BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda şadlıq evləri bir ucdan satışa çıxarılır – Araşdırma

Azərbaycanda şadlıq evləri bir ucdan satışa çıxarılır – Araşdırma

20-12-2016, 12:08
Oxunub: 2 856 Azərbaycanda şadlıq evləri bir ucdan satışa çıxarılır – AraşdırmaÖtən il dekabrın 21-də Azərbaycan manatı kəskin devalvasiyaya uğradıqdan sonra ölkədə əksər biznes sahələrində ciddi böhran başlayıb

Böhran toy biznesindən də yan keçməyib və son aylarda başda Bakıdakı şadlıq evləri olmaqla, ölkə boyu restoranların müştəri sarıdan kəskin şəkildə qıtlıq çəkdiyi hiss edilir.

Görünür, elə bunun nəticəsidir ki, istər paytaxtda, istərsə də əyalətlərdə satışa çıxarılan şadlıq evlərinin sayı göz-görəsi çoxalıb. Bu, Qaynarinfo.Az-ın apardığı araşdırma nəticəsində məlum olub.

Belə ki, daşınmaz əmlak alqı-satqısı üzrə ixtisaslaşmış saytlardakı elanların monitorinqi satışda kifayət qədər şadlıq evinin olduğunu göstərir. Hətta 7-8 ay öncədən satışa çıxarılan şadlıq evləri var ki, bu da onlara müştəri tapılmasının heç də asan olmadığının göstəricisidir.

Bəs şadlıq saraylarının satış qitmətləri necədir?

Binəqədi rayonun Biləcəri qəsəbəsində satışa çıxarılan və ümumi sahəsi 4700 m2 olan, 2 mərtəbəli, 450-500 nəfərlik şadlıq sarayı, 100-150 nəfərlik 2 banket zalı, eləcə də geniş avtomobil dayanacağı, ailəvi restoranı, qış kabinetləri (əla təmirli), 3 ticarət köşkü olan obyektə konkret qiymət qoyulmayıb, real alıcıya qiymətdə qarşılıqlı razılaşmaq təklif edilir.

Sabunçu rayonunun mərkəzində, geniş “parkovkalı”, yeni təmirdən çıxmış, luks təmirli,350 nəfərlik və 100 nəfərlik olmaqla iki zaldan ibarət, bahalı avadanlıqlar və 1200kv.m2 sahəyə malik şadlıq sarayına 2,5 mln. Manat qiymət qoyulub.

Bakıda satışa çıxarılan başqa bir şadlıq sarayı isə 20 sot ümumi sahəyə malikdir, sadlıq sarayının özü 6 sotda tikiliib, ikimərtəbəlidir, ilk mərtəbəsi ticarət köşklərindən ibarətdir və icarədədir, yerdə qalan 14 sotun da tikinti ucun sərəncamı alınıb. Bu şadlıq evinin satış qiyməti 900 min manatdır.

Əyalətlərdə də satışa çıxarılan şadlıq evləri yetərincədir. Məsələn, Xaçmazda təcili olduğuna gore satılan sadliq sarayı 1000 m² sahəyə malikdir və 800 min manata təklif olunur.

Gəncədə isə cəmi iki ildir fəaliyyətə başlamış restoran 300 kv/m sahəyə malikdir, özəlləşdirilib və bütün avadanlıqları ilə birlikdə 320 min dollara və ya 580 min manata satışa çıxarılıb.

Qeyd edək ki, ekspertlərin fikrincə, hazırda iqtisadi sektorda baş verən geriləmə, o cümlədən əhalinin gəlirlərinin azalması, devalvasiyadan sonra qiymətlərin sürətlə dəyişməsi toy biznesinə də təsirsiz ötüşməyə bilməzdi, çünki toy uzun müddətli prosesdir. Ailələr bu xeyir iş üçün əvvəlcədən hazırlaşırlar. Toy ərəfəsində alınan zinət əşyaları, mebel və digər əşyalar xarici istehsal olduğu üçün qiymətlərdə artım baş verib. Təkcə qızılın qiymətində 50 faiz artım baş verib ki, bu da toy xərclərini artırır. Ona görə də hazırda Azərbaycanda toyların sayı əvvəlki illərlə müqayisədə təxminən yarıbayarı azalıb.

Belə vəziyyətdə toy sifarişləri də kəskin azalan, saxlanılması isə böyük xərc tələb edən şadlıq saraylarının satışa çıxarılmasını heyrətlə qarşılamaq lazım deyil.
Bolgexeber.com