BolgeXeber.Com » Xəbərlər » Keçmiş deputatın biznesi çökür - İDDİA

Keçmiş deputatın biznesi çökür - İDDİA

11-07-2016, 14:57
Oxunub: 5 014  Keçmiş deputatın biznesi çökür - İDDİA Milli Məclisin keçmiş deputatlarından Fərhad Qəribov hələ mandat sahibi olarkən onun barəsində mətbuat səhifələrində bir-birindən maraqlı məlumatlar yayılırdı

Bu xəbərlərin əsas hissəsi sabiq deputatın biznes fəaliyyəti ilə bağlı idi. Deputatın biznes şəbəkəsinə aid olan obyektlərini oğlanları Elnur, Zöhrab, Rəşad və Anar Qəribovların idarə etdiyi vurğulanır. Xatırladaq ki, bir neçə ay əvvəl Fərhad Qəribovun oğlanlarının ikisi vergi cinayəti ilə bağlı axtarışa verilib. Deyilənlərə görə, deputatın dörd oğlundan ikisi nəzarətlərində olan şirkətlərdə külli miqdarda vergidən yayınma halına yol veriblər. Atasının nüfuzuna arxayın olan qardaşlar qazandıqları böyük vəsaitlərdən dövlət büdcəsinə vergi keçirməyiblər. Beləcə, dövlətə külli miqdarda ziyan dəyib. Məlumat üçün demək istəyirik ki, sabiq deputatın biznes şəbəkəsinə Bakıdakı «Çıraq Plaza”, "Şəki” restoranı və digər obyektlər daxildir. Onu da qeyd edək ki, Fərhad Qəribovun adı ilk dəfə Kürdəmirdəki Şirə zavodu – "Qelios” Məhdud Məsuliyyətli Cəmiyyəti ətrafındakı qalmaqalda hallanmışdı. Həmin qalmaqallı günlərdə keçmiş deputat Qəribov mətbuata açıqlamasında bu zavodun onun qohumlarına məxsus olduğunu söyləsə də, konkret ad hallandırmamışdı. Ancaq rəsmi məlumatlarda Nizamnamə kapitalı 11 655 010 AZN olan "Qelios”un direktorunun deputatın ortancıl oğlu Zöhrab Qəribov olduğu göstərilir. Bu şirkət ətrafında qalmaqalın böyüməsinə səbəb isə deputatın oğlundan sonra ikinci maddi məsul şəxs hesab olunan baş mühasib Nadir Kərimovun müəmmalı ölümü olmuşdu. Qeyd edək ki, Nadir Kərimov itkin düşmüş, 21 günlük axtarışdan sonra isə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapmışdılar. O zaman mərhumun ailəsi şikayət ərizəsində yazmışdı ki, onu öldürüb Kürə atıblar. Sabiq deputat oğlunun rəhbərlik etdiyi şirkətin adı son olaraq "Beynəlxalq Bank işi"ndə hallanıb. Mətbuatda yayılan məlumata görə, Zöhrab Qəribovun Azərbaycan Beynəlxalq Bankından 185 milyon manat kredit götürərək ölkədən qaçan Xaqani Bəşirovla ortaq fəaliyyəti olub. Belə ki, Xaqani Bəşirova məxsus olduğu iddia edilən "Siqma Layn” MMC Azərbaycan Beynəlxalq Bankından "Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb və əsas kredit və faizlər üzrə borclarını qaytarmayıb. Məsələn, "Siqma Layn” MMC Azərbaycan Beynəlxalq Bankından 14 mart 2008-ci ildə 2 milyon 120 min manat, 16 aprel 2008-ci ildə 500 min manat, cəmi altı gün sonra, 22 aprel 2008-ci ildə 400 min manat, 15 iyul 2008-ci ildə 1 milyon 644 min manat, 15 avqust 2008-ci ildə 1 milyon 662 min manat, bütövlükdə isə cəmi 6 milyon 346 min manat götürsə də, nə faizlərini, nə kreditin özünü banka qaytarıb. Özəl mənbələr tərəfindən gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, mandatını itirdikdən sonra Fərhad Qəribovun biznesinə kəskin hücumlar başlayıb və onun nəzarətində olan bəzi sahələrə nüfuz etmək istəyən qüvvələr xeyli fəallaşıb. Mənbənin sözlərinə görə, deputatın oğluna məxsus olduğu bildirilən «İrşad Electronics»in mövqeyi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Belə ki, şirkətin satış göstəricilərinin və idxal qabiliyyətinin aşağı düşdüyü bildirilir. Bu səbəbdən şirkət bir neçə işçisi ilə yollarını ayırıb. İddialara görə, əgər yaxın vaxtlarda satış qabiliyyəti bərpa edilməsə, o zaman şirkətin fəaliyyəti sual altına düşə bilər. Bu isə sabiq deputatın biznes şəbəkəsinin çöküşünün başlanğıcı deməkdir. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.