BolgeXeber.Com » Xəbərlər » Əhmədzadənin idarəsində Yusif Ələsgərov xanədanlığı – GİZLİ FAKTLAR

Əhmədzadənin idarəsində Yusif Ələsgərov xanədanlığı – GİZLİ FAKTLAR

17-11-2016, 15:24
Oxunub: 3 174 Əhmədzadənin idarəsində Yusif Ələsgərov xanədanlığı – GİZLİ FAKTLARƏhməd Əhmədzadənin rəhbəri olduğu bu qurumun yerli idarə və müəssisələri də büdcədən ayrılan pullar hesabına bu illər ərzində xeyli varlanıblar

Bunu bir müddət əvvəl ləğv edilmiş Dövlət Satınalmalar Agentliyinin yaydığı məlumatlardan da aydın şəkildə sezmək mümkündür. Meliorasiya və Su Təsərrüfatı QSC-nin nəzdində fəaliyyət göstərən və rayonun əkin sahələrinin suvarılması məsuliyyətini üzərinə götürmüş Abşeron Suvarma Sistemləri İdarəsində sözün həqiqi mənasında dərəbəylik hökm sürür. İdarənin rəisi Yusif Ələsgərovun rəhbərliyi altında büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənmədiyini isə bilməyən yoxdur. Amma…
İşin amması ondan ibarətdir ki, idarəyə rəhbərlik edən Yusif Ələsgərovun heç kimin sözünə qulaq asmamaqla yanaşı, həm də intriqabaz biri kimi tanınmasıdır. Onun ümumilikdə götürdükdə Əhməd Əhmədzadəyə də əhəmiyyət vermədiyi deyilir. Səbəbi isə başqadır. Abşeron Suvarma Sistemləri İdarəsininin rəisi Y.Ələsgərovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc faktlarla rastlaşdıq ki, onların bir hissəsini diqqətinizə çatdırırıq.
Heydər Əliyevin sərt tənqidi və yenidən “parlama”
İlk olaraq sözügedən şəxsin keçmişinə bir qədər nəzər salaq. Ələsgərov xeyli əvvəl Bakıelektrik İdarəsinin müdiri olub. Amma burada ulduzu uzun müddət parlamayıb. Ona görə ki, dövlət tədbirlərindən birində sabiq prezident Heydər Əliyev çıxış edərkən işıqlar sönüb. Durumun ağırlığından və üzləşəcəyi tənqidlərdən dolayı Yusif Ələsgərovun şəkəri qalxır və komaya düşür. Hətta onu zaldan xərəkdə xəstəxanaya aparırlar. Mediada yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, əslən Şərur rayonundan olan, “Bəy Mamed” kimi tanınan iş adamının xalası oğlu olan Ələsgərovun bəxti yenə gətirir. Həmin olaylardan bir qədər sonra, yəni ortalıq sakitləşən kimi «Bəy Mamaed» Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova minnətçi düşür. Məclis sədrinə müraciət edən iş adamı ondan xahiş edir ki, ağır şəkər xəstəsi olan xalası oğlunun vəziyyətini Heydər Əliyevə çatdırsın. Həmçinin onu da təvəqqe edir ki, dövlət başçısı Yusifi bağışlasın və ona yeni bir iş versin. Bu danışıq uğurla başa çatır.
Və Yusif Ələsgərov «Azərsu» QSC-də işə düzəlir. Lakin burada da duruş gətirə bilməyib, yeni iddialarla çıxış etməyə başlayır. Qısa müddətdə birinci müavin, ardından isə QSC-nin prezidenti olmaq həvəsinə düşən sözügedən şəxs dinc durmayıb, «Azərsu»nun o vaxkı rəhbəri ilə bağlı kompromatları mətbuata ötürür. Bundan xəbər tutan «Azərsu»nun həmin vaxtkı prezidenti Oqtay Əsədov dərhal Ələsgərovu işdən çıxarır. Qovulan Yusif Ələsgərovun yardımına bu dəfə də xalası oğlu çatır. «Bəy Mamed» bu dəfə onun xahişini Əhməd Əhmədzadədən edir. Qısa müddət ərzində adıçəkilən şəxs qeyd olunan qurumda fəaliyyətə başlayır.
