BolgeXeber.Com » Xəbərlər » Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT

Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT

29-08-2016, 12:15
Oxunub: 3 983 Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏTBu illər ərzində rayon rəsmilərindən kimsə onların dərd-səri, problemləri ilə bir dəfə də olsun maraqlanmayıb

Yəqin ki, böyük türk şairi Məhmət Əmin Yurdaqulun "Ya qazi ol, ya şəhid" şeiri ilə çoxları tanışdır.Məlum şeirində insanları azadlıq uğrunda ölüm-dirim savaşına səsləyən şair onlara ya qəhrəman kimi həlak olmağı, ya da yalnız və yalnız qalibiyyətli bir savaşın qazisi kimi geri dönməyi arzulayır. Mahiyyət etibarilə məşhur özbək şairi Həmid Alimcanın "Əlinə silah al" şeirini yada salan bu poeziya örnəyi, qaziliyin bənzərsiz özəlliyini vəsf etməklə yanaşı, şəhidliyin əlçatmaz ucalığını da oxucuların nəzərinə çatdıraraq onlara ölümdən qorxmamağı, əksinə, şəhidliyə can atmağı təlqin edir.
Elə tarixi proseslərin təhlili də, hər bir dövlətin əsrlər boyu şəhid və qazilərin çiynində qərar tutduğunu sübut edir. Bu gün dünyanın siyasi xəritəsində nöqtə boyda da olsun yer tutan hər bir dövlət var olduğu üçün bir torpaq altındakı şəhidlərinə, bir də yer üstündəki qazilərinə minnətdardır.
Hazırda beynəlxalq siyasi müstəvidə müstəqil şəkildə təmsil olunan Azərbaycanın da bugünkü azadlığı üçün saysız-hesabsız şəhidlərinə borclu olduğu inkarolunmazdır. Bu gün həmin şəhidlərimizin, qazilərimizin qiyməti lazımınca verilirmi? Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən qayğı əlbəttə ki, göstərilir, hər zaman dövlətin diqqət mərkəzində olan təbəqələrdən biri də məhz onlardır. Amma problemlər də var ki, bunlar ətrafında müəyyən qərarların verilməsinə ehtiyac duyulur. Şəhid ailələrinə, torpaqlarını və sağlamlıqlarını itirən qazilərə lazımi diqqət yetirilirmi?

Bəli, dövlət səviyyəsində şəhid ailələri, müharibə veteranlarına diqqət hər zaman yüksək olub. Onların sosial şəraitlərinin yaxşılaşdırılması, maddi durumlarının artırılması hər zaman ölkə başçısının diqqət mərkəzində olub. Dəfələrlə belə imtiyazlı şəxslərlə görüşündə də, prezident vurğulayıb ki, torpaqlarımızın müstəqiliyi uğrunda canından keçən şəxslərə xüsusi hörmət göstərilir. Ölkə başçısı yerli məmurlardan da tələb edir ki, digər vətəndaşlarla yanaşı imtiyazlı şəxslərin də problemlərini tez bir zamanda həll etməlidirlər. Amma təəssüflər olsun ki, Balakən rayonunda bu məsələyə dırnaqarası yanaşılır. İslam Rzayevin rəhbəri olduğu rayonda müharibə veteranı, şəhid ailələrinə xüsusi hörmət hiss olunmur. Düşünülmür ki, bu gün müstəqil olmağımız, azad, firəvan yaşamağımız məhz hazırda şəhid saydığımız insanların qanı, canı bahasına başa gəlib. Bunun fərqinə varılsaydı, o zaman Töhfə Əliyeva kimi şəhid analarının fəryadına səs verən tez tapılardı.

