BolgeXeber.Com » Xəbərlər » 8 saylı internat məktəbində uşaqlara qayğı göstərilmir

8 saylı internat məktəbində uşaqlara qayğı göstərilmir

13-08-2016, 14:03
Oxunub: 5 677 8 saylı internat məktəbində uşaqlara qayğı göstərilmirPəri Paşayeva rəhbərlik etdiyi bu təhsil müəssisəsinin resurslarını talamaqla məşğuldur

Qəzetimizin ötən saylarında biz Bakının Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbinin direktoru Pəri Paşayevanın yarıtmaz fəaliyyətinə dair aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materiallar dərc etmişdik. Qeyd olunduğu kimi, bu internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir edilib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. Yararsız vəziyyətdə olan internat məktəbinin təmirinə 2012-ci ilin martında başlanılıb və artıq sentyabr ayında təmir işləri başa çatdırılıb. 2012-ci il sentyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbin açılışında iştirak edib. Məlumat üçün bildirək ki, məktəbin ümumi sahəsi dörd hektardır. 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən – tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompyuter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı vardır. Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa edilib. Stadionda idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul olmaq imkanı vardır. Bununla belə, bu da bir həqiqətdir ki, internat-məktəblərdə təhsil alan uşaqlar onlara göstərilən dövlət qayğısının təzahürünü ilk növbədə həmin müəssisələrdə çalışan pedaqoji kollektivin onlara münasibətində tapırlar. Bu münasibətlər isə əlbəttə ki, daha çox konkret məktəblərin rəhbərləri tərəfindən həyata keçirilən idarəçilik prinsipləri əsasında formalaşır. Təəssüflər olsun ki, bu gün redaksiyamıza daxil olan məlumatlarda 8 saylı internat məktəbində baş verən neqativ hallar barədə açıqlamalar təqdim olunur. Həmin materiallarda bildirilir ki, məhz son bir neçə ayda bu müəssisədə uşaqların sağlam böyümələrini, normal təhsil almalarını əngəlləyən şərait yaranmışdır. Qeyd etmək lazımdır ki, mənbələr bu qeyri-sağlam mühitin 8 saylı internat məktəbinə Pəri Paşayevanın direktor təyin olunmasından sonra formalaşmağa başladığını iddia edirlər. Məlumatlarda vurğulanır ki, məhz direktorun yol verdiyi yeyinti halları, vəsait və ərzaq məhsullarının mənimsənilməsi faktları uşaqların həm maddi təminatına, həm də mənəvi inkişaflarına neqativ təsir göstərir. İddialara görə, müəssisədə bu gün hətta dövlət tərəfindən uşaqlara verilən məktəbli formaları və digər geyimlər də rəhbərlik tərəfindən saxlanılaraq, sonradan müxtəlif ticarət mərkəzlərində satışa çıxarılır. Həmçinin açıqlamalarda qeyd olunur ki, Pəri Paşayevanın 8 saylı internat məktəbində həyata keçirdiyi “kadr islahatları”ndan sonra, bu müəssisədə hazırda üstünlük verilən tədris metodikası da əsasən günün tələbləri ilə ayaqlaşmayan köhnəlmiş bazalar üzərində qurulmuşdur. Təbii ki, bu nöqsanların hər biri artıq özü-özlüyündə müxtəlif xoşagəlməz fəsadların daşıyıcısı kimi çıxış edir. Əbəs yerə deyildir ki, həmin məktəbdə övladları təhsil alan valideynlərin mətbuata verdiyi açıqlamalarda da çoxsaylı iradlar öz yerini alır: “Pəri Paşayeva direktor təyin olunandan sonra məktəb xaos halındadır. Natəmizlik baş alıb gedir. Mən uşağın başından biti təmizləyib qurtara bilmirəm. Dərmanları da özümüzə aldırırlar. Qızımın başına yara düşüb. Direktor məhkəməyə sənəd verərək mənim alimentimi kəsdirib, amma uşaqlara da baxmırlar. Məktəbin binasının içində 16-17 tualet, həyətində də 1 tualet var. Əvvəl 4-5 təmizlik işçisi var idi, indi 1 nəfərdir. O da deyir ki, mən təmizləyib çatdıra bilmirəm. Binanın içindəki bütün tualetləri bağlayırlar, qışda da, yayda da uşaqları bağın içindəki tualetə göndərirlər. Binanın dəhlizindəki bütün dispenserləri yığışdırıblar ki, uşaqlar su içəndə yerə dağıdırlar. Məktəbdə tez-tez oğurluq hadisələri olur, paltarlar oğurlanır. Mənim uşağımın kitabları məktəbdə oğurlandı, yenə də özümə aldırdılar. Mənim yol puluma qədər dövlət pul ayırır, biz onların heç birini görmürük. Uşağın paltarını, müalicəsini, kitablarını – hər şeyi özümüz həll edirik. Məktəbdə külli-miqdarda mənimsəmələr var...”

Məsələyə qarşı tərəfin də münasibətini öyrənmək istərdik.
Bizimdovr.az