Oqtay Əsədovla qarşıdurma və Əhmədzadənin gücsüzlüyü
Abşeron Suvarma Sistemləri İdarəsinə rəis təyin olunan Yusif Ələsgərov təbii ki, burada da köhnə şakərlərindən əl çəkmir. Qisas almaq üçün «Azərsu» haqqında bildiyi bütün məlumatları mətbuata ötürür və iş o həddə çatır ki, Oqtay Əsədovun az qala spikerliyinin üzərindən xətt çəkiləcəkmiş. Həmin vaxt Əsədov Əhmədzadə ilə danışaraq, ondan Yusif Ələsgərovu işdən çıxarmağı istəyir. Bu dəfə də qanının arasına «Bəy Mamed» girir və məsələ müsbət şəkildə həll olunur.
Maraqlı məqamlardan biri də odur ki, Abşeron Suvarma Sistemləri İdarəsinin müdiri, həm də Əhməd Əhmədzadəni ram edərək, onu «ovucu»nun içində saxlamağı bacarır. Belə ki, cumhuriyyet.az olaraq bildirək ki, mediada yer alan məlumatlara görə, Ələsgərov QSC rəhbərini daima təzyiq altında saxlamaq üçün hal hazırda da mətbuata bəzi məlumatlar sızdırır ki, Əhmədzadə ondan daima asılı vəziyyətdə qalsın. Qeyd edək ki, Abşeron Suvarma Sistemləri İdarəsi böyük bir əraziyə nəzarət etsə də, ona il boyu ayrılan vəsaitin həcmi heç bir Suvarma Sistemləri İdarəsində müşahidə edilməyib. Bunun konkret səbəblərinin olduğunu iddia edən mənbə vurğulayıb ki, Əhməd Əhmədzadə Ələsgərovun qarşısında duruş gətirə bilmədiyi üçün ona xeyli güzəştlər edir. Yusif Ələsgərov hətta Əhmədzadənin köməkçisini də pulla ələ alıb. Məqsədi isə QSC rəhbərinin yerinə keçməkdən başqa bir şey deyil. Bunun üçün isə hazırda mətbuata informasiyaların sızdırılması hazırlıqlarına başlayıb.
Media qalmaqalları və kompromatlar
Axırıncı dəfə Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun mətbuatda çıxışına “Xalq qəzeti”nin 28 noyabr 2008 – ci il tarixli buraxılışında rast gəlinib. Sonrakı illərdə hansısa KİV-ə müsahibə verdiyi nəzəri cəlb etməyib. Bunun səbəbi barədə düşünəndə ilk ağıla gələn bu olur ki, yəqin idarənin aktivinə yazılası uğurları o qədər də çox olmayıb. Halbuki, sahənin inkişafına yönəldilən maliyyə vəsaiti son on ildə artırılıb ki azalmayıb. Bircə 2010-cu il üçün Yusif bəyin “bəraətverici alibisi” var: Sinəsinə döyməyi sevir ki, 2010-cu ildə Kür daşqınları zamanı Aran bölgəsində selin nəticələrinin aradan qaldırılması, fəlakətin miqyasının genişlənməməsi üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin başqa struktur vahidlərindən, hətta ASC-nin Komplektləşdirmə və Təchizat İdarəsindən də, Sabirabad Kür – Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri Elman Nuriyevdən də çox iş görüb, Abşeron SSİ-nin texnikasını, balansda olan maşın-mexanizmləri qısa zaman kəsiyində səfərbər edərək, fəlakət bölgəsinə göndərib.
