BolgeXeber.Com » Xəbərlər » Qərib Məmmədov qardaşı oğluna vəzifə istəyir... - İDDİA

Qərib Məmmədov qardaşı oğluna vəzifə istəyir... - İDDİA

8-07-2016, 11:24
Oxunub: 2 300  Qərib Məmmədov qardaşı oğluna vəzifə istəyir... - İDDİA Qərib Məmmədov qardaşı oğlunu artıq yeni yaradılacaq qurumun rəhbəri vəzifəsinə təyin etdirmək üçün səylər göstərməkdədir

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə təsdiq edilmişdir. Bu Əsasnaməyə görə, Fondun funksiya və səlahiyyətləri kifayət qədər genişləndirilmiş, eləcə də indiyədək rayonlarda fəaliyyət göstərən ƏSM Mərkəzlərinin DSMF şöbələrilə birləşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı sosial yardımların, digər sosial ödəmələrin və sosial xidmət xərclərinin maliyyələşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilən vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək kimi funksiyalar da məhz Fondun səlahiyyətlərinə verilmişdir.

Təbii ki, bütün bu islahatlar heç də bütün rayonlarda yerləşən ƏSMM rəhbərləri tərəfindən sadəcə əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş tədbirlər kimi qəbul olunmur. Bəziləri bu açılan yeni imkanlardan öz şəxsi maraqlarının təminatı baxımından yararlanmağa daha çox meyillidirlər. O cümlədən redaksiyamıza daxil olan son məlumatlarda, Biləsuvar ƏSMM-nin direktoru Nazim Məmmədovun da rayonda yeni yaradılacaq quruma rəhbərlik etmək həvəsində olduğu bildirilir.

Qeyd edək ki, bu məmurun yarıtmaz fəaliyyətindən doğan şikayət və narazılıqlar artıq bir neçə vaxtdır ki, bizimdovr.az-a təqdim olunan açıqlamalarda öz əksini tapmaqdadır. Məlumatlarda göstərilir ki, bu rayondakı ƏSMM-nin yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Nazim Məmmədovun öz işində yol verdiyi ciddi qanun pozuntuları vətəndaşların kütləvi şəkildə hüquqlarının pozulmasına yol açır. Həmçinin rayonun bir çox kəndlərindən təqdim olunan açıqlamalarda da təsdiq olunur ki, Biləsuvarın sosial müdafiə sahəsində baş verən bütün neqativ hallara birbaşa Nazim Məmmədov özü rəhbərlik edir. Məhz onun göstərişi və təpkisi ilə, ƏSMM-nin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirlər. Bu xüsusda redaksiyamıza daxil olan açıqlamalarda da bildirilir ki, Biləsuvar ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur.

Məlum olduğu kimi, Nazim Məmmədov ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun qardaşı oğludur. Və özünün artıq uzun müddətdən bəri ƏƏSMN strukturlarında çalışmasına görə də, Nazim Məmmədov məhz əmisinin nazir Səlim Müslümovla olan münasibətlərinə borcludur. Xatırlayırsınızsa, hələ bir müddət bundan əvvəl, Biləsuvar sakinləri ƏSMM-də törədilən özbaşınalıqlardan zinhara gələrək, böyük bir izdiham şəklində əvvəlcə mərkəzin özünə, bundan sonra isə, Rayon İcra Hakimiyyətinin binası önünə yürüş təşkil etmişdilər. Bundan sonra, icra başçısı Mahir Quliyevin tələbilə açıqlama vermək məcburiyyətində qalan Nazim Məmmdov isə, bütün baş verənlərdə öz əməkdaşlarından birini təqsirləndirməkdən daha ağıllı bir çıxış yolu tapmamışdı. Mənbələrin deməyinə görə, həmin gün Nazim Məmmdovun vəzifədən getməyi artıq həll olunmuş məsələ idi. Lakin məhz elə bu məqamda vəziyyətə mərkəz direktorunun əmisi, keçmiş komitə sədri Qərib Məmmədov müdaxilə etmişdi. Qərib Məmmədovun öz qardaşı oğluna görə həm Mahir Quliyevdən, həm də nazir Səlim Müslümovdan xahiş etməsindən sonra, Nazim Məmmdovun vəzifədən azad olunması məsələsi hələlik də olsa, gündəmdən çıxarılmışdı.

Bu gün isə, Qərib Məmmədov qardaşı oğlunu artıq yeni yaradılacaq qurumun rəhbəri vəzifəsinə təyin etdirmək üçün səylər göstərməkdədir. Mənbənin deməyinə görə, keçmiş komitə sədri belə bir xahişlə artıq nazir Səlim Müslümova müraciət də etmişdir.

Bütün tərəflərin mövqeyini əks etdirə bilərik.