BolgeXeber.Com » Xəbərlər » Qorxmaz Hüseynovun işçiləri bax, bu qədər əmin və arxayındırlar... - "Mən referendum-zad tanımıram..."

Qorxmaz Hüseynovun işçiləri bax, bu qədər əmin və arxayındırlar... - "Mən referendum-zad tanımıram..."

2-09-2016, 09:37
Oxunub: 2 649 Qorxmaz Hüseynovun işçiləri bax, bu qədər əmin və arxayındırlar... - "Mən referendum-zad tanımıram...""Gördüm ki, süründürməçilik, qanunsuzluq, özbaşınalıq baş alıb gedən bu idarənin müəllim-mühəndisi ilə mübahisə etməyə dəyməz, başımı aşağı salıb oranı tərk etdim»

Redaksiyamıza məcburi köçkün, İqtisad Universitetinin tələbəsi Nicat Səlimlinin şikayət məktubu daxil olub.
Məktubda deyilir:

«Babam 54 il fasiləsiz olaraq orta məktəb direktoru işləyib. Çoxlu oğlu, qızı, nəvə və nəticələri var. Maşallah olsun, hamısı müəllim, həkim, iqtisadçıdır. Nəvələrinin içərisində orta məktəbi ən zəif oxuyanı mən olmuşam. XI sinifdə oxuyanda babam mənə çox məsləhətlər verdi. Elmə, təhsilə həvəsləndirmək üçün hətta dedi ki, əgər ali məktəbə qəbul olsam, mənə maşın, ya da ev alacaq.
Gecə-gündüz oxudum, nəticədə İqtisad Universitetinə qəbul oldum. Babam mənə ev aldı. Çox sevindim. Ailəmlə bir yerdə yaşadığım üçün həmin mənzildən istifadə etmirdim. Bu səbəbdən də həmin ünvanda işıq, qaz və sudan istifadə olunmurdu. Hərdən mənzilə baş çəkəndə sudan istifadə edirdim.
2016-cı ilin fevral ayında Binəqədi rayon Sukanal İdarəsindən bildiriş gəldi, 12 manat 50 qəpik pul ödədim. 26.04.2016-cı il tarixdə bildiriş gəldi ki, borc yoxdur. Mənzildə yaşayış olmadığı üçün may-iyun aylarında bildiriş olmadı. 2016-cı il iyulun 3-də Binəqədi rayon Sukanal İdarəsindən yenə bildiriş gəldi ki, borc yoxdur (həmin bildirişlər özümdədir). Lakin iyul ayında əlavə bildiriş gəldi ki, mənim Binəqədi rayon Sukanal İdarəsinə 146 manat borcum var.
Sənədləri götürüb Binəqədi rayon Sukanal İdarəsinə getdim. Dedilər, bu işə mühəndis Tahir Əliyev baxır (ixtisasca müəllimdir). Sənədləri T.Əliyevə təqdim edib, məsələni anlatdım. O isə bığını eşib, ağzını turşaltdı. Dedim ki, Tahir müəllim, gördüyünüz kimi, aprel-iyul aylarının bildirişlərində yazılıb ki, mənim borcum yoxdur, bəs bu 146 manat hardan peyda oldu?
Dedi ki, nə olsun?..
Sonra aramızda belə bir dialoq oldu.
Dedim: - Axı bildiriş göndərmisiniz ki, borc yoxdur.
Dedi: - Qəbula gələn çoxdur, başımı ağrıtma, vaxtımı alma, get, ver məhkəməyə...
- Tahir müəllim, sizdən şikayət edəcəyəm.
- Get, əlin hara qəlbidir, ora qoy.
- Ölkədə referendum keçirilməsinə hazırlıq gedir, danışıq yaratmayın, adamları incitməyin.
- Əşi, mən referendum-zad tanımıram, mənim işim odur ki, cərimə yazam, pul tutam…
Gördüm ki, süründürməçilik, qanunsuzluq, özbaşınalıq baş alıb gedən bu idarənin müəllim-mühəndisi ilə mübahisə etməyə dəyməz, başımı aşağı salıb oranı tərk etdim».
Şikayətçi sonda xahiş edir ki, Binəqədi rayon Sukanal İdarəsinin mühəndisi Tahir Əliyevin qanuna zidd hərəkətlərini aidiyyəti qurum rəhbərlərinin diqqətinə çatdıraq.
Məsələ ilə bağlı Binəqədi rayon Sukanal İdarəsinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

Tezadlar.az