BolgeXeber.Com » Xəbərlər » Nardaran piri haqda -ŞOK FAKTLAR...

Nardaran piri haqda -ŞOK FAKTLAR...

13-08-2016, 16:26
Oxunub: 7 017 Nardaran piri haqda -ŞOK FAKTLAR... Azərbaycanda mövcud olan müqəddəs tapınaq yerlərindən biri də Nardaran piridir

Burada dəfn olunan Həzrət Rəhimə xanım Həzrət Peyğəmbərimizin nəvəsi olmaqla, VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı, Həzrət İmam Rza əleyhissəlamın bacısıdır. Atası və qardaşı şəhadətə yetişəndən sonra IX əsrdə xəlifə Məmunun zülmündən qaçıb iki bacısı ilə Azərbaycanın Nardaran kəndinə sığınmışdır. Bugünkü günə gəlib çatan məlumatlara görə Rəhimə xanım Nardaranda Mirabdulla adlı bir şəxslə ailə həyatı qurmuş, bu nikahdan bir övladları olmuşdur (düzünü Allah bilir).
Bu ailənin hər üç üzvünün – Rəhimə xanımın, Mirabdullanın və övladının qəbirləri Nardaran kəndindəki ziyarətgahdadır.

Rəhimə xanımın qəbrinin üzərində hələ ta qədimdən türbə mövcud olmuşdur. Türbənin üzərindəki kitabəni etnoqraf alim Məşədixanım Nemət bu cür tərcümə etmişdir:

“Bu mübarək məscidin, Allahın evinin bina olunmasına hacıların seçilmişi, dövrün yeganəsi, Böyük sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud Şahabadi – Allah onun müvəffəqiyyətini əbədi etsin – yeddi yüz altmış beşinci ildə əmr etmişdir” (Miladi: 1363- 1364).

Kitabədə adı çəkilən Xacə Hacı Həmzə Şirvanşahlar dövlətində baş sədr vəzifəsində işləmişdir. Bu vəzifə dövlətdə şirvanşahdan sonra üçüncü şəxsiyyət hesab olunurdu. Məqbərə qarşısında dəfn olunmuş şəxslərin başdaşındakı kitabələrdən görünür ki, onlar da dövrlərinin görkəmli alimləri olmuşlar. Hicri 1049 (1639- 1640)-cu ildə şəhid olmuş Şeyx Sədinin adına digər mənbələrdə rast gəlməmişik. Onunla yanaşı, oğlu Şeyx Xoda Pulad da dəfn olunmuşdur. Şeyx ləqəbinə və “əs – şəhid əs – səid” – xoşbəxt şəhid sözlərinə görə Şeyx Sədinin hər hansı bir hərəkatda, mübarizədə həlak olduğunu güman etmək olar. Şeyxlər ümumiyyətlə, müsəlman dünyasında ən nüfuzlu şəxslər olmaqla ölkənin sosial-mədəni, iqtisadi-siyasi həyatında mühüm rol oynayırdılar.

“Nardaran Piri” abidələri kompleksində sənətkarlarla əlaqədar olmuş “əxi” cəmiyyəti üzvlərinin də abidələri vardır. Qeyd olunan kompleksdə daha bir maraqlı məscid və məqbərə abidəsi vardır. Abidənin üzərini uzun illər qum örtmüş, 1950-ci ildə o, qum altından çıxarılmışdır. Bina iki otaqdan ibarətdir. Düzbucaqlı plana malik əvvəlinci otaq (5,80 x 3,20 x 2,53 m) məscidə aiddir. İkinci tağ tavanlı otaq (2,75 x 2,75 x 2,53) isə türbə binasıdır. Türbənin başqa yerdən qapısı yoxdur. Buraya ancaq məsciddən açılan çatmatağlı qapıdan (1,13 x 0,58) daxil olunur. Məscidin tağlı qapısı (1,20 x 0,59 m) eşmə ilə, kiçik baştağı isə sadə həndəsi naxışlarla haşiyələnmişdir. Qapı üzərindəki iki parça əhəng daşında (1,07 x 3,9) kufi elementli süls xətti ilə kitabə həkk olunmuşdur. Ərəbcə kitabənin məzmunu belədir:

