləşdirilməlidir. Bir müddət əvvəl Zabratın daxilində bir kilometr məsafədə kanalizasiya xətti çəkilib və Hövsan xəttinə birləşdirilib. İcra hakimiyyəti kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihənin davam etdirilməsi üçün aidiyyəti qurumlara müraciət edib”. "Azərsu” ASC-in mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov bildirdi ki, qurum yaxın perspektivdə Zabratın "Kərpiczavod” adlanan ərazisi və "İstixana” qəsəbəsində təmizləyici qurğu qurmaq niyyətindədir. "Bununla bağlı "Azərsu”nun layihələri var və gələcək perspektivdə onların reallaşdırmaq nəzərdə tutulub”, - deyə Anar Cəbrayılov bildirib.
BŞİH aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinə tabel olan 83 saylı MKİS-dən isə bildirdilər ki, kanalizasiya probleminin aradan qaldırılmasına çalışırlar. Düzünü desək, MKİS-in binasının qarşısında kanalizasiya sularından ibarət gölməçəni gördükdən sonra əlavə nəsə soruşmağa ehtiyac duymadıq.
Onu da qeyd edək ki, ölkə başçısı İlham Əliyev də 2014-cü il yanvarın 17-də "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planı barədə sərəncam imzalayıb. Həmin dövlət proqramına Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması nəzərdə tutulan 9 gölün adı daxil edilib. Zabrat gölü də həmin siyahıdadır. Amma hələ ki, göldə ekoloji vəziyyət qeyri-qənaətbəxş olaraq qalır. Ən acınacaqlısı isə odur ki, kanalizasiya suları hesabına əmələ gələn göldən balıq tuturlar. Bu çirkab sulardan tutulan balıqlar əhaliyə satılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, belə balıqlardan qida kimi istifadə olunması çox təhlükəlidir. Onlar müxtəlif epidemik, tez yayıla bilən xəstəliklərin daşıyıcısı ola bilərlər.
Göldən gələn pis qoxu qəsəbəyə girər-girməz hiss olunur. Hazırda qış ayı olduğundan üfunət elə də hiss olunmur, amma yayda əziyyət dözülməz həddə çatır. Qəsəbə sakini Sahib dayı dedi ki, 50 ilə yaxındır ki, bu problemlərlə birgə yaşayırlar: "Qəsəbəyə ilk dəfə qonaq kimi gələn adamlar deyirlər ki, "siz bu iyin içində necə yaşaya bilirsiniz”. Burada yaşayanlar iyə öyrəşdiyindən bunu hiss etmirlər, amma kənardan gələnlər qoxunu asanlıqla hiss edirlər”. Etibar adlı digər sakin isə bildirir ki, hava küləkli olanda kanalizasiya gölünün bütün qoxusu qəsəbəyə yayılır: "Yay gələndə burada çox əcaib cücülər peyda olur. Cücü o dərəcədə çox olur ki, qarşı tərəfi görmək mümkün olmur. Bu gölün özü xəstəlik mənbəyidir. Çünki bütün qəsəbənin kanalizasiya suları ora axıdılır. Balıqçılar isə buradan balıq tutub camaata satırlar”.
Yeri gəlmişkən, qəsəbənin Ruslan Göyüşov küçəsində əlillər üçün tikilən binanın açılışında prezident İlham Əliyev iştirak edib və küçənin işıqlandırılması ilə bağlı göstəriş verib. Prezidentin tapşırığından sonra küçələr işıqlandırılıb. Lakin, bu, cəmi 5-6 ay davam edib. Hazırda gecələr küçə yolları zülmətə qərq olur. Vəziyyət maşınların hərəkətinə maneçilik törədir, qəza şəraiti yaradır, insanların həyatını təhlükə altında atır.
Ərazidən millət vəkili seçilən Dilarə Cəbrayılova bizimlə söhbətində bildirdi ki, "İstixana”dakı problemlərdən xəbərdardır və bununla bağlı rayon İH-i qarşısında məsələ qaldırıb. Və ümidvardır ki, yaxın gələcəkdə problemlər həllini tapacaq.

İstixanaları dirçəltmək olar

Onu da qeyd edək ki, qəsəbənin "İstixana” adlandırılması təsadüfi deyil. Belə ki, bu qəsəbə vaxtilə paytaxtın tər tərəvəzlə təmin olunmasında böyük rol oynayıb. Qəsəbənin yaxınlığında yerləşən istixanalar əvvəllər göz oxşasa da, indi baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüblər. Onların yalnız cüzi bir qismi işləyir. Əslində həmin istixanaları işə salmaqla həm yerli əhali üçün iş yerləri yaranar, həm də paytaxt sakinləri əvvəlki tək tər tərəvəzlə təmin olunmuş olarlar.
kaspi.az
Adsız qəsəbənin adlı problemləri - FOTOLAR
Adsız qəsəbənin adlı problemləri - FOTOLAR
Adsız qəsəbənin adlı problemləri - FOTOLAR
Adsız qəsəbənin adlı problemləri - FOTOLAR