BolgeXeber.Com » Xəbərlər » “Bakı Tekstil Fabriki” – könhə maxinasiyaların yeni variasiyası

“Bakı Tekstil Fabriki” – könhə maxinasiyaların yeni variasiyası

17-09-2016, 11:23
Oxunub: 2 438 “Bakı Tekstil Fabriki” – könhə maxinasiyaların yeni variasiyasıSəkinə Babayevanın rəhbərlik etdiyi MMC-nin gizli filialları saxta məktəbli formaları istehsal edir

Yeni dərs ilinin artıq başlanmasına baxmayaraq, bir çox valideynlərin “məktəb bazarlıqları” hələ də davam edir. Təbii ki, bu alış-verişin əsas bəndlərindən biri də məktəbli formasının alışı ilə bağlıdır. Etiraf etmək lazımdır ki, məhz məktəbli formalarının satışı ilə bağlı yaranan ən müxtəlif problemlər ilk növbədə valideynləri, bəzi hallarda isə həm də istehsalçıları və satıcıları da məyus edir. Mütəxəssislərin rəyi isə belədir ki, əksər problemlərin yaranma səbəblərini bu formaların istehsalı ilə məşğul olan bəzi müəssisə rəhbərlərinin daha asan yolla və daha artıq qazanc əldə etmək məqsədilə yol verdikləri müəyyən maxinasiyalarla izah etmək lazımdır.

Məlumdur ki, bu gün Bakıda məktəbli formalarının kütləvi şəkildə tikişi ilə məşğul olan müəssisələrdən biri də Binəqədi rayonu, Baksol-1 ünvanında fəaliyyət göstərən və Səkinə Babayevanın rəhbərlik etdiyi “Bakı Tekstil Fabriki” MMC-dir. Söz yox, bu fabrikdə istehsal olunan məktəbli formaları həm çeşid müxtəlifliyi, həm keyfiyyətilə bir çox digər formalardan müsbət mənada seçilir. Lakin bununla belə, redaksiyamıza daxil olan məlumatlarda MMC-nin fəaliyyətinin əslində heç də ilk baxışda göründüyü kimi, problemsiz olmadığı iddia edilir. Həm də vurğulanır ki, məhz məktəbli formalarının istehsalı prosesində müəssisə rəhbərliyi tərəfindən bir sıra maxinasiyalara yol verilir.

Çox maraqlıdır ki, problemin mahiyyətini daha aydın şəkildə açıqlamaq üçün, mənbə ilk növbədə hələ bir neçə il bundan öncə müəssisənin fəaliyyətində aşkarlanmış müəyyən qanun pozuntuları barədə xatırlatma verir. Belə ki, təxminən dörd il bundan öncə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Bakı Tekstil Fabriki” MMC- də dövlət nəzarəti həyata keçirilmişdi. Araşdırma zamanı müəyyən olunmuşdu ki, müəssisə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq «məktəbli forması» istehsal (realizə) olunur. Həmçinin müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilmişdi. Bununla yanaşı həmin vaxt, Səkinə Babayevanın rəhbərlik etdiyi bu MMC-də Çin istehsalı olan və təhlükəsizlik sertifikatı almamış xammaldan da istifadə edilməsinə dair çoxsaylı məlumatlar yayımlanmaqda idi. Bütün bu və digər səbəblərdən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Bakı Tekstil Fabriki” MMC-də “məktəbli formasının” istehsalı, satılması və realizə olunması qadağan edilimişdi. Lakin bir müddət sonra, müəssisə rəhbərliyi guya ki, bütün bu problemləri aradan qaldırmağa nail oldu.

Hal-hazırda isə, “Bakı Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb. Lakin mənbənin təqdim etdiyi açıqlamada iddia olunur ki, MMC-nin fəaliyyətində müşahidə olunan bütün bu müsbət dəyişikliklər sadəcə gözdən pərdə asmaq məqsədilə tətbiq edilib. Əslində isə, vəziyyət tamamilə başqa cürdür. Mənbənin iddiasına görə, “Bakı Tekstil Fabriki” MMC bu gün də dövlət yoxlamasından keçirilməmiş, normativ tələblərə cavab verməyən formalar istehsal etməkdədir. Eynilə əvəllər olduğu kimi, indi də bu formaların istehsalında təhlükəsizlik sertifikatı almamış xammaldan istifadə edilir. Təbii ki, bütün bu proseslər MMC-nin əsas istehsal sahəsindən kənarda, xüsusi yaradılmış və təchiz olunmuş “gizli” sexlərdə həyata keçirilir. Bu yolla, əldə olunan məhsulun maya dəyəri bir neçə dəfə aşağı salınır.

Lakin həmin formaları heç bir satış mərkəzində digər formalardan daha ucuz qiymətə əldə etmək heç də mümkün deyil. Belə ki, xarici görkəmcə keyfiyyətli formalardan seçilməyən bu məktəbli geyimləri, elə sertifikatlı məhsullarla eyni qiymətə də satılırlar. Gizliliyin təmin olunması üçün isə, bir çox hallarda sertifikatsız formalar dükanlarda və satış mərkəzlərində qaimə ilə qəbul olunmuş və artıq satılmış digər formaların yerini tuturlar. Təbii ki, bu maxinasiyalar nəticəsində şəbəkənin bütün iştirakçıları və ilk növbədə Səkinə Babayeva külli-miqdarda gəlir əldə edirlər. Lakin bu gəlirlərin son nəticədə uşaqlarımızın sağlamlığını riskə atmaq hesabına əldə olunduğunu nəzərə alsaq...

Qarşı tərəfi də dinləməyə hazırıq.