BolgeXeber.Com » Xəbərlər » "Abşeron City"nin fəhləsi 5-ci mərtəbədən yıxılıb bu günə düşdü - Maraqlanan yoxdur

"Abşeron City"nin fəhləsi 5-ci mərtəbədən yıxılıb bu günə düşdü - Maraqlanan yoxdur

24-08-2016, 18:43
Oxunub: 2 727 "Abşeron City"nin fəhləsi 5-ci mərtəbədən yıxılıb bu günə düşdü - Maraqlanan yoxdurBu ilin oktyabr ayında "Abşeron City"də baş verən bədbəxt hadisə zamanı şikəst qalan fəhlə İsayev İqbal Şəməd oğlunun vəziyyəti ağırlaşıb

Oktyabrın 15-də 5-ci mərtəbədə təhlükəsizlik qaydalarına əməl etmədən işlədilən İqbal yıxılan zaman beli iki yerdən, sağ budu və sol topuğu sınıb. Həmin vaxt Sumqayıtda xəstəxanaya yerləşdirilən fəhlə 4 ay müalicə olunub. İqbalın qaynanası Mədətova Təranənin dediyinə görə, dörd ay müdətində "Abşeron City"nin rəhbərliyi kürəkəninin bütün problemləri ilə maraqlanıb. Şikayət olunmayacağı təqdirdə onun müalicəsi ilə bağlı bütün xərcləri qarşılayacağını bildirib. Lakin İqbal xəstəxananı tərk etdikdən sonra onunla maraqlanan olmayıb. Təranə Mədətova deyir ki, yataq xəstəsi olan kürəkəni ilə bağlı müraciət etdiyi bütün ünvanlardan əliboş qayıdıb.

"Abşeron City"nin Xırdalan və Masazır ofisləri məsələ ilə bağlı Milli.Az-a açıqlama verməkdən imtina etdilər.
Belim iki yerdən sınıb, ayaqlarım da sınıq-sınıqdır, qanqrena sürətlənir. Şirkət nə yardım edir, nə kompensasiya ödəyir".

Azadlıq.org bildirir ki, Əmircan sakini 37 yaşlı İqbal İsayev ötən il oktyabrın 15-də "Absheron City" şirkətinin Masazırda Duzlu göl ətrafındakı tikintilərindən birində işləyərkən hündürlükdən yıxıldığını deyir. Elə giley-güzarı da həmin şirkətdəndir.

"ZƏNG VURDUQ, GƏLƏN OLMADI"

13 ildir briqada tərkibində tikintilərdə fəhləliklə məşğul olan İqbalın dediyinə görə, 5 gün imiş həmin tikintidə çalışırmış. Ancaq deyəsən, qollarını çırmalayıb təzə başladığı iş ona düşərli olmayıb.

Qaynanası Təranə Mədətova söhbətə qoşulur: "Sumqayıtdakı travmatologiya xəstəxanasına aparmışdılar. Əməliyyat olundu, belinin sınıq yerlərinə şuruplar qoyuldu. Şirkət yalnız o şurupları aldı, bir də 750 manata bir aparat almışdı, çıxanda xəstəxanada qoyub çıxdıq. Həmin şirkətin işçiləri xəstəxanaya gəldilər, dedilər, "burada kim sizdən pul istəsə, verməyin, deyin, şirkət özü baş həkimə ödəyəcək". İqbal 4 aydan çox orada qaldı. Yanvarın 31-də xəstəxanadan çıxanda zəng vurduq, "gələcəyik" dedilər, ancaq biz xəstəxananı tərk edincə heç kəs gəlmədi. Həkimlər üzümüzə dedilər ki, "4 ayda çəkdiyimiz əziyyətimizi xəstəyə halal eləmirik"".

TƏHLÜKƏSİZLİK KƏMƏRİ VERİLMƏYİB

Təranə xanımı qəzəbləndirənsə şirkət işçilərinin İqbalın başına gələnlərə "taleyin işi" kimi yanaşması olub: "Mən biləndə ki, İqbala hündürlükdə işləməsinə baxmayaraq, təhlükəsizlik kəməri verilməyib, elə xəstəxanadaca şığıdım şirkət işçilərinin üstünə. Dedilər, "xala, olacağa çarə yoxdur, bu oğlanın qismətinə bunları yaşamaq yazılıbmış"".

İqbal İsayevin başına gələn "taleyin işi" ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda elə həmin vaxt cinayət işi başlansa da, bir nəticəsi olmayıb. Prokurorluq istintaqın gedişatı barədə məlumat vermir. İqbal İsayevsə deyir, şirkətin işçiləri istintaqa ifadələrində onun tikilidəki hündürlükdən deyil, başqa bir ərazidə yerləşən hansısa bağ sahəsindəki hündürlükdən yıxıldığını bildiriblər. Bu da İqbala pis təsir edib.

"İŞÇİNİN BAŞINA BİR İŞ GƏLƏRSƏ..."

"Absheron City"dən məsələyə münasibət öyrənmək üçün internet üzərindən əldə etdiyimiz əlaqə nömrələrinə zəng vurduq. Xanım bildirdi ki, belə bir hadisə həqiqətən də olub, ancaq hazırda əlaqə saxladığımız Abşeron filialında yox, Masazır filialında... Masazır filialındansa "Qaynar xətt"ə bildirdilər ki, işçilər yeniləndiyindən üstündən 1 ilə yaxın ötən hadisə barədə heç kəs məlumatlı deyil: "Ancaq bu şirkət heç vaxt işçisinə qarşı siz dediyiniz münasibəti göstərməz. Əgər işçinin başına qəza gələrsə, şirkət mütləq diqqətdə saxlayar, xərclərini qarşılayar. Ancaq yenə də maraqlanıb sizə bir məlumat verməyə çalışarıq".

Təranə xanımsa iddia edir ki, Masazır filialına gedərkən dəfələrlə qapıdan kobudcasına qovulublar.