BolgeXeber.Com » Xəbərlər » 170 saylı məktəbin direktorunun xülyaları

170 saylı məktəbin direktorunun xülyaları

6-07-2016, 19:49
Oxunub: 3 314 170 saylı məktəbin direktorunun xülyalarıNuranə Mirzəyevanın qəzetimizi “susdurmaq” arzuları ayenə də məktəb kollektivinin gündəminə gətirilib

Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edilir. Qeyd etməliyik ki, yazılarda dərc etdiyimiz bütün fakt və ittihamlar bizimdovr.az-a birbaşa 170 saylı orta məktəbdə olan mənbələr tərəfindən təqdim edilən açıqlamalarda əks olunur.

Bir daha xatırladaq ki, aldığımız açıqlamalara görə, 2015-2016-cı tədris ilində 170 saylı məktəbdə tətbiq olunan maxinasiyaların böyük əksəriyyəti “evdə təhsil” proqramının icrası ilə bağlı olmuşdu. Artıq deyildiyi kimi, ötən ildə “evdə təhsil” proqramı üzrə məktəbin 300-dən artıq şagirdinin təhsil aldığı rəsmi sənədlərdə qeydə alınıb. Onlara dərs deyən müəllimlərin sayı isə, 50 nəfərdən artıq olub. Mənbələrin iddiasına görə, direktor “evdə təhsil” proqramı üzrə dərs demək üçün təkcə 170 saylı məktəbin özündən deyil, həmçinin başqa məktəblərdən müəllimlər dəvət edir. Həmin müəllimlər isə, hər bir “xəstə” şagirdə görə, Nuranə Mirzəyevaya ilkin olaraq 1200 manat, sonradan isə, hər ay 50 manat pul ödəyirlər.

Bununla belə, müəyyən səbəblərdən biz son bir neçə gün ərzində qəzetimizin səhifələrində 170 saylı orta məktəbin fəaliyyətinə dair tənqidi materialların dərcində bir qədər ara vermişdik. Səbəb isə bu olmuşdu ki, biz, əlimizdə olan məlumat və faktlara əsaslanaraq, Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə və Baş Prokurorluğa müəyyən sorğular ünvanlamışıq. Hal-hazırda da həmin sorğulara cavab gözləyirik.

Lakin yeni aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, direktor Nuranə Mirzəyevaya bu “sakitliyi” tamamilə təhrif olunmuş formada başa düşmüşdür. Bu xüsusda bizimdovr.az-a açıqlama verən mənbə bildirir ki, direktor qəzetimizdə tənqidi yazıların dərc olunmamasını özünün “qələbəsi” kimi qələmə verməyə tələsmişdir. Xatırladaq ki, bir müddət əvvəl də Nuranə Mirzəyeva rəhbərlik etdiyi məktəbin kollektivi qarşısında qəzetimizi susdurmaq üçün müəyyən tədbirlər gördüyü barədə bəyanatlarla çıxış etmişdi. Həmçinin 170 saylı orta məktəbdən son aldığımız məlumatlardan birində qəzetimizi “susdurmaq” missiyasını direktorun təşkilati işlər üzrə müavini (və yaxın rəfiqəsi) Ofeliya Mehdiyevanın öz üzərinə götürdüyü də vurğulanmışdı: “Ofeliya Mehdiyeva direktoru inandırıb ki, onun oğlu Sabunçu RİH-nin başçısı cənab Adil Vəliyevlə yaxın dostluq münasibətlərindədir. Elə bu münasibətlər zəminində də, Ofeliya xanımın oğlu qəzeti “susdurmaq” üçün müəyyən addımlar atmasını Adil müəllimdən xahiş edəcək...”

İstənilən halda, əgər kimlərsə tərəfindən belə bir cəhd olunmuşdursa da, tam məsuliyyətlə deyə bilərik ki, onların heç bir əsası və nəticəsi olmayıb və ola da bilməz. Bizim tənqidi dayandırmağımıza səbəb ola biləcək yeganə addım isə, 170 saylı məktəbdə yer almış neqativ halların aradan qaldırılması ola bilər. Lakin cərəyan edən hadisələr də, Nuranə Mirzəyevanın bu xüsusda “geriyə addım” atmaq niyyətində olmadığını göstərir. Belə ki, artıq xəbər verdiyimiz kimi, az bir müddət bundan əvvəl Nuranə Mirzəyeva 170 saylı məktəbdə artıq növbəti tədris ili üçün “evdə təhsil” proqramı üzrə şagirdlərin bölgüsünü də həyata keçirmiş və bu münasibətlə direktorun məşhur “qara dəftərində” artıq növbəti şifrəli yazılar da peyda olmuşdur.

Bütün bunlar isə, belə deməyə əsas verir ki, 170 saylı orta məktəbin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntuları yalnız müvafiq dövlət orqanlarının müdaxiləsilə aradan qaldırıla bilər.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

“Bizim Dövr”