BolgeXeber.Com » Xəbərlər » Heyder Babayevi İslamiadaya qədər kim əvəzləyəcək? - ARAŞDIRMA

Heyder Babayevi İslamiadaya qədər kim əvəzləyəcək? - ARAŞDIRMA

1-11-2016, 09:56
Oxunub: 2 103 Heyder Babayevi İslamiadaya qədər kim əvəzləyəcək? - ARAŞDIRMAAzərbaycan Qılıncoynatma Federasiyasının maliyyə çırpıntıları ilə boğuşduğunu və hələ də bu iztirabdan qurtula bilmədiyini əvvəlki yazılarımızda xəbər vermişik

Sport7.Az bu dəfə başqa bir federasiyanın problemlərinə toxunacaq. Söhbət Azərbaycan Həndbol Federasiyasından gedir. Məlum olduğu kimi, bu quruma 2008-ci ildə İqtisadi İnkişaf naziri postundan çıxarılmış Heydər Babayev rəhbərlik edir. Heydər Babayevi tanıyan tanıyır. Yenə bu iş adamını tanımayanlar üçün qısaca da olsa tanıdaq:

Sabiq iqtisadi inkişaf naziri mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı "Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən H.Babayev 1999-cu ildə keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri vəzifəsinə təyin olunub. 2005-ci ildə Fərhad Əliyevin həbsindən sonra onun kreslosuna əyləşən və qardaşı Yaşar Babayevin QKDK sədri olmasına nail olan H.Babayev 2008-ci ilin oktyabrınadək nazir vəzifəsində çalışıb. Prezident seçkilərindən sonra o, yeni təsdiqlənən Nazirlər Kabinetində yer ala bilməyib. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan H.Babayev "AB Standard" holdinqinin əsasını hələ 1995-ci ildən qoyub. Vergilər Nazirliyinin məlumat bazasında isə holdinqin 2002-ci ildə yaradıldığı qeyd olunur.

Bu holdinqə "Bank Standard” QSC, "Standard İnsurance” MMC, "AB Legal Consulting Group” MMC, "Standard Lizinq” MMC, "Standard Capital” MMC, "Standard Football Club” MMC, "Dərnəgül boru zavodu” və "Lənkəran Mehmanxana” daxildir. "AB Standard” QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Heydər Babayev bir neçə dəfə rəsmən bəyan edib ki, holdinq 100 faiz özünün mülkiyyətidir.

Məhz federasiyaya prezident təyin olunanda da bu amil nəzərə alınıb. Azərbaycanda, eləcə də Londonda biznes imperiyası olan Babayevin həndbola kifayət qədər para ayıracağı güman edilirdi. Əslində komitə sədri və nazir olduğu illərdə Babayevin federasiyaya pul xərcləmədiyini deməyimiz insafsızlıq olar. Məsələ burasındadır ki, pul xərclənib, sadəcə düzgün şəkildə xərclənməyib.
Belə ki, Heydər Babayev də digər federasiya prezidentləri kimi Milli Olimpiya Komitəsinin (MOK) sədri olan ölkə başçısının gözündə yüksəlmək üçün nəticə dalınca qaçıb. O, həndbolçu yetişdirməyə yox, xaricdən legionerlər gətirməyə üstünlük verib. Nəticədə milli komandamıza MDB ölkələrindən, hətta sovet vaxtı həndbolu bizimkindən zəif olan Gürcüstandan əcnəbi qızlar gətirilməyə başlanılıb. Ancaq bu qədər pullar qarşılığında qazandığımız Avropanın heç də ən yüksək turniri sayılmayan Çağırış Kuboku (Challenge Cup) olub.

Halbuki pullar düzgün səmtə yatırılsaydı, bu dəqiqə biz həndbolun tənəzzülündən yox, inkişafından yazardıq. Unutmaq lazım deyil ki, Azərbaycanın qadınlardan ibarət "Avtomobilçi" ("Avtomobilist") klubu 80-ci illərdə SSRİ güclülər dəstəsində medallar uğrunda mübarizə aparıb. Rəfiqə Şabanova, Lyudmila Şubina kimi həndbolçularımız SSRİ yığmasının heyətində olimpiya çempionu olublar. "Avtomobilçi” isə Avropa Kuboklar Kubokunun qalibi adını qazanıb.

Bu məsələ bir kənara. Heydər Babayev nazir postundan çıxarıldıqdan sonra bir şərtlə federasiyadakı işindən çıxarılmayıb. O, federasiya prezidenti olduğu müddətdə biznes imperiyasına toxunulmayacaq və bu imperiyadan maddi yardım həndbola da ediləcək. Lakin 2008-ci ildə nazirlikdən çıxarılması ona pis təsir edib və qərəzli şəkildə həndbola maddi dəstəyini kəsib.

Xatırlayırsınızsa, eyni hadisələr Azərbaycan Cüdo Federasiyasında da baş vermişdi. 2013-cü ildə Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postundan uzaqlaşdırıldıqdan sonra rəhbəri olduğu federasiyaya pul ayırmaqdan imtina etmişdi. Hətta iş o yerə gəlib çatmışdı ki, cüdoçular aşkar şəkildə aksiya keçirmiş və milli komandanın tərkibində çıxış etməməklə Ələkbərovu hədələmişdi. Yalnız ötən il SOCAR prezidenti Rövnəq Abdullayevin bu federasiyaya prezident seçilməsindən sonra maddi vəziyyət düzəldi.

