BolgeXeber.Com » Xəbərlər » ANS rəhbərliyi ümidini itirməyib

ANS rəhbərliyi ümidini itirməyib

15-09-2016, 10:43
Oxunub: 2 356  ANS rəhbərliyi ümidini itirməyibMayis Məmmədov: “İnanırıq ki, sonda hər şey yaxşı olacaq”

ANS televiziyası və ANS ÇM radiosunun bağlanmasından artıq 2 aya yaxın vaxt keçir. Müddət uzandıqca kanalın efirə qayıtmasına inam daha da azalır. ANS bağlandıqdan bu vaxta qədər baş verən məhkəmə prosesləri də bunu deməyə əsas verir...

Bununla yanaşı, şirkət artıq təyin olunan cərimələri də ödəməyə başlayıb. Özü də bu iş məcburi şəkildə həyata keçirilir. Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosuna təyin olunan 161 000 manat cərimənin 77 266 manatı məcburi qaydada ANS ÇM şirkətinin bank hesabından tutulub. APA-nın xəbərinə görə, şirkətin bank hesabında lazımi qədər pul qalmadığından cərimənin qalan hissəsinin tutulması məcburi icraya yönəldiləcək.

Xatırladaq ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq, “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək, ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

Bu məsələ ilə bağlı ANS-in MTRŞ-yə qarşı iddiası isə sentyabrın 9-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində keçirilən prosesdə təmin olunmadı.

Lakin media şirkətinin əməkdaşlarının ümidləri hələ tam itməyib. Belə ki, 15 sentyabr saat 12:00-da ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Hər məhkəmə prosesindən sonra mediaya açıqlama verən ANS-in rəhbərliyi bildirir ki, onlar Ali Baş Komandana inanırlar və nəticənin yaxşı olacağına ümid edirlər.

“Yeni Müsavat”a danışan ANS şirkətlər qrupunun prezidentinin media müşaviri Mayis Məmmədov bildirib ki, hələ də ümidlərini itirməyiblər:

“Yeni heç bir xəbər yoxdur. Sabah (bu gün-red.) məhkəmədir. İşçilər də hələ ki gözləyirlər. Allah Vahid müəllimin köməyi olsun. Maaşlarını da kəsməyib. Öz cibindən ödəyir hamısını. Ümid edirik ki, sonda hər şey yaxşı olacaq”.

Qeyd edək ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq, “ANS Müstəqil Yayım və Media” şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Eyni zamanda MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apelyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.