Bu illər ərzində rayon rəsmilərindən kimsə onların dərd-səri, problemləri ilə bir dəfə də olsun maraqlanmayıb

Təəssüflər olsun ki, Balakən rayon İcra Hakimiyyəti şəhid anasının fəryadını qulaqardına vurur. Rayondan gundelik-baku.com-a daxil olan məlumata görə, İcra Hakimiyyətinin rəsmiləri hər zaman müharibə veteranı, şəhid ailələrinə qarşı biganə münasibət sərgiləyib. Onların problemlərini həll etmək əvəzinə, hər zaman vədlər verməklə sanki baş altına yastıq qoyur. Beləcə illəri bir-bir ötürən şəhid ailələrinin nə narahat edən məsələlər həllini tapıb, nə də onlar dövlət qayğısını hiss edir. Bu isə, birbaşa İcra Hakimiyyəti rəsmilərinin məsuliyyətsizliyindən irəli gəlir. Çünki onlar üzərlərinə düşən vəzifənin məsuliyyətini unudaraq, özlərinə əziyyət verərək imtiyazlı şəxslərin problemləri ilə maraqlanmırlar.

Bu gün Balakən şəhər, 20 yanvar küçəsi ev 14-də yaşayan, şəhid ailəsi Töhfə Vəli qızı Əliyevanın yaşadığı ev baxımsızlıq ucbatından uçub-dağılmaq təhlükəsilə üz-üzə qalıb. Nəzərinizə çatdıraq ki, Töhfə Əliyeva məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Rayon İcra Hakimiyyətinə və Gundelik-Baku.com-a ünvanladığı şikayət ərizəsində bildirib ki, Balakən Rayon İcra Hakimiyyətini vəziyyətlə bağlı xəbərdar edib və adıçəkilən quruma bir neçə dəfə rəsmi qaydada müraciət edib. Lakin indiyədək icra hakimiyyətindən müsbət cavab ala bilməyib. Məlumat üçün bildirək ki, Töhfə Əliyevanın övladı Saleh Mustafa oğlu Əliyev erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə iştirak edib və 1992-ci ildə Ağdamın Ağdərə kəndi istiqamətində aparılan şiddətli döyüşlər zamanı itkin düşüb. 12 iyun 2006-ci ildə isə şəhid statusu alıb. Özünün ikinci qrup əlil olduğunu vurğulayan şəhid anasının sözlərinə görə, o, dövlətdən verilən təqaüd hesabına dolanır və indiyədək şəhid ailəsi kimi hər hansı bir məsələ ilə bağlı heç bir dövlət qurumuna müraciət etməyib. Hətta onu da qeyd edir ki, bu illər ərzində rayon rəsmilərindən kimsə də onların dərd-səri, problemləri ilə bir dəfə də olsun maraqlanmayıb. İndi isə evi uçmaq təhlükəsində olduğundan məcburiyyət qarşısında qalıb Balakən Rayon İcra Hakimiyyətindən və digər aidiyyəti orqanlardan yardım istəyir. Hətta qeyd edək ki, Gundelik-baku.com əməkdaşları Balakən rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərindən fərqli olaraq şəhid anasının fəryadını eşidərək uzaq məsafənin fərqinə varmayaraq, adıçəkilən ünvana yollanaraq onların yaşayış şəraiti ilə maraqlandı. Əməkdaşlarımız gördüklərindən dəhşətə gəldi. Bu barədə az sonra..

İcra Hakimiyyətinin rəsmisi əcaib cavabı ilə şəhid anasının fəryadını quluqardına vurur!

Hazırda isə, təəssüflə qeyd edək ki, ölkə başçısına edilən müraciətdən sonra Rayon İcra Hakimiyyəti tərəfindən şəhid anasına cavab verilib. Amma…

11 avqust 2016-cı il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Zahid qızı Nuriyevanın imzası ilə Töhfə Əliyevaya ünvanlanan cavab məktubunda birmənalı şəkildə bilirilib ki, icra hakimiyyəti şəhid ailəsinə heç bir köməklik göstərməyəcək. Belə ki, sözügedən məktubda məhz bu cür qeyd olunur: «Siz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon icra hakimiyyətinə müraciət edərək mənzil şəraitinizin pis olduğu üçün yaşadığınız evin təmir olunmasına və ya yeni ev tikintisinə köməklik göstərilməsini xahiş etmisiniz. Müraciətiniz rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində araşdırılmışdır. Məlum olmuşdur ki, siz 3 nəfər əmək qabiliyyətli övladınızla birlikdə 1978-ci inşa edilmiş təqribən 120 kvadratmetr ümumi sahəsi olan evdə yaşayırsınız. Ev uzun müddət təmir olunmadığı üçün aşınmışdır. Araşdırmanın nəticəsi olaraq bildiririk ki, ailəniz üçün ev tikintisi və ya təmiri rayon icra hakimiyyətinin imkanları xaricindədir. Odur ki, yaşadığınız evi sığorta etməniz və əmək qabiliyyətli ailə üzvləriniz ilə birlikdə evin təmir olunması sizə tövsiyə olunur».