“Bu məscidin tikilməsinə mömin Şeyx Nurəddin Mahmud ibn Şeyx Zahid Əbu Yusif həqiqətən yeddi yüz yeddinci ildə (1307-1308) əmr etmişdir -Hökmdarlıq Allaha məxsusdur”.

Kitabədə daha iki şeyxin – Nurəddin Mahmud və atası şeyx Zahid Əbu Yusifin adları çəkilir. Qeyd olunan şeyxlərin elmi və ictimai-siyasi fəaliyyətləri indi “Nardaran piri” adlanan ruhani, sosial, mədəni, həmçinin siyasi mərkəzlə sıx bağlı olmuşdur.

Şirvanşahdan sonra dövlətdə üçüncü vəzifə olan baş sədrin həmin kompleksdə məscid binası tikdirməsi bir daha göstərir ki, qeyd olunan sosial-dini mərkəz təkcə imamzadə kimi yox, ölkənin ictimai, iqtisadi, siyasi həyatında mühüm rol oynamış mərkəzlərdən biri olmuşdur. Belə mərkəzlər adətən baş sədrin tabeliyində olurdu.

Pir kompleksi yaxınlığında daha başqa məscid, karvansara binası, ətrafda böyük qəbiristanlıq da mövcuddur. Kompleks yaxınlığında hamam binası da olmuşdur. Lakin bu hamam uçub dağılmış, kitabəsi isə qalmamışdır. Çox mümkündür ki, bunlar hamısı qeyd olunan dini-sosial mərkəzin vəqflərindəndir. Hamam binasının üzərindəki kitabəni hələ 1920-ci illərdə arxeoloq İ.Əzimbəyov oxuyub nəşr etdirmişdir. Maraqlı burasıdır ki, hamam da baş sədr tərəfindən tikilmişdir. Ərəbcə yazılmış həmin kitabənin mətni belədir:

“Bu pak və təmiz imarətin tikilməsinə sədr əl – möhtərəm Xacə Zeynəddin ibn mərhum Dağmanlı Mövlana Şəhabəddin (Allah ona rəhmət eləsin!) əmr etdi” (1338 miladi)”.

Yuxarıda qeyd etdim ki, Həzrət Rəhimə xanım və onun ailə üzvlərinin qəbirləri üzərində tikilmiş məscid binası əsrlər boyu qum altında qalmış, yalnız 1950-ci ildə tapılaraq qum altından çıxarılmışdır. Araşdırmalarımız zamanı məlum oldu ki, bu məscidin tapılması çox maraqlı bir hadisə nəticəsində baş vermişdir. Belə ki, Nardaran kənd sakini Yunis kişi bir gecə yuxusunda görür ki, İmam Museyi Kazım əleyhissəlamın qızı Həzrət Rəhimə xanım bu yeri ona göstərib deyir ki, qalmışam qumun altında, gəl məni xilas elə. Səhər açılanda Yunis kişi bir neçə ağsaqqalla bu yerə gəlir. Baxıb görürlər ki, göstərilən yerdə balaca bir çökəklik var. Sanki qum altda harasa axıb gedir. Camaat toplaşıb həmin yerdən qumu daşıyıb, dənizə tərəf tökürlər. Bir qədər qazdıqdan sonra məscid binasını tapırlar və içəridəki qumu boşaltdıqda, xanım həzrətlərinin qəbrini aşkar edirlər.

