BolgeXeber.Com » Xəbərlər » Abbas Vəlibəyovun himayəsi altında özbaşınalıq - İTTİHAM VAR

Abbas Vəlibəyovun himayəsi altında özbaşınalıq - İTTİHAM VAR

24-08-2016, 09:56
Oxunub: 2 781 Abbas Vəlibəyovun himayəsi altında özbaşınalıq - İTTİHAM VAR İş o yerə çatıb ki, artıq onlar baş həkimin əməllərindən kimə və hara şikayət edəcəklərini belə, bilmirlər

Bu gün paytaxtın gözdən iraq, aidiyyəti qurumların nəzarətindən bir qədər kənar qalan tibb müəssisələrindən biri də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi 69/71 ünvanında yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasıdır. Sözügedən tibb ocağının baş həkimi Ağahəsən Rəsulovun fəaliyyətinin, yaxınları bu xəstəxanada müalicə alan vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılandığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 1936-cı ildən fəaliyyət göstərən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hazırda ümimi durum heç də ürəkaçan deyil. Beləliklə, Ağahəsən Rəsulovun adıçəkilən tibb müəssisəsinə 2008-ci ildən rəhbərlik etdiyini qeyd edən mənbə bildirir ki, onun gəlişindən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasında mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub: «Deyilənlərə görə, xəstəxananın rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, müxtəlif qurumlar, təşkilatlar tərəfindən göndərilən yardımlar isə xəstələrə çatdırılmır. Nəzərinizə çatdırım ki, Ağahəsən Rəsulovun baş həkimi olduğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xəstələrə vaxtı-vaxtında yemək verilmir. Ümumiyyətlə, onun işinə qeyri-peşəkarcasına yanaşması səbəbindən adıçəkilən tibb müəssisəsində acınacaqlı vəziyyət hökm sürür. Bu xəstəxanada müalicə olunan xəstələrin yaxınları da təsdiqləyə bilərlər ki, baş həkimin səhlənkarlığı ucbatından psixi pozğunluğu olan xəstələrin səhhəti günü-gündən daha da ağırlaşır». Məlumatlı şəxs iddia edir ki, Ağahəsən Rəsulovun gəlişinə qədər 1 saylı Respublika Psixiatriya Xəstəxanasında vəziyyət, xəstələrin ümumi durumu, onlara göstərilən diqqət və qayğı indikindən daha yaxşı idi: «Deyilənlərə görə, Ağahəsən Rəsulova qədər xəstəxanada vəziyyət bugünkündən daha yaxşı idi və xəstələr normal şəkildə müalicə olunurdu. Lakin o, baş həkim təyin olunduqdan sonra vəziyyət mənfiyə doğru dəyişdi. Bildirilir ki, əvvəllər xəstələr nə dərmandan korluq çəkirdi, nə də ki yeməkdən. İndi isə psixi problemləri olan xəstələrin müalicəsi normal şəkildə həyata keçirilmir və heç kim də onların, yaxınlarının səsinə səs vermir, şikayətlərini lazımı qaydada araşdırmır. Deyilənlərə görə, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hökm sürən vəziyyətlə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciət olunsa da, hələ də mövcud olan problemlər aradan qaldırılmayıb». Bu arada, baş həkim Ağahəsən Rəsulovun xəstələrlə maraqlanmadığını, onların qeydinə qalmadığını bildirən mənbə qeyd edir ki, o, rəhbərlik etdiyi tibb müəssisəsinə çox az-az gəlir: «Nəzərinizə çatdırım ki, bütün bunlar Ağahəsən Rəsulovun baş həkimi olduğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında baş verən neqativ halların ancaq kiçik bir hissəsidir. Deyilənlərə görə, Ağahəsən Rəsulovun bu cür rahat şəkildə hərəkət etməsinə və işinə səhlənkar yanaşmasına şərait yaradan şəxs səhiyyə nazirinin müavini Abbas Vəlibəyovdur. Baş həkim məhz nazir müavininə arxalandığı üçün rəhbərlik etdiyi tibb müəssisəsini istədiyi kimi, yəni yalnız öz qanunları ilə idarə edir. Bu isə həm xəstələrin, həm də onların yaxınlarının kəskin etirazına səbəb olur. İş o yerə çatıb ki, artıq onlar baş həkimin əməllərindən kimə və hara şikayət edəcəklərini belə, bilmirlər. Çünki Ağahəsən Rəsulovun arxasında güclü himayədarı var. Bu səbəbdən də yol verilən neqativ hallar ört-basdır edilir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.