BolgeXeber.Com » Xəbərlər » Nurlana Əliyeva adına “Bakı Qocalar Evi”

Nurlana Əliyeva adına “Bakı Qocalar Evi”

20-08-2016, 12:24
Oxunub: 10 831 Nurlana Əliyeva adına “Bakı Qocalar Evi”Bakı Slavyan Universitetinin tələbələri bu ali təhsil müəssisəsini öz aralarında yeni rektorun şərəfinə məhz belə adlandırırlar

Məlum olduğu kimi, iyun ayının 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Elə həmin vaxt mətbuatda yayımlanan məlumatlarda da xüsusi olaraq qeyd olunmuşdu ki, Nurlana Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Lakin BSU-da hal-hazırda müşahidə olunan proseslər tam əminliklə bunu söyləməyə əsas verir ki, yeni rektor nəinki ölkə rəhbərliyinə verdiyi sözə əməl etmək niyyətində deyil, əksinə bir çox məqamlarda Nurlana xanım bir başa dövlər başçısının yürütdüyü siyasətin ziddinə addımlar atır. Məsələ bundadır ki, Nurlana Əliyevanın BSU-nun yeni rektoru postunda atdığı ilk addımlar bu ali təhsil müəssisəsində əsaslı kadr dəyişiklikləri həyata keçirməkdən ibarət olub. Həm də necə... Bu xüsusda redaksiyamıza açıqlama verən mənbə bildirir ki, Nurlana Əliyeva 1990-2016-cı illərdə direktoru olduğu Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyətinin böyük bir hissəsini özü ilə universitetə gətirib. Diqqətəlayiq haldır ki, özünün də artıq 70 yaşı olan Nurlana xanımın BSU-da işlə təmin etdiyi müəllimlərdən ən cavanının yaşı 65-ə yaxındır. Görəsən universitetdə “daxili nizam-intizamı möhkəmləndirmək” bəhanəsilə öz yaxın ətrafını işlə təmin edən yeni rektor bu addımlarının ölkə Prezidentinin yürütdüyü gənclər siyasətinə nə dərəcədə uyğun olub-olmaması barədə düşünübmü? Mənbə isə bildirir ki, BSU-nun tələbələri artıq təhsil aldıqları universiteti öz aralarında “N.Əliyeva adına Bakı Qocalar Evi” adlandırırlar. Bu arada isə, belə bir məqamı da qeyd etmək yerinə düşər ki, əldə etdiyimiz məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov özü, ilkin olaraq Nurlana Əliyevanın BSU-nun rektoru postuna təyinatına razı olmayıb. Lakin sonradan, bəzi nüfuzlu şəxslərin təkidli xahişləri naziri bu dəfə də öz fikrindən döndərə bilib. Xatırlayırsınızsa, hələ bir müddət bundan əvvəl Təhsil Nazirliyində Nurlana Əliyevanın təqaüdə çıxarılması (Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru postundan) ilə bağlı məsələyə də baxılmışdı. Ən azından, son 25 ili bu təhsil müəssisəsinə rəhbərlik edən kollec direktorunun yaşı buna tam əsas verir. Lakin bu məsələnin TN-də hətta bir deyil, iki dəfə müzakirə olunmasına baxmayaraq, hər dəfə müəyyən şəxslər müvafiq qərarın qəbul olunmasına müdaxilə edərək, bunun qarşısını almış və Nurlana Əliyevanın vəzifədə qalmasını təmin edə bilmişdilər. Ola bilsin ki, YAP-ın Qadınlar Şurasının sədri vəzifəsini daşıyan Nurlana Əliyevanın müəyyən dairələrdə hörməti və nüfuzu da TN rəhbərliyini bu xüsusda edilən xahişlərə həssaslıqla yanaşmağa sövq edir. Görünür, yeni təyinatla bağlı proseslər də oxşar ssenari üzrə cərəyan edib.

Digər tərəfdən isə, Nurlana Əliyevanın Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyəti ilə birgə, həmin kollecdə tətbiq etdiyi idarəçilik üsullarını da eynilə olduğu kimi Bakı Slavyan Universitetinə transfer edəcəyi ehtimalı da artıq özünü tam doğrultmaqdadır. Məlum olduğu kimi, Nurlana xanımın rəhbərliyi dövründə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alan tələbələrin bütün imtahanlara hazırlıq prosesi ilk növbədə tələb olunan vəsaitin hazırlanması ilə müşayiət olunub. Bu xüsusda redaksiyamıza dəfələrlə müraciət etmiş kollec tələbələri bildirirdilər ki, hər növbəti sessiyanı uğurla başa vurmaq üçün rəhbərlik tərəfindən müəyyən olunmuş məbləğ 400 ABŞ dolları civarındadır. Dərslərdə iştirak etməyən tələbələr üçün isə, bu məbləğ artıq 600 ABŞ dolları dəyərində müəyyənləşdirilmişdi. İndi isə, analoji pul yığımlarının, lakin daha böyük məbləğ və miqyaslarda BSU-da həyata keçiriləcəyi artıq heç kimdə şübhə doğurmur. Elə Nurlana Əliyevanın universitetə öz komandasını gətirməkdə də əsas məqsədi, bu prosesləri artıq “baş ağrısı” olmadan təmin etməkdir.

Və sonda bir məqama da xüsusi olaraq toxunmaq istəyirik. Əldə etdiyimiz məlumata görə, Nurlana Əliyeva yeni vəzifəsinin icrasına həm də Bakı Slavyan Universitetinin binasının təmiri ilə başlayıb. Mənbə bildirir ki, bu məqsədlə artıq külli-miqdarda vəsait də ayrılıb. Lakin anlamaq olmur ki, sonuncu dəfə təmir olunduğu vaxtdan hələ çox az bir müddət keçmiş binanı, həm də əslində heç bir ehtiyac olmadan yenidən təmir etdirməkdə Nurlana xanımın məqsədi nədir? Daha doğrusu məqsəd burada aydındır: maliyyə maxinasiyaları, silinmələr və mənimsəmələr... Anlaşılmayan isə budur ki, bütün bunlara niyə yol verilir?

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.
bizimdovr.az