Məhrəm məclislərdə Kür – Araz çaylarında Bəndlərin İstismar İdarəsinin ekstremal vəziyyətlərdə qeyri-qənaətbəxş fəaliyyətini vurğulamağı ilə Yusif Ələsgərovun əslində hansı bostana daş atdığı məlumdu. Y. Ələsgərovun ASC-yə sədr müavini kreslosuna göz dikdiyi barədə söhbət çoxdan vardı. Həmin idarəyə Elman Nuriyevdən qabaq hazırda “Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini vəzifəsində işləyən və su təsərrüfatında söz sahibi sayılan Zakir Quliyev rəhbərlik etmişdi. İctimaiyyətə məlumdu ki, Zakir Quliyev özü ASC-də ikinci mühüm posta keçəndən sonra E. Nuriyevi öz yerinə irəli çəkmiş, Sabirabad və qonşu rayonlarda yerləşən su təsərrüfatı idarələrinin rəhbərlərinin fəaliyyətinə nəzarəti də həyata keçirməkdədir. Eşitsək təəccüblənməyə dəyməz ki, bu ərəfələr bəzi KİV-də Zakir Quliyev və onun “Cavad qruplaşması” haqqında gedən tənqidi yazıları stimullaşdıran da məhz Y. Ələsgərov olub. Saytlardan biri idarə rəisinin “Sunset” restoranında yüngül əxlaqlı qadınların kampaniyasında çəkilmiş çılpaq şəkillərini “araşdırmalardan sonra oxucuların ixtiyarına verəcəyini” vəd etsə də, yəqin ki Yusif bəy ayıq başla məsələyə reaksiya verməyi bacardığından, saytı fikrindən döndərə bilmişdir…
Korrupsiya və suyla axan milyonlar
Daxil olan məlumata görə, idarənin rəisi Yusif Əsgərov külli miqdarda dövlətə ziyan vurma və dövlət əmlakını mənimsəməkdə günahlandırılır. Onunla bağlı yaxın zamanlarda araşdırmaların başlanılmasına qərar veriləcək. Məlumatda deyilir ki, indiyə qədər Abşeron SSİ-də xeyli neqativ hal qeydə alınıb. Amma kimlərsə Yusif Əsgərovu qoruya bilib. Belə ki, göstərilən SSİ-nin rəisi Yusif Ələsgərov bütün vasitələrdən istifadə edərək ” sükanı” saxlamağa nail olub.
Məlumata görə idarə rəisi Yusif Ələsgərovdan ASC rəhbəri Əhməd Əhmədzadəyə də dəfələrlə şikayət olunub. Mənbə bildirir ki, Abşeronda dövlət əmlakının mənimsənilməsi və ASC-nin yerli idarəsindəki qanunsuzluqlar məhz Yusif Əsgərovun şəxsi maraqlarından irəli gəlib.
Onun sözlərinə görə, rayonda fəaliyyət göstərən Samur-Abşeron magistral kanalların istismarı idarəsinə vaxtaşırı dövlət tərəfindən xeyli vəsait ayrılır. Yusif Əsgərov isə yaxın dostu Möhübbət Musayevlə bu vəsaitləri öz şəxsi büdcəsi hesab edirlər. Daha doğrusu, o, özünü ASC-nin bu rayondakı bütün müəssisələrinin kuratoru hesab edir. Bundan başqa, rayonda qış otlaqların su təminatı sistemlərinin istismarı idarələrində də özbaşınalıqların olduğu iddia edilir. Belə ki, qış otlaqları su təminatı sistemlərinin istismarı idarələri respublikanın 1025 min hektar qış otlaqlarında qışlayan mal-qaranı su ilə təchiz təchiz edir və sistemə daxil olan boru kəmərlərini, hidrotexniki qurğuları, nasos stansiyalarını və subartezian quyularının istismarı, təmiri və bərpası ilə məşğul olur. Amma Abşeronda vəziyyət tamamilə fərqlidir. Belə ki, rayonunda Qobustan qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarəsi də qanunsuzluqlardan kənarda qalmayıb.
Mənbə iddia edir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin həyata keçirilməsi zamanı isə ciddi maxinasiyalara yol verilib. Bütün bunların başında isə idarənin rəisi Möhübbət Musayevlə Yusif Əsgərov dayanıb. Məlumatı verən mənbə bildirir ki, yaxın günlərdə ASC-nin Abşerondakı idarəsində baş verənlərlə bağlı rəhbərliyə, şəxsən Əhməd Əhmədzadəyə yenidən şikayət olunacaq. 1937-сi ildə tikintisinə başlanmış “Samur-Abşeron kanalı” 1940-cu ildə Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri olub. Abşeronda yerləşir, mənbəyini Samur çayından götürür. Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir və Ceyranbatan su anbarına tökülür. Bu da Bakı və Sumqayıt şəhərlərinin əhalisini içməli su ilə təmin etməkdə mühüm rol oynayır.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!