BolgeXeber.Com » Xəbərlər » Deputatdan təhqir və böhtana görə 685 min tələb olunur

Deputatdan təhqir və böhtana görə 685 min tələb olunur

20-08-2016, 10:30
Oxunub: 2 061 Deputatdan təhqir və böhtana görə 685 min tələb olunur«Elmira Axundovanın nəyinə lazımdır ki, kim evlənir, kim evlənmir? Bu məsələnin ona nə aidiyyəti var axı?!»

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov tərəfindən aldadıldığını deyən və bununla əlaqədar dövlət başçısından tutmuş, Milli Məclisin sədri, Baş prokurora qədər müxtəlif orqanlara şikayət məktubları göndərən Fərman Məmmədov deputata qarşı 685 min manatlıq məhkəmə iddiası qaldırıb. Elmira Axundovanın “qafqazinfo” saytında yayımlanan müraciətində onun şərəf və ləyaqətini təhqir etdiyini, ona böhtan atdığını deyən Fərman Məmmədovun iddiası dünən Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda hakim Bəylər Ələkbərova təqdim olunub.

Fərman Məmmədovun nümayəndəsi Tahir Əlirzayev iddianı əsaslandırarkən bildirib ki, Elmira Axundova sözügedən müraciəti təhqir və böhtan xarakterlidir. Onun sözlərinə görə, deputat Fərman Məmmədovun şəxsi həyatına müdaxilə edib, onun şəxsi əmlakını icarəyə verməklə dolanmasından tutmuş, ailə qurmamasına qədər məsələyə heç bir aidiyyəti olmayan məqamlara toxunub: “Bu adam kirayə pulu ilə dolanır, yaxşı eləyir. Neyləməlidir, başqaları kimi ona-buna ”atıb” dolanmalıdı? Yaxud Elmira Axundovanın nəyinə lazımdır ki, kim evlənir, kim evlənmir? Bu məsələnin ona nə aidiyyəti var axı?!”


T.Əlirzayev deyir ki, həmin yazıda Elmira Axundova ondan və oğlundan şikayətçi olan digərlərini “Fərman Məmmədovun əlaltıları” adlandırıb, Fərman Məmmədovun özünü isə “dəstənin başçısı” kimi təqdim edib. Həmçinin ondan və oğlundan şikayət etməsini “mənəvi terrorçuluq”, “reketlik” kimi qiymətləndirib. Bundan başqa, deputat iddia edib ki, Fərman Məmmədov ona və oğluna qarşı şikayətlərini mətbuatda rüşvət verməklə dərc etdirib.

“Elmira Axundova gəlsin, Fərman Məmmədovu ittiham etdiyi reketlik, rüşvət vermə və digər əməlləri burada sübut eləsin”, – deyə T.Əlirzayev qeyd edib.

Çıxışın sonunda məlum olub ki, Fərman Məmmədov deputatın həmin müraciətə görə elə “qafqazinfo” saytında təkzib verməsini, üzr istəməsini, 685 min manat təzminat ödəməsini istəyir. Iddiaçının başqa bir xahişi odur ki, məhkəmə deputatın barəsində böhtan və təhqirə görə xüsusi qərar çıxarıb prokurorluğa göndərsin.

Məhkəmə iclasında Elmira Axundovanın nümayəndəsi Rövşən Yusifov da iştirak edib. O bildirib ki, həmin yazıda şərəf və ləyaqətin təhqir olunmasından söhbət gedə bilməz. Bununla belə, o, iddianın icraata qəbul edilməsinə etiraz etməyib. Bildirib ki, bu məsələni məhkəmənin öhdəsinə buraxır.

Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bu məsələni məhkəmənin ixtiyarına verib.

Hakim Bəylər Ələkbərov iddianın icraata qəbul edilməsinə qərar verib. Iş üzrə növbəti məhkəmə iclası sentyabrın 6-na təyin olunub.

Qeyd edək ki, bu, qarşılıqlı iddia ərizəsidir. Çünki bundan əvvəl Elmira Axundova Fərman Məmmədovu, eləcə də ondan və oğlundan şikayətçi olan Elvin Vəliyev, Ziya Vəliyev, Sabir Hacıyev və Şahin Məhərrəmovu məhkəməyə verib. Adları çəkilən şəxslərdən 100 min təzminat tələb edən deputat iddia ərizəsində göstərib ki, onlar prezidentə, parlament sədrinə, mediaya və s. yazdıqları məktublarda onun şərəf və ləyaqətini alçaldıblar, ona böhtan atıblar. Deputat onlardan təzminatla yanaşı, həm də prezidentə, Milli Məclis sədrinə təkzib məktubu yazmağı, üzr istəməyi tələb edir. Elmira Axundovanın daha bir tələbi odur ki, məhkəmə onların üzərinə gizli səs yazılarının, fotoşəkillərin ləğvi və istifadəsinin qadağan edilməsi barədə öhdəlik qoysun. Amma gizli səs yazılarında nədən bəhs olunduğunu açıqlamır.