BolgeXeber.Com » Xəbərlər » “Azəristiliktəchizat” dövlətin 76 milyonunu necə buxarlandırdı?

“Azəristiliktəchizat” dövlətin 76 milyonunu necə buxarlandırdı?

21-11-2016, 15:16
Oxunub: 1 919 “Azəristiliktəchizat” dövlətin 76 milyonunu necə buxarlandırdı? Bu qurumdan ölkənin ən məşhur köşə yazarı da şikayətçidi; ASC rəsmisi isə deyilənlərin həqiqət olmadığını söyləyir, işlərin normal getdiyini deyir

Noyabrın 15-dən etibarən ölkədə rəsmi olaraq qış rejiminə keçilib. Amma bir çox sahələrdə, o cümlədən mənzillərə istiliyin verilməsi ilə bağlı problemlər qalmaqdadır. Ötən ay havalar kəskin soyuyanda, qış rejiminə keçməklə bağlı mətbuat yazdı, televiziyalar çəkib göstərdi, sosial şəbəkələrdə müzakirələr getdi. Bunlara baxmayaraq, hökumət israrla istilik sistemini işə salmadı. Bu, qanunvericiliklə əsaslandırıldı, bildirildi ki, qış rejiminə noyabrın 15-dən tez keçilə bilməz. Bu gün noyabrın 19-dur, hələ də Bakıda istilik verilməyən xeyli bina var. Bununla bağlı redaksiyamıza mütəmadi olaraq şikayətlər daxil olur. Həmçinin qəzetin əməkdaşları arasında da mənzillərinə istilik verilməyənlər var.
“Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı “Azəristiliktəchizat” ASC-nin artıq ikinci ildir ki, yaşadığı binanı ümumi istilik sisteminə qoşmadığını bildirdi: “2015-ci ilin yayında ”Azəristilik” əməkdaşları gəlib bizə bəyan etdilər ki, həyətinizdə qazanxana tikilir, hər kəs pul yığıb mənzildaxili istilik sistemini bərpa etsin. Son 20 ildə binada istilik sistemi olmadığına görə insanların hamısı istilik xətlərini kəsib atmışdı.
Hamımız pul yığdıq, mənzillərdə istilik sistemini bərpa etdik, ara xətləri də çəkdik, zirzəmiyə qədər bütün xətləri apardıq. Burada 6 beşmərtəbəli binaya və bir doqquzmərtəbəyə istilik verilməli idi. Amma həmin ilin oktyabr ayında onlar bir beşmərtəbəli binanın iki blokuna qazanxanadan borular çəkdilər, onu binadaxili xətlərə birləşdirdilər və çıxıb getdilər. Camaat nə qədər şikayət etdisə, faydası olmadı. Dedilər ki, pul qurtarıb, qalan xətləri çəkə bilmirik. Təbii ki, bu, uydurma idi. Layihəyə pul ayrılmışdı, sadəcə, onlar o pulu “yemişdilər”, ardı gəlməmişdi. Ona görə keçən il istilik verilmədi, sakinlər qışı qızdırıcılarla birtəhər yola verdi. Bu ilin yayında isə vəsait tapdılar, binanın zirzəmisinə qədər boruları çəkdilər. İndi daha əcaib bir problem ortaya çıxıb: deyirlər ki, binanın zirzəmisindəki xətləri boruya özünüz birləşdirin. Biz də onları başa sala bilmirik ki, biz dövlətin xəttinə nə isə birləşdirə bilmərik. Hazırda belə bir narazılıq var. Bu qurum Azərbaycanda ən fırıldaqçı və saxtakar idarələrdən biridir. İndi belə çıxır ki, bizim həyətimizdə qazanxana işləyir, ancaq biz oradan istilik ala bilmirik”.
Qeyd edək ki, hazırda onlarla binanın sakinləri oxşar problemlə qarşılaşıb. Həmçinin paytaxtda ümumiyyətlə istilik sisteminə qoşulmayan binalar da var. Məlumat üçün deyək ki, “Azəristiliktəchizat” ASC prezidentin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı əsasında yaradılıb. Ötən 5 ildə isə bu quruma 76 milyon 191 min 834 manat pul ayrılıb. Qurum dövlət büdcəsindən 2012-ci ildə 19 milyon 137 min 692 manat, 2013-cü ildə 32 milyon 774 min manat, 2014-cü ildə 13 milyon 517 min 373 manat alıb və müxtəlif tenderlərdə satınalmalarda xərcləyib. Lakin xərclənən bu milyonlara rəğmən bu gün də nəinki ölkə ərazisində, paytaxtın mərkəzində belə istilik sistemi ürəkaçan vəziyyətdə deyil. Hətta ötən il isə “Azəristiliktəchizat”la “Azəriqaz” arasında yaranmış borc mübahisəsi səbəbindən paytaxt ərazisində istiliyin verilməsi total olaraq 10 gündən çox gecikib.