1994-cü ildə Nardaran əhalisindən toplanmış vəsait hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa edilib. Məscidin tikintisində iştirak edən yaşlı sakinlərdən biri həmin günləri belə xatırlayır:
- 14 avqust 1994-cü il tarixindən Nardaran camaatının köməkliyi ilə burada tikintiyə başladıq. Tikintidə demək olar ki, bütün kənd sakinləri iştirak edirdi. Kimisi bellə qumu vedrələrə yığır, kimisi dolu vedrələri kənara daşıyırdı ki, qədimdə tikilmiş türbənin ətrafı qumdan təmizlənsin. Camaatın belə qızğın işlədiyi vaxt birdən gözüm kənarda oturub ağlayan cavan bir oğlana sataşdı. Bu oğlan bizim kənddən idi. Qarabağ müharibəsində yanında mina partlayıb, partlayışın təsirindən ayaqları tutulub. Yaxınlaşdım oğlana, dedim niyə ağlayırsan? Dedi ki, mən də qum daşımaq istəyirəm, heyif ayağım işləmir. Dedim ki, camaat dağılıb gedəndən sonra sən yatarsan burada, inşallah xanım şəfaətçi olar, sabah sən də qum daşıyarsan. Axşam biz getdik evə, oğlan qaldı ziyarətgahda. Səhər tezdən qayıdıb gələndə gördüyüm mənzərədən heyrətə gəldim: Dünən ağlayan oğlan əlində vedrə qum daşıyırdı. Məni görüb sevinə-sevinə yüyürdü üstümə, dedi: “Dayı, sağ ol ki, mənə düzgün məsləhət verdin”. Dedim danış görüm, necə oldu bu? Dedi: “Yatmışdım burada, gecə yuxuda gördüm hicablı bir xanım gəldi, mənə dedi ki, sənə kömək edəcəm, sən də sabah qum daşıyarsan. Bu vaxt yuxudan ayıldım, gördüm ayağım normal işləyir. Daha yatmadım, beli, vedrəni götürdüm gecədən başladım qum daşımağa”.


Bakı şəhər sakini, Təhsil Nazirliyinin əməkdaşı Rəhimova İlhamə Rafiq qızı Nardaran piri ilə bağlı xatirələrini bizimlə bölüşür:

- 2000-ci il idi, London universitetinə qəbul olunmaq üçün sənəd vermişdim. Azərbaycana ayrılmış üç yerə 500 nəfərə yaxın adam sənəd vermişdi. Ona görə də qəbul olunma ehtimalım çox az idi. Gecə-gündüz oxuyur və Allaha yalvarırdım ki, əziyyətim itməsin, qəbul ola bilim. İmtahana bir neçə gün qalmış bacım Turac (o da sənəd vermişdi) dedi: “Yuxuda gördüm ki, hardasa tanımadığımız bir pirə getmişik, növbə ilə qədim tağlı qapıdan əyilib içəri keçirik. İçəridə üç nəfər nurani qadınlar əyləşiblər – İslami geyimdə. Onlar münsiflər heyəti kimi gələnləri sorğu-sual edirdilər. Birinci İlhamə girdi. Bu nurani, ağ libaslı xanımlar bir neçə söz soruşduqdan sonra İlhamənin kürəyinə əlləriylə yavaşca vurub ”Sən keçdin” dedilər.” Turac özü onlara yaxınlaşanda: “Sən hələ gözlə” deyiblər.
-İmtahandan sonra bir neçə mərhələdə müsabiqələr oldu – deyə, İlhamə xanım söhbətini davam etdirir: - Hər mərhələdə uğur qazansam da, növbəti mərhələnin həyəcanı məni boğurdu. Bu ərəfədə qəribə bir yuxu gördüm: Gördüm ki, tanımadığım bir ziyarətgahın həyətinə daxil oluram. Giriş darvazasından girəndə sağ tərəfdə havada üç nəfər qadın dayanıb, bu qadınlar ağ rəngdə gözəl bir İslami libas geyiblər, sifətləri də çox nurludurlar. Bu anda beynimə bir informasiya sızdı ki, bu xanımlar üç bacıdırlar, müqəddəsdirlər. Pirin darvazasından əyilib həyətə keçəndə bu xanımlar əlləri ilə mənə aşağıdakı günbəzi göstərdilər. Günbəzə tərəf irəliləyəndə sağ tərəfdə bir su quyusu gördüm. Quyunun yanına gəlib maraqla tamaşa etdim. İçərisi şəffaf su ilə dolu idi. Suya bir qədər baxdıqdan sonra günbəzə doğru getdim... Səhər yuxudan oyanıb müsabiqəyə getdim və qəbul olan üç nəfərdən biri mən oldum.
Sonralar yuxuda gördüyüm o piri çox axtardım. Bir gün bacım Turacla birlikdə Nardaran pirinə - Həzrət Rəhimə xanımın ziyarətinə getdik. Birinci dəfə idi ki, bu pirə gedirdik. Darvazadan həyətə girən kimi tanıdım ki, yuxuda gördüyüm ziyarətgah buradır. Su quyusu da sağ tərəfdə həmin yuxuda gördüyüm yerdə idi. Günbəzə daxil olanda Turac dedi ki, mənim də yuxuda gördüyüm günbəz buradır. Sonra öyrəndik ki, burada dəfn olunan Həzrət Rəhimə xanım Həzrət Musa Kazım əleyhissəlamın qızıdır və üç bacıdırlar. Onu da deyim ki, bacım Turac sənəd verdiyi universitetə həmin il qəbul ola bilmədi, növbəti il qəbul oldu.