Gördüyünüz kimi, Balakən Rayon İcra Hakimiyyəti hər an uçub dağılmaq təhlükəsilə üz-üzə qalan evdə yaşamaq məcburiyyətində olan şəhid anasına birmənalı şəkildə yardım göstərilməyəcəyini bildirməklə yanaşı, hələ bir üstəlik ailəyə tövsiyə də verib. İcra hakimiyyəti və onun yetkili şəxsləri bilməlidirlər ki, əgər Töhfə Əliyevanın maddi imkanı yol versəydi, o zaman evini öz hesabına təmir edərdi. Necə ki, 1992-ci ildən bu günə kimi bir dəfə də olsun heç bir yerə müraciət etməyən şəhid anası indi də etməzdi. Lakin şəhid anası məcburiyyət qarşısında qalaraq dilə gəlib. Amma İcra hakimiyyəti rəsmisinin deməsi ki, 3 nəfər əmək qabiliyyətli övladınızla birlikdə yaşayırsınız, bu ağ yalandan başqa bir şey deyil. Bəli, şəhid anasının əmək qabiliyyətli övladları var, amma onların hər biri bilmir öz ailəsini dolandırsın, yoxsa kimsəsiz qalan anasını. Belə bir vəziyyətdə ev təmir etmək təbii ki, günəmuzd işləyən şəxslər üçün çox çətindir. Digər tərəfdən isə, əmək qabiliyyətli olmaq, hələ işliyib normal qazanc əldə etmək demək deyil. Bir sözlə, icra hakimiyyəti əcaib cavabı ilə şəhid anasının fəryadını quluqardına vurur! Ona görə də, belə ailələrə dövlət dəstəyi olduqca vacibdir. Amma təəssülər olsun ki, Balakən rayon İcra Hakimiyyətinin rəhbərliyi bütün bunları unudaraq şəhid ailəsini dövlət dəstəyindən məhrum edib.

Qəzalı ev şəhid anasının həyatına son qoya bilər

Yuxarıda qeyd etdiyimiz kimi, əməkdaşlarımız Balakən rayonuna ezam olunaraq şəhid anasının yaşayışı ilə maraqlanıb. Əməkdaşlarımız Töhfə Əliyevanın evinin necə bir qəzalı vəziyyətdə olduğunu görərək, dəhşətə gəliblər. Hətta evin uçub-dağılacağından qorxduqlarından mənzillərə daxil olmağa belə çəkiniblər. Amma əziyyət çəkib 500 km-lik yolu qət etdiklərindən şəhid anasının yaşayışı ilə yaxından tanış olaraq onun problemləri ilə maraqlanıblar. Şəhid anası bildirib ki, dövlətdən verilən təqaüdlə bir qarnı ac, bir qarnı tox dolanır. Təqaüdü isə, bu aydan o birisinə güclə çatır. Ağlaya-ağlaya olsa belə qeyd edir ki, oğlu şəhid olandan bu günə kimi rayon rəhbərliyindən bir dəfə də olsun kimsə onun şəraiti, yaşayışı ilə maraqlanmayıb. Hətta heç özünə də sığışdırmayıb ki, hansısa bayramlarda müraciət edərək, bayram payı alsın. Amma hazırda evinin qəzalı vəziyyətdə olması onun həyatına son qoya bilər. Şəhid anası qeyd edir ki, Zaqatala-Balakən ərazisi seysmik zonadır. Və burada mütəmadi zəlzələlər baş verir. Ona görə də, belə zəlzələlərin birində evin uçqunları altında qalacağını artıq göz önünə alıb.
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT
Balakən icra başçısı şəhid anasını dövlət dəstəyindən məhrum edib -ŞİKAYƏT