BolgeXeber.Com » Xəbərlər » “Azərdövlətlayihə” DBL İnstitutunda süründürməçilik

“Azərdövlətlayihə” DBL İnstitutunda süründürməçilik

13-08-2016, 16:32
Oxunub: 2 491 “Azərdövlətlayihə” DBL İnstitutunda süründürməçilikTexniki sənədlərin hazırlanmasında institutun direktoru Müsədin Namazov tərəfindən bir sıra ciddi nöqsanlara yol verilir

Məlum olduğu kimi, son illər ölkəmizdə digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir şəraitdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli, 1339 nömrəli Sərəncamı ilə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları yeni yaradılmış mərkəzi icra hakimiyyəti orqanı - Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Həmin funksiyaların yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin strukturunda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılmışdır. Bu tədbir insanların həyat fəaliyyətinin əsas tərkib hissələrindən biri olan bina və qurğuların konstruktiv dayanıqlıq baxımından təhlükəsizliyinin təmin olunması kimi vacib vəzifənin daha effektiv şəkildə icrası üçün həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2006-cı il tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”yə əsasən, Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Üzərinə düşən vəzifələrin effektiv icrası üçün, Ağentliyin tərkibində bir çox digər strukturlarla yanaşı beş layihə institutu da fəaliyyət göstərir. Bunlar S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutu, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutlarıdır.

Qeyd etmək istəyirik ki, bu günlərdə redaksiyamıza daxil olmuş məlumatlarda elmi-tədqiqat və istehsalat müəssisələrindən birinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun fəaliyyətinə dair ciddi narazılıqlar öz əksini tapmışdır. Daha dəqiq desək, aldığımız açıqlamalarda institutun direktoru Müsədin Namazov tərəfindən öz işində bir sıra ciddi nöqsanlara yol verildiyi iddia olunur. Bildirilir ki, instituta normativ-texniki və digər sənədlərin hazırlanması üçün müraciət edən vətəndaşlar burada vəzifə səlahiyyətlərindən sui-istifadə, süründürməçilik və digər neqativ hallarla rastlaşmalı olurlar. Xatırladaq ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu bina və qurğuların layihələndirilməsini həyata keçirən, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı prinsipi ilə fəaliyyət göstərən qurumudur. Bu isə o deməkdir ki, ölkə ərazisində inşa olunan əksər bina və tikililərin sənədləşdirilməsində məhz bu institutun verəcəyi rəy və texniki sənədlər əsas rol oynayır. Mənbələrin iddiasına görə, instituta verilən sorğulara əsasən texniki sənədlərin hazırlanması əksər hallarda heç də standart meyarlar əsasında həyata keçirilmir. Aldığımız açıqlamalarda vurğulanır ki, müəyyən qeyri-qanuni ödənişlər həyata keçirməklə institutdan texniki tələblərə cavab verməyən tikili və qurğular üçün istənilən sənədi almaq mümkündür. Digər tərəfdən isə, qanuni əsaslarla, yəni heç bir əlavə ödəniş etmədən texniki sənəd almaq istəyən fiziki və hüquqi şəxslər burada böyük problemlərlə rastlaşırlar. Bütün bu hallar isə, ilk növbədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin effektivliyini azaldan məqamlar kimi çıxış edirlər...

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.