BolgeXeber.Com » Xəbərlər » Mingəçevir Turizm Kollecində “kadr islahatları”

Mingəçevir Turizm Kollecində “kadr islahatları”

20-08-2016, 10:33
Oxunub: 2 778 Mingəçevir Turizm Kollecində “kadr islahatları”Bu islahatlar kollecin direktoru Əyyub Əyyubovun özünə yeni “pulyığan” təyin etməsilə nəticələnib

Qəzetimizin ötən saylarında Mingəçevir Turizm Kollecində yer almış çoxsaylı qanun pozuntularından bəhs edən bir neçə tənqidi material dərc olunub. Məlum olduğu kimi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış bu təhsil müəssisəsinə ilk gündən İqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik edir. Hazırda Mingəçevir Turizm Kollecində on ixtisas üzrə 2000-ə yaxın tələbə təhsil alır və onların tədrisi ilə 160 nəfərdən çox professor-müəllim heyəti məşğul olur.

Etiraf etmək lazımdır ki, bu gün dünyada, xüsusilə də Türkiyə, Suriya kimi ölkələri əhatə edən Yaxın Şərq regionunda cərəyan edən məlum hadisələr, dolayısı ilə Azərbaycanda turizmin inkişafını sürətləndirən amil kimi çıxış etmiş oldu. Digər tərəfdən isə, hətta bu amil nəzərə alınmadan belə, ölkəmizdə beynəlxalq turizmin inkişafı daim dövlətin diqqət mərkəzində saxladığı əsas sahələrdən biridir.

Bütün bunlar nəzərə alınmaqla, da turizm sahəsində çalışacaq ixtisaslı kadrların yetişdirilməsi məsələsi vacib əhəmiyyətə malikdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, həmin kadrları yetişdirməli olan bir çox tədris müəssisələri bu gün qarşıya qoyulan tələblərə heç də cavab vermirlər. O cümlədən, Mingəçevir Turizm Kollecində baş verənlər barədə redaksiyamıza təqdim olunan açıqlamalarda da bu iddia bir daha öz təsdiqini tapır. Aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, son illər ərzində kollecin fəaliyyətində daha çox geriləmələr müşahidə olunur. Biz artıq qeyd etmişdik ki, Əyyub Əyyubov kollecdə islahatlar adı altında rüşvətin mərkəzləşdirilmiş qaydada toplanması mexanizmini qurub və bu işi öz həyat yoldaşı Xanım Məmmədovaya tapşırıb. Daha dəqiq desək, kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür. Lakin bu “yeniliyin” tətbiqində Əyyub müəllimin məqsədi heç də imtahanları stimullaşdırmaq deyil, əksinə tədris prosesinə münasibətdə prinsipial mövqeyləri ilə seçilən ayrı-ayrı müəllimləri imtahan qəbulundan kənarlaşdırmaqdır. Müasir metodikaların ziddinə olaraq, kollecdə tədris olunan fənlərin sayını artırmaqla imtahan sualları getdikcə çətinləşdirilir və kəsiri yaranan tələbələrdən daha çox pul yığılır.

Lakin son əldə etdiyimiz məlumatlarda Əyyub Əyyubovun kollecdə bir müddət əvvəl həyata keçirdiyi “islahatlar”ı davam etdirdiyi bildirilir. Mənbə xəbər verir ki, bu islahatların növbəti mərhələsi kollesdə “pulyığan”ın dəyişdirilməsilə əlamətdar olub. Açıqlamaya görə bu “məsul” vəzifə indi də, Əyyub Əyyubovun bu yaxınlarda kollecə şöbə müdiri kimi işə götürdüyü Vəfa xanıma həvalə olunub. Bəziləri bu qərarı bir qədər anlaşılmaz hesab etsələr də, məlumatı bizə təqdim edən mənbə kollec direktorunun məcburi seçim qarşısında qaldığını vurğulayır. Lakin bu barədə növbəti saylarımızda daha ətraflı məlumatlar təqdim edəcəyik.

Hələlik isə belə bir məqamı qeyd etmək istərdik ki, mətbuata sızmış bəzi məlumatlara görə, artıq Əyyub Əyyubovun özünün də Təhsil Nazirliyi tərəfindən keçiriləcək müəyyən islahatların hədəfində olması ehtimalı ortaya çıxıb. Bəzi mənbələr tərəfindən təqdim olunan açıqlamalarda bildirilir ki, TN-nin tərkibində yaradılmış daxili nəzarət şöbəsi tərəfindən vətəndaşların müraciətləri əsasında konkret təhsil müəssisələrində araşdırma aparılaraq, müvafiq qərar veriləcək. Məlumata görə, rəhbərlik tərəfindən daxili nəzarət şöbəsinin qarşısına çox ciddi vəzifələr qoyulub. Söhbət həmçinin bəzi ali məktəb rektorlarının və kollec direktorlarının şəxsi işləri ilə bağlı aparılacaq araşdırmalardan gedir. Hətta mənbənin sözlərinə görə, artıq bir neçə ali məktəb və kollec rəhbərlərinin şəxsi işlərinin və ilk növbədə elmi fəaliyyətlərinin yoxlanılmasına dair müvafiq göstəriş də verilib. Əldə etdiyimiz məlumata görə, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun da adı həmin siyahıda yer alıb...

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.
bizimdovr.az