Şəbnəm Xeyrulla – tanınmış telejurnalist:

-Aylardır qardaşım baş ağrısından əziyyət çəkir. Neçə həkimə gedib, nə qədər yerdə müayinələrdən keçib. Hər nevroloq bir diaqnoz qoyub, neçə dərman yazıb. Heç birinin də təsiri olmurdu. Gündə azı 8-10 ağrıkəsici dərman içdiyi üçün artıq ağrıkəsicilərin də mənası yox idi. Özünə sağalmaz xəstəlik diaqnozu qoyub, gündə ölümdən danışırdı.

Bu gecə birdən ağrı ilə yuxudan oyanıb, səsinə ayılan nənəmə gördüyü yuxunu danışıb. Yuxuda özünü Nardaran pirinin qarşısında görüb. Pirdən çıxan bir kişi onun qolundan tutub, ən içdəki otağa aparır və ağzını açmağını tələb edir. Sonra da əlindəki kəlbətinlə dişlərini çıxarmağa başlayır. Qardaşım ona etiraz edəndə deyir ki, sənin dərdin dişlərindədir, çıxarmaq lazımdır.

Nənəm yuxunu eşidəndə pis olub. Axı inanclarda diş çıxarmaq yaxın bir adamın ölümü kimi yozulur.
Qardaşım isə yuxunun təsiri ilə bu gün stomatoloqa gedib. Müayinədən sonra məlum olub ki, ağıl dişi çıxa bilmədiyi üçün çirk edib və bu da birbaşa sinirlərlə əlaqəli imiş. Neçə vaxtdır başında yaranan ağrıların səbəbi də elə həmin çıxa bilməyən ağıl dişi olub. Həkim dişini çıxarıb, çirki təmizləyəndən sonra bütün ağrılar da çəkilib.

İndi ağrısız olduğu üçün deyib-gülür, sevinir.

Bu gün mən də Nardaran pirinə çəkilişə gəlmişəm. İstər-istəməz bu yerin qeyri-adi enerjiyə malik olduğunu etiraf etməliyəm. Allaha çox şükür! Bütün xəstələr tezliklə şəfaya çatsınlar.