Yuxarıda Babayevin qərəzli şəkildə federasiyaya pul ayırmadığını əbəs yerə yazmadıq. Həndbol Federasiyasının baş katibi Rafiq Rzayevin dediklərini oxuduqda da adamın bu işə könülsüz yanaşdığı hiss olunur: "Federasiyanın prezidenti Heydər Babayev niyə maliyyə vəsaiti ayırmır? Bunu onun özündən soruşmaq lazımdır. Çoxdandır onu görməmişəm. Əslində Babayev özü dəfələrlə deyib ki, federasiyadan ayrılmaq istəyir. Ancaq qoymurlar”.

Heydər Babayevi yaxınlarda nəinki baş katib, vitse-prezident Rəfiqə Şabanova da görməyib. Yaxınlarda Qaynarinfo.Az-a verdiyi müsahibəsində bu məqama toxunan Şabanova heç Azərbaycan çempionatının neçə komanda ilə davam edəcəyini dəqiq bilmədiyini etiraf edib. Məsələ o yerə gəlib çatıb ki, Azərbaycanın ABU klubuna əsas rəqib sayılan Lyudmila Şubinanın "Qaradağ-Sement" klubu da gəncləşdirilib, daha dəqiq desək, uşaq-muşaqlardan qurulub. Təbii ki, rəqabətsizlik fonunda bu ay avrokuboklarda çıxış etməli ABU gücünü yoxlamaq üçün güclü rəqiblərlə qarşılaşmalıdır. Komanda ona görə Kiyevdəki turnirə yollanmağa qərar verib. Ancaq təyyarə ilə yox, avtobusla. Gülməlidir, deyilmi? Üstəlik, komandaya pulsuzluqdan elə əcnəbi həndbolçular gətirilib ki, Şabanovanın özü belə onların zəif olduğunu etiraf edir.

Millimizin həndbolçularının maksimum maaşı 500 manatdan o tərəfə keçmir. Bu, futbol və voleybolla müqayisədə komanda idman növləri üçün çox aşağı puldur. Belədə komandanın dünya çempionatının seçmə mərhələsindən çəkilməsi başa düşüləndir. Elə Bakıda keçirilmiş I Avropa Oyunlarının proqramına da həndbolun salınmamasının səbəbini anlamaq elə də çətin deyil. Bu komanda bizi ancaq orda biabır edə bilərdi!

İndidən sonra Heydər Babayevin həndbola pul ayıracağı inandırıcı görünmür. Onun biznesinin çöküşü belə deməyə əsas verir. Faktlara nəzər salaq:

Əvvəl Bakıda, daha sonra Sumqayıtda fəaliyyət göstərən "Standard" futbol klubu 2010-cu ildə dağılıb. Bu klubun prezidenti olmuş Heydər Babayevin oğlu Emin artıq şələ-küləsini götürərək Londona köçüb və iddiaya görə, artıq Britaniya vətəndaşlığı da alıb (elə onun atasının da orda olduğu güman edilir - red.). 2004-cü ildən broker və diler fəaliyyəti ilə məşğul olan "Standard Capital" şirkəti də fəaliyyətini dayandırıb. Azərbaycan bankları içərisində depozit həcminə görə 2-ci yeri tutan "Bank Standard"ın isə oktyabrın 1-dən lisenziyası ləğv edilib.

Babayevin holdinqinin bu ilin əvvəlində açıqladıqları maliyyə hesabatında da şirkətlərin göstəricilərinin xeyli pisləşdiyi gizlədilməyib. Bank və sığorta göstəriciləri xeyli pisləşən holdinqin təkcə manatın iki devalvasiyasından zərəri 69 milyon manatdan çox olub. Hesabatda deyilib ki, holdinq istehsal, sığorta və bank sektorlarında toplam 121.5 milyon manat zərərə düşüb. "Dərnəgül Boru Zavodu” QSC-də maliyyə hesabatında da 8 milyon manat zərərə düşdüyü açıqlanıb.

Holdinqinin yaxşı vaxtlarında həndbola pul ayırmayan Babayevin bundan sonra dərdə dərman olmayacağını artıq hamı anlayıb. Əldə etdiyimiz məlumata görə, həndbol (üstəlik, kişi həndbolu da!) gələn il Bakıda keçiriləcək İslam Oyunlarına boşuna daxil edilməyib. MOK hazırda federasiya prezidenti postuna pul yatırımı edə biləcək namizəd axtarır. Təsadüfi deyil ki, Qaynarinfo.Az-ın əməkdaşının sualından sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də bildirib ki, noyabrda MOK-un VII Baş Məclisində federasiyalara pul ayırmayan prezidentlərin istefası tələb olunacaq. Artıq Heydər Babayevə ayrılmaq istədiyi yol görünüb və heç kəs onu saxlamaqda maraqlı deyil. Böyük ehtimalla, bu ilin sonları və ya gələn ilin əvvəllərində yeni prezidentin kim olduğunu artıq biz biləcəyik.