BolgeXeber.Com » Xəbərlər » “Motorola”nın ölümü - qazilər dırnaqarası qəhrəman haqda nə dedilər...

“Motorola”nın ölümü - qazilər dırnaqarası qəhrəman haqda nə dedilər...

21-10-2016, 14:45
Oxunub: 3 060  “Motorola”nın ölümü - qazilər dırnaqarası qəhrəman haqda nə dedilər...Üzeyir Cəfərov: ““Motorola”nı qəhrəman hesab etmirəm”; Etimad Əsədov: “Gözümüzdə terrorçu olan, düşmən tərəfdən qəhrəmandır”

Ukraynanın Donetsk şəhərində “Motorola” ləqəbli məşhur rus terrorçusu Arsen Pavlovun öldürülməsi və təmtəraqlı dəfni dünya gündəminin əsas müzakirə mövzularından biri oldu. Xatırladaq ki, separatçı “Donetsk Xalq Respublikası”nın liderlərindən olan komandir yaşadığı evin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində məhv edilib.

“Motorola” qondarma “respublika”nın bayrağına bükülərək, qəhrəman kimi dəfn olunub. Bu da bəzi suallar yaradıb. Əsas suallardan biri təcavüzə məruz qalan ölkədə döyüşən və sonda bu şəkildə öldürülən şəxsin qəhrəman adına layiq olub-olmaması ilə bağlıdır.

Ehtiyatda olan polkovnik-leytenant, Qarabağ döyüşçüsü Üzeyir Cəfərov bildirdi ki, separatçı heç zaman qəhrəman ola bilməz: “O şəxs cinayətkardır və hesab edirəm ki, onu öldürməkdə düz etdilər. Ukraynanın xüsusi xidmət orqanlarına eşq olsun. Belə separatçıların sonu bu şəkildə də olmalıdır. Onun dəfn səhnələrini gördüm. Təssüflər olsun ki, bu tipli şəxslər bəzi hallarda özlərini qəhrəman kimi təqdim etməyi bacarır, minlərlə insanı aldada bilirlər. Bunlar müstəqillik ideyaları ilə yaşayırlar. Yaxın vaxtlarda hər kəs görəcək ki, bunlara məzar yeri belə olmayacaq. Bu tipli insanlar avantürüstlərdi. Yaxın vaxtlarda Ukrayna ağıllı şəkildə terrorçuların hər birini öz adamlarının əli ilə aradan götürəcək. Bu insanlara qarşı fikirlərim sərtdir. Hazırda dünyada baş verən hadisələrin içərisində bu şəxslərin əlləri görünür. ”Motorola"nı qəhrəman hesab etmirəm. O heç vaxt bu adı ala bilməz. Necə ki, bu gün Ohanyanı, Sərkisyanı, Babayanı qatil hesab edirik, “Motorola” və digərləri də mənim üçün belədir. Ukraynada olan tələbə yoldaşımla daimi əlaqələrim var. Orada birlikdə təhsil almışıq. Polkovnik rütbəsinə qədər yüksəlib. O, bu gün əlində silah separatçılara qarşı döyüşlərdə iştirak edir. Bu şəxsi vətəninə, millətinə bağlı bir şəxs kimi qəbul edirəm. Ukrayna hadisələri vaxtilə orada oxuyarkən Rusiya, Belarus və Ukraynadan olan tələbə yoldaşlarımı parçaladı və onları müxtəlif qütblərə böldü. Onların müxtəlif qütblərə bölünməsində yaramaz “Motorola” və digərlərinin rolu oldu. Artıq dünyada başa düşürlər ki, bu separatçıların kökü kəsilməlidir. Belə də olacaq".

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov bildirdi ki, bu tipli terrorçular öz ölkələri tərəfindən qəhrəman adlandırılır: “Baxmayaraq ki, təcavüzə məruz qalan ölkə tərəfindən bu şəxs terrorçu kimi qələmə verilir, amma təcavüz edən ölkənin öz qaydaları var. Buna əsasən, həmin şəxs qəhrəman aldandırılır, bu şəkildə də dəfn edilir. Bu başadüşüləndir. Hətta bu şəxsi gələcək nəsillərə örnək kimi də göstərəcəklər. Vaxtilə bizlərin də başına pul qoyaraq, öldürülməyimizin əmrini vermişdilər, bizləri terrorçu adlandırırdılar. İki ölkə arasında müharibə olanda, tərəflər bir-birilərini terrorçu adlandırırlar. Ukrayna xalqına daim simpatiyam olub. Onlar da bizim millətə normal münasibət bəsləyirlər. Təcavüzə məruz qalan ölkənin döyüşlərdə iştirak etmiş şəxsi kimi, Ukraynanın hazırkı vəziyyəti mənə ağır təsir edir. Çünki haqsız savaşdır, Rusiyanın Ukrayna kimi dövləti işğal etmək istəyidir. Rusiyanın bizim başımıza gətirdiyi oyunlar ortadadır və ona görə də onlara qarşı antipatiyam var. Amma bir şeyi unutmaq qətiyyən lazım deyil. Bizim gözümüzdə terrorçu olan, düşmən tərəfdən qəhrəmandır”.