BolgeXeber.Com » Xəbərlər » Mürgüləyən satıcıları ilə baş-başa qalan “Şərq bazarı” - FOTOLAR

Mürgüləyən satıcıları ilə baş-başa qalan “Şərq bazarı” - FOTOLAR

16-08-2016, 15:04
Oxunub: 2 506  Mürgüləyən satıcıları ilə baş-başa qalan “Şərq bazarı” - FOTOLARQiymətlər çox aşağı olsa da, buraya heç ərəblər də gəlmirlər

Manatın devalvasiyasından sonra ölkədə pərakəndə satış obyektlərində, nisbətən aşağı təbəqənin alış-veriş etdikləri bazarlarda durğunluq yaşanır. Həmin bazarlar sırasında xüsusilə Nərimanov rayonu ərazisində yerləşən "Şərq bazarı"nın adını çəkmək olar. Hansı ki, deyilənə görə, bura, ümumiyyətlə, hər zaman müştəri sarıdan korluq yaşayıb...

Bazarda, demək olar ki, müştəriyə rast gəlmək mümkün deyil. Elə satıcıların əksəriyyəti ilə söhbətimiz zamanı onlar da bunu təsdiqlədilər ki, son zamanlar müştəri baxımdan xeyli çətinlik çəkirlər.

Bolgexeber.com bildirir ki, satıcı Ayaz musavat-a söylədi ki, ümumiyyətlə, bazarda 5 ildən çoxdur ki, müştəri qıtlığı yaşanır: "Demək olmaz ki, manatın ucuzlaşmasından sonra müştərilərimizi itirdik. Xeyr, elə burada beş ildən çoxdur ki, müştəri qıtlığı yaşanır. Sadəcə olaraq, manat ucuzlaşdıqdan sonra bizimlə bərabər bir çox bazarlarda da alış-veriş zəiflədi. O baxımdan yanaşanda bizə ikiqat zərər dəydi. İndi də gördüyünüz kimi, bazarın ərazisi kifayət qədər böyük olsa da müştəri yoxdur. Bir müştəri çıxanda ona da malımızı sanki maya dəyərinə veririk ki, heç olmasa nə isə qazana bilək".

Bazarda kişi satıcılarının bir çoxunun qəzet oxuduqlarını, çay içdiklərini, qadınların isə əksəriyyətinin digər satıcı yoldaşları ilə söhbət etdiklərini və ya mürgülədiklərini müşahidə etdik. Bir saata yaxın piştaxtaların arası ilə gəzib, satıcılarla söhbət etsək də, müştəriyə rast gəlmədik.

Lakin bəzi satıcılar bildirdilər ki, vəziyyəti heç də acınacaqlı kimi xarakterizə etmək doğru deyil. Adını söyləməyən ahıl yaşlı satıcı bildirdi ki, əgər buradan xeyir götürməsələr, heç kim 100-200 manat icarə haqqı ödəyib, istinin günündə bazarda oturmaz: "Demək ki, gəlir götürürlər deyə, heç yerə getmirlər. Az da olsa şükür ki, müştərilərimiz var. Başqa yer olsun, gedək işləyək. Buranı bağlasaq, nə edəcəyik ki? Müştəri yoxdur, icarə haqqı da aşağıdır da. Bunu da qeyd etmək lazımdır. Başqa yerlərdə camaat 1000-1500 manat icarə haqqı ödəyir. Burada isə 100-300 manata mağaza götürüb işlədirlər. Əgər ölkədə hər hansı bir zavod, fabrik və digər bu kimi işləməyə yer olsa, mən məmnuniyyətlə bu istidə oturmaqdansa, gedib orada işləyərəm".

İstidən söz düşmüşkən, bazarda ventilyasiya sistemi də bərbaddır. Bazarın günbəzlər formasında olan tavanında bir neçə ventilyator görmək olur. Ancaq onlar da çox zəif işləyir. Bir sözlə, elə satıcının söylədiyi kimi, alıcı istinin əlindən heç mala da baxmaq istəmir.

Satıcılardan götürdükləri yerin icarə haqqı barəsində də məlumat aldıq. Öyrəndik ki, burada icarə haqqı həqiqətən də yüksək deyil. Yerin ölçüsünə görə icarə haqqı müxtəlifdir. Misal üçün, bir piştaxta götürüb üzərində corab və digər bu kimi geyim əşyaları satmaq üçün ayına 100 manat icarə haqqı ödəməlisən. Mağazaların isə qiymətləri ərazisinə görə 200-300 manat arasında dəyişir.

İcarə haqqı kimi bazardakı geyimlərin də qiyməti digər yerlərlə müqayisədə ucuzdur. Daha doğrusu, satıcılar əsasən ucuz mal gətirməyə üstünlük verirlər. Bunun səbəbini belə izah etdilər ki, baha olanda malları əllərində qalır. Misal üçün, kostyum mağazalarının birində ən bahalı kostyumun 110 manat olduğunu öyrəndik. Eləcə də digər geyimlərdə ən böyük qiymətin söylədiyimiz rəqəm ətrafında və ondan daha aşağı olduğunu müşahidə etdik.
Lakin qiymətin ucuz olmasına baxmayaraq, satıcılar bildirdilər ki, bura heç bir xarici turist, xüsusən də son zamanlar Bakıya üz tutan ərəblər də gəlmirlər. Satıcı Kamil kişi bildirdi: "Demək olmaz ki, hər yerdə vəziyyət bu cürdür. Xeyr, heç də belə deyil. Fikir verin, harada qiymətlər bahadırsa, orada müştəri də çoxdur. Bizdə qiymətlər aşağıdır, ancaq alıcı yoxdur. Şəhərin mərkəzi küçələrində alış-veriş 2 il əvvəl necə gur idisə, indi də elədir".

Bazarın içərisində havasızlıq olması ilə bərabər, çöldən görünüşü də ürəkaçan deyil. Bir çox mağazaların şüşələri qırılıb, onun yerinə sellofan çəkilib. Satıcılar da bildirdilər ki, bəlkə də, bazar abadlaşdırılarsa, xarici görünüşü, içərisindəki şərait dəyişərsə, müştərilərin də sayı artar. Binanın vəziyyətinə gəlincə isə satıcılar bildirirlər ki, binanı qəzalı vəziyyətdə saymaq olmaz. Köhnə tikili olsa da divarlarda heç bir çat və ya digər bu kimi uçuqlar yoxdur. Lakin ümumi ab-hava köhnədir.
 Mürgüləyən satıcıları ilə baş-başa qalan “Şərq bazarı” - FOTOLAR
 Mürgüləyən satıcıları ilə baş-başa qalan “Şərq bazarı” - FOTOLAR
 Mürgüləyən satıcıları ilə baş-başa qalan “Şərq bazarı” - FOTOLAR
 Mürgüləyən satıcıları ilə baş-başa qalan “Şərq bazarı” - FOTOLAR