İlhamə Dağlı – Bakı şəhər sakini:

-Məndə belə bir hal yaranmışdı ki, bütün günü başım hərlənirdi, az qalırdım yıxılam. Daim dərman içirdim, təzyiqimi ölçdürürdüm, həkimə gedirdim heç bir təsiri olmurdu. Bir gün məndə yenə də o hal baş verdi. Atam təzəcə rəhmətə getmişdi. Anam da ağladı ki, bu qızın dərdi məni öldürəcək. Mən bir az limonlu şərbət içib uzandım, ancaq yatmadım, yarıoyaq olduğum halda gözümün qarşısına Nardaran piri gəldi və başı hicablı, qara geyimli bir qadın mənə dedi: “Səndə heç bir qorxulu xəstəlik yoxdur, sənin şəfan burdadır, gəl bura şəfa taparsan. İndi qalx ayağa, uzanma, get anana de ki, fikir eləməsin”. Mən ayağa qalxıb anama dedim, bibim də bizdə idi. Anam o saat o pirə nəzir dedi. Atamın qırxından sonra Nardarana getdik və Rəhimə xanımın məzarını ziyarət elədim. O gündən bu günədək məndə baş ağrısı, baş gicəllənmə olmayıb.

Aygün Həsənoğlu – yazıçı:

-Qəbələdə yaşayırdım. Dindar deyildim, hərdən bildiyim bir neçə duanı oxuyardım. Amma dini ibadətləri yerinə yetirmirdim. Ailəmizdə də namaz qılan, dini gözəl bilən adam olmayıb. İmamlar haqqında məlumatım da yox idi. Bir dəfə yuxuda bir məzarın önündə durduğumu gördüm. Məzar daşının üzərində ərəbcə yazılar vardı. Kimsə mənə: “Bu, İmam Rzanın məzarıdır” - dedi. Bundan sonra imamaların kim olduğu ilə maraqlandım, İmam Rzanın 12 imamdan biri olduğunu və böyük din xadimi olduğunu öyrəndim. Uzun müddət keçdi. Yuxularımda hərdən tanımadığm ziyarətgahları görürdüm.
Nardaran piri haqqında heç bir məlumatım yox idi. Heç Nardaran adlı yer olduğunu da bilmirdim. Bir dəfə yuxuda özümü bir məscidin önündə olduğumu gördüm. Müxtəlif adamlar həyətə daxl olur, məscidə girirdilər. Məscidin önündə bir çeşmə vardı, mən də həmin çeşmənin önündə durmuşdum. Üzünü görmədiyim bir nəfər mənə dedi: “Bura Nardarandır. Bu sudan iç, niyyət et”.
Sudan içdim, amma yadımda deyil, niyyət etdim, ya yox. Bir müddət keçəndən sonra bu yuxunu rəfiqəmə danışdım. O, həyəcanla dedi: “Nardaran Bakının kəndidir, orada çox böyük bir ziyarətgah var, yuxuna giribsə, demək səni çağırır. Mütləq ziyarətə getməlisən”.
Nardaranı tanımadığımı bildirəndə rəfiqəm məni oraya aparacağına söz verdi. Sonradan Bakıya köçdüm və həmin rəfiqəm Bakıya gələndə məni Nardarandakı ziyarətgaha apardı. Ziyarətgaha daxil olanda heyrətləndim, məscid də, önündəki çeşmə də eynilə yuxuda gördüyüm kimi idi. Burada dəfn olunmuş xanımın İmam Rzanın ailəsindən olduğunu biləndə daha da heyrət-ləndim. Bundan sonra imkan olduqca ən azı ildə bir dəfə Nardaran ziyarətgahına gedir, dua oxu-yuram. Görünür, həqiqətən də ziyarətgahlar bi-zim bilmədiyimiz bir enerji sahəsinə malikdirlər. Ona görə yüz illərlə insanların üz tutduğu məkanlara çevrilmişlər.