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, hazırda bu qurum tərəfindən mənzillərə istiliyin verilməsi ilə bağlı kütləvi heç bir problem yoxdur: “Lokal şəkildə bizə müraciətlər daxil olur. Ola bilər ki, bir binanın bir hissəsində istilik olur, bir hissəsində olmur. Onların hər birinə fərdi şəkildə yanaşıb problemin səbəbini tapmaq lazımdır. Qazanxanalarda heç bir problem yoxdur, hamısı işə düşüb. Fərdi problemləri isə məntəqələrdəki əməkdaşlarımız həll edirlər. Əsas problemlər binaların zirzəmilərində, binadaxili xətlərdə, mənzildaxili sistemlərdə olur. Elə sakinlərimiz var ki, mənzilində istiliyin olmaması ilə bağlı şikayət edir. İşçilərimiz gedib baxır ki, radiatoru bağlıdır. O dərəcədə xırdaçılıqla işçilərimiz maraqlanırlar. Elə problem də var ki, binadaxili xətlərdədir”.
Sakinlərin binadaxili və mənzildaxili xətləri şəxsi büdcələri hesabına təmir etdirməsinə münasibət bildirən Rafiq Əliyev bildirdi ki, mövcud qanunvericiliyə görə, “Azəristiliktəchizat”ın xidmət sərhədi idarənin balans mənsubiyyəti ilə müəyyənləşdirilir: ““Azəristiliktəchizat”ın balansında qazanxana və binaya qədər olan məhəllədaxili xətlərdir. Binanın girişində “Azəristiliktəchizat”ın sərhədi bitir və ora artıq bina mülkiyyətçisinin və balanssaxlayıcı təşkilatın əmlakıdır. Mənzildaxili istilik sistemlərinə isə mənzil sahibi cavabdehdir. Düzdür, biz indiyədək 1800-dən çox yaşayış binasının aşağı paylayıcı sistemini bərpa etmişik. Yalnız o halda biz bunu edirik ki, həmin binaların təmiri dövlətin inkişaf proqramına daxil edilir, o işin icrası “Azəristiliktəchizat”a həvalə edilir və bununla bağlı Nazirlər Kabineti tərəfindən konkret tədbirlər planına uyğun olaraq investisiya ayrılır. Qalan vaxtlarda isə biz yalnız öz balansımızda olan qazanxanalara və binaya qədərki məhəllədaxili xətlərə cavabdehik. Lakin bəzi hallarda binadakı problemlərin həllini də əməkdaşlarımıza həvalə edirik. Məsələn, binanın zirzəmisində su axırsa, əməkdaşlarımızı o problemin aradan qaldırılması üçün həmin ünvana göndəririk. Hansı ki, o, bizim işimiz deyil. Ancaq bu o demək deyil ki, kütləvi şəkildə bütün binalarda binadaxili istilik sistemlərinə “Azəristilik” cavabdehdir”.
Rafiq Əliyev onu da bildirdi ki, dövlətdən ayrılan investisiya ilə bu il 3 yeni qazanxana modernləşdirilib, 20-yə yaxın yaşayış binasının aşağı paylayıcı istilik sistemi bərpa edilib, 8 ədəd qazanxananın isə qazlaşdırılması layihəsi həyata keçirilib: “Bundan əlavə, payız-qış mövsümünə hazırlıqla bağlı min kilometrə qədər məhəllədaxili istilik xətlərini hidravlik təzyiqlə yuduq, yoxladıq, bunlardan 20 kilometrə qədər hissə dəyişdirildi və təzəsi ilə əvəz olundu. Bundan başqa, ”Azəristiliktəchizat”ın xidmət zonasında olan bütün qazanxanalarda qazanlar kimyəvi üsullarla təmizləndi. Magistral xətlərdə 16200 kvadratmetr istilik xəttinin izolyasiya qatı dəyişdirildi, təzəsi ilə əvəz olundu. 550 qazanxana, 92 istilik məntəqəsi yoxlanılıb hamısı istismara hazır vəziyyətə gətirilib və işə salınıb. Bu il “Azəriqaz”la heç problem yaşanmayıb. Bütün qazanxanaların qazı açıqdır, hamısı da qrafikə uyğun olaraq noyabr ayının 15-dən işə salınıb”.
Məktəblərə istiliyin verilməsinə gəlincə, Rafiq Əliyev məktəblilərin tətildə olması səbəbindən bunun mümkün olmadığını qeyd etdi: “Hazırda məktəblilər tətildədir, məktəblərdə demək olar ki, heç kim yoxdur. Hansı məktəbdə adam varsa, bizə müraciət edirlər, istilik sistemini açırıq. Hansı məktəb boşdursa, oranı bağlı saxlayırıq. Qorxuruq ki, suyu versək, hansısa sinifdə problem ola bilər, sinif otağını su basar. Ona görə də bəzi məktəblərlə bağlı direktorun bizə müraciət etməsini gözləyirik”.

“Yeni Müsavat”