BolgeXeber.Com » Xəbərlər » Məktəb direktorunun Fransa sərgüzəştləri

Məktəb direktorunun Fransa sərgüzəştləri

9-07-2016, 14:47
Oxunub: 2 895 Məktəb direktorunun Fransa sərgüzəştləriNuranə Mirzəyevanın bu “istirahəti” 170 saylı məktəbin müəllimlərinə baha başa gələcək

Dünən Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbin direktoru Nuranə Mirzəyevanın özbaşınalıqlarından bəhs edən növbəti məlumatlar redaksiyamıza daxil olub. Etiraf edək ki, bu məlumatlarda bəzi yeni təfərrüatlarla tanış olmuş olsaq da, ümumilikdə təəccübümüzə səbəb ola biləcək heç bir məqamla rastlaşmadıq. Məsələn, mənbənin bizimdovr.az-a təqdim etdiyi açıqlamada bildirilir ki, Nuranə Mirzəyeva bu günlərdə Paris səfərindən geri dönüb. Belə baxanda, Parisə istirahətə Nuranə xanım da getməsin, bəs kim getsin? Məktəbdə yay tətilləri artıq başlayıb, “evdə təhsil” proqramının növbəti tədris ili üçün dərs saatlarının bölgüsü aparılıb, hazırki dövr üçün nəzərdə tutulan pul yığımlarını da direktorun adından həyata keçirən “məsul şəxs” müəyyən edilib. Düzdür, direktorun bu səfərinin məsrəfləri hələ 170 saylı orta məktəbin pedaqoji kollektivi tərəfindən tam ödənilməyib, amma necə deyərlər, proses gedir. Hətta bəzi “məsuliyyətsiz” müəllimlər tərəfindən bu prosesi sabotaj etmək cəhdləri olsa da, direktorun təşkilati işlər üzrə müavini Ofeliya Mehdiyevanın bu xüsusda göstərdiyi səylər yəqin ki, nəticəsiz qalmayacaq. Mənbə bildirir ki, artıq dünən müəllimlərin məzuniyyət pulları onların maaş kartlarına köçürülüb. Lakin məktəbin bəzi müəllimləri həmin puldan direktorun Paris səfərinin məsrəflərini ödəmək üçün müəyyən məbləğ ayırmaqdan imtina edirlər. Ofeliya xanım isə, bu “naşükür” müəllimlərə başa salmağa çalışır ki, bu səfər Nuranə xanıma təxminən 18-20 min manata başa gəlib. Və əgər bu xərc direktorun boynunda qalarsa, bu zaman romantik səfərin bütün təəsüratları pozular və hətta Nuranə xanım depressiyaya da düşə bilər. Onsuz da “evdə təhsil” proqramı üzrə dərs saatlarının bölgüsü ilə bağlı artıq müəyyən problemlər yaşanmaqdadır. Həm də bu problemlər “legioner” müəllimlərlə əldə olunmuş ilkin razılaşma şərtlərinin pozulması ilə bağlıdır. Mənbənin deməyinə görə, bu müəllimlər arasında 215 saylı məktəbin təmsilçiləri üstünlük təşkil edir. Səbəb isə budur ki, həmin məktəbin direktoru Sevinc xanım Nuranə Mirzəyeva ilə yaxın rəfiqədirlər. Lakin bu günlərdə yaranmış vəziyyət onu göstərib ki, nə 170 saylı, nə də 215 saylı məktəbin müəllimləri direktorlar arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirərək, məktəblər arası səviyyəyə qaldırmaq ideyasını heç də dəstəkləmirlər. Xatırladaq ki, ötən tədris ilində “evdə təhsil” proqramı üzrə 170 saylı orta məktəbin 300-dən artıq şagirdinin təhsil aldığı rəsmi sənədlərdə qeydə alınıb. Onlara dərs deyən müəllimlərin sayı isə, 50 nəfərdən artıq olub. Artıq deyildiyi kimi, direktor “evdə təhsil” proqramı üzrə dərs demək üçün təkcə 170 saylı məktəbin özündən deyil, həmçinin başqa məktəblərdən müəllimlər dəvət edir. Həmin müəllimlər isə, hər bir “xəstə” şagirdə görə, Nuranə Mirzəyevaya ilkin olaraq 1200 manat, sonradan isə, hər ay 50 manat pul ödəyirlər. Mənbənin iddiasına görə, 170 saylı və 215 saylı məktəbin müəllimləri arasında ilkin olaraq yaranmış narazılıq və qarşılıqlı ittihamlara, daha sonra isə əməlli-başlı dava-dalaşa da məhz müəllimlərə təklif olunan şərtlərin eyni olmaması səbəb olub. Təbii ki, bütün bunlar da Nuranə Mirzəyevanın səfər təəssüratlarını əməlli-başlı korlayıb. Hətta direktorun müəllimlərə öz bağında verdiyi qonaqlıq məclisinin bayram ab-havası da vəziyyətin düzəlməsi üçün yetərli olmayıb. Bir tərəfdən də, 170 saylı məktəbin öz yetirmələrindən bəziləri Nuranə Mirzəyevanı “arxadan zərbə” ilə hədələməkdədirlər. Bu barədə bizimdovr.az-a açıqlama verən mənbə bildirir ki, məktəbin keçmiş məzunlarından olan, hazırda isə xəbər saytlarından birinin redaktoru kimi fəaliyyət göstərən N... adlı şəxs bu günlərdə məktəbə zəng vuraraq, “ürəyiyananlıq” nümayiş etdirib. N bildirib ki, onun rəhbərlik etdiyi redaksiyaya 170 saylı orta məktəbdə baş verən neqtiv hallar barədə məlumatlar daxil olub. Lakin o, özünün məzunu olduğu məktəb barədə tənqid yazmaq “istəmir”. Onun bu qərarını “möhkəmlətmək” üçün isə, Nuranə Mirzəyevanın müəyyən təcili tədbilər görməyi tələb olunur...

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

“Bizim Dövr”