Adım Rəhimədir, sənə şəfa verməyə gəlmişəm

Xudiyeva Raifə Vaqif qızı – Sumqayıt şəhər 21 saylı məktəbin ədəbiyyat müəlliməsi:

-Öd kisəmdəki daşdan əziyyət çəkirdim. Çox müalicələr alsam da, cərrahiyyə əməliyyatı keçirsəm də nəticə vermirdi. On ildən artıq idi ki, yataqda xəstə yatırdım. Bir dəfə həkim gəlib məni müayinə edəndən sonra onun yan otaqda uşaqlarla danışığını eşitdim: “Daha biz bacardığımızı etdik, bundan sonra əlimizdən bir şey gəlmir. Ancaq Allah sağalda bilər”. Bu söhbəti eşidəndən sonra çox narahat oldum. Bir gün damarıma sistem qoşulduğu halda yuxuya getdim. Yuxuda gördüm qarapaltarlı bir qadın gəldi yanıma. Soruşdum: “Kimsən?” Dedi: “Adım Rəhimədir, biz dörd bacıyıq. Sənə şəfa verməyə gəlmişəm. Üzünə üç dəfə üfürəcəm, sağalacaqsan”.

Mənə gülmək gəldi ki, 10 ildir həkimlər mənə cürbəcür müalicələr edirlər, əməliyyat edirlər, sağalmıram, indi sənin üfürməyinləmi sağalacağam? Dedi sağalacaqsan və üzümə üç dəfə üfürdü. Bu vaxt yuxudan ayıldım. Əhvalımda yaxşılıq hiss etdim. Həmin gündən yataqdan qalxdım və özümdə heç bir xəstəlik hiss etmədim. Amma yuxuma gələn qadının kim olduğunu bilmirdim. Çox soraqlaşandan sonra dedilər Nardaranda dəfn olunan İmam Museyi Kazımın qızı Rəhimə xanımdır. Gəldim onun özünün və bacılarının məzarlarını Ziyarət etdim. Allah bu müqəddəs xanımların xatirinə bütün xəstələrə şəfa versin!

Nəzərova Amalya Ramazan qızı – Hacıqabul şəhər 5 saylı orta məktəbin İngilis dili müəlliməsi:
-Həyatımda çox sıxıntılar, çətinliklər yaşayırdım. Hər gün dua edib Allahdan kömək diləyirdim. Bir gün maraqlı bir yuxu gördüm: Gördüm bir səhrada gedirəm, bir qadin yolda dayanib, o qadın məni görən kimi səhrada anında əlimdən tutdu, əzizlədi və evinin yolunu mənə göstərdi.

Səhrada daha iki keçəl kişiləri də gördüm. Onları diri-diri torpağa gömmüşdülər, tək başları qalmışdı çöldə. Biri-birinin bənzəri olan bu kişilər məndən imdad diləyir və inildəyirdilər. Mən onlara baxdım ürəyim aqrıdı. Sonra o nurlu qadın dayandıgı yerdən əlini qabağa uzatdı ki, ged ora. Mən uzun duz yol gedib, bir hündür evə rast gəldim, qalxdım ora, başı hicablı qadınlar hamısı yerə sərilmiş süfrədə yemək yeyirdilər. Mənə dedilər ki, bura Rəhimə xanımın evidir. O, özü orada ağappaq paltarda və ağ şalda üzü bağlı oturmuşdu. Mən orada cox rahat və sevindirici oturmuşdum. Məni yuxarı evə çəkdilər və yemək verdilər.
Yuxudan ayılandan sonar özümü çox rahat hiss etdim. Sıxıntıllarım da yavaş-yavaş keçməyə başladı. Amma, Rəhimə xanımın kim olduğunu bilmirdim. Son günlər mağazadan “Xanım övliyalar” kitabını aldım. Orada Rəhimə xanımın həyatından bəhs edən fəsli oxuyanda başa düşdüm ki, yuxuda gördüyüm xanım budur.