BolgeXeber.Com » Xəbərlər » Gəncə səhiyyəsinin Rasim Hüseynov problemi

Gəncə səhiyyəsinin Rasim Hüseynov problemi

20-08-2016, 10:35
Oxunub: 2 949 Gəncə səhiyyəsinin Rasim Hüseynov problemi3 saylı poliklinikanın baş həkimi şəhər Səhiyyə İdarəsinin müdiri postuna iddiasından əl çəkmir

Artıq uzun müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına daxil olan məlumatlarda Gəncə şəhər səhiyyə sistemində bir çox problemlərin yaşandığı vurğulanır. Məlum olduğu kimi, Gəncə şəhər Səhiyyə İdarəsinə rəhbərlik keçən ilin axırlarından tibb elmləri doktoru Əlikram Məmmədov tərəfindən həyata keçirilir. İdarənin tabeliyində isə 30-dan artıq tibb müəssisəsi fəaliyyət göstərir. Lakin bu müəssisələrdən bəzilərinin fəaliyyəti əksər yerli sakinlər tərəfindən tamamilə qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Bu xüsusda bizimdovr.az-a bu gün də daxil olmaqda davam edən məlumatlarda bildirilir ki, hazırda Gəncə şəhərində yarıtmaz fəaliyyəti ilə xəstələrin narazılıqlarına, yerli ictimaiyyətin isə ciddi narahatlığına səbəb olan tibb müəssisələrinin sırasında ilk yerlərdən birini, bəlkə də birincisini məhz Rasim Hüseynovun baş həkim olduğu 3 saylı poliklinika tutur. Məhz bu tibb müəssisəsində mütəmadi olaraq müşahidə olunan çeşidli korrupsiya halları, müxtəlif qanun pozuntuları barədə açıqlamalara da aldığımız məlumatlarda daha çox rast gəlirik. Məlumatları təqdim edən mənbə bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. Qeyd olunur ki, xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 3 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Açıqlamada idia olunur ki, bu tib müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib. Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar.

Maraqlıdır ki, bütün bu qanun pozuntuları və özbaşınalıqların müqabilində Rasim Hüseynovun fəaliyyəti indiyədək nə Gəncə şəhəri Səhiyyə İdarəsinin, hə də Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən tam ciddiliyi ilə təftiş olunmayıb. Bu xüsusda açıqlama verən mənbələr isə iddia edirlər ki, mövcud durumda yuxarı instansiya rəhbərlərinin Rasim Hüseynova qarşı deyil, əksinə baş həkimin rəhbərliyə qarşı müəyyən iradlar irəli sürdüyü müşahidə olunmaqdadır. Belə ki, Rasim Hüseynovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin kadrı olduğu bu bölgədə hər kəsə məlumdur. Əlbəttə, bu faktın özü-özlüyündə baş həkimə öz himayədarının “üzünə ağ olmağa” heç bir əsas vermir. Lakin məsələ bundadır ki, son vaxtlar, Rasim Hüseynov Yevlaxdan Gəncəyə “transfer” olunan zaman guya ki, ona şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsinin vəd olunduğu barədə iddialar səsləndirməkdədir. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, Rasim Hüseynov bundan əvvəl Yevlax Əlillərin Bərpa Mərkəzində baş həkim vəzifəsində çalışırdı. Lakin Gəncəyə icra başçısı təyin olunan Elmar Vəliyev, bu şəhərə gələrkən özü ilə birgə R.Hüseynovu da bura gətirərək, onun hazırda tutduğu vəzifəyə təyinatına nail olmuşdur. Bəzi mənbələr bu yeni təyinatın baş həkimin heç də ürəyincə olmadığını vurğulayırlar. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda deyilir: “Rasim həkim başçıdan çox narazılıq edir. Deyir ki, guya onu Gəncəyə gətirəndə, Elmar müəllim ona Səhiyyə İdarəsinin müdiri vəzifəsini vəd edib. Hətta bu barədə aralarında “razılıq” da əldə olunub. Amma həmin yer boşalanda Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsinə Əlikram Məmmədov təyinat alıb. Bu da Rasim Hüseynovun narazılığına səbəb olub...”

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.