BolgeXeber.Com » Xəbərlər » "Tağı Əhmədovu Eldar Mahmudovun tapşırığı ilə dinləmişik" - MTN generalı

"Tağı Əhmədovu Eldar Mahmudovun tapşırığı ilə dinləmişik" - MTN generalı

28-12-2016, 18:04
Oxunub: 2 031 "Tağı Əhmədovu Eldar Mahmudovun tapşırığı ilə dinləmişik" - MTN generalıBakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Akif Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib. O bildirib ki, bugünkü məhkəmədə ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin həbsdə olan rəhbəri general Teymur Quliyev sərbəst ifadə verib.

O, ifadəsində qeyd edib ki, işlədiyi dövrdə heç vaxt qanun pozuntusuna yol verməyib və təlimata uyğun işləyib: "Nazir Eldar Mahmudovun imzaladığı tələbnamə əsasında nömrələr dinlənilib. Ümumiyətlə bütün fəaliyyət dövründə bu cur çalışmışıq. Biz kimdənsə məhkəmə qərarı istəməmişik. Çünki nazirin tələbnaməsi var idi. Bizim idarə köməkçi idarə olduğundan bizim nəyisə tələb etmək subyektimiz olmayıb. Dövlət qurumları tərəfindən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi tərəfindən bizə dinləmə ilə bağlı müraciətlər daxil olurdu və bu müraciətlər əsasında müəyyən şəxslərin telefonları dinlənirdi".

Həbsdə olan general onu da qeyd edib ki, sabiq metropoliten rəisi Tağı Əhmədovun da telefonlarının dinlənilməsi nazir Eldar Mahmudovun tələbnaməsi əsasında olub.

Akif Çovdarov da bununla bağlı arayış verib. O bildirib ki, bəzi açılmayan cinayət işinin araşdırılması məqsədi baş prokurorun müavini Rüstəm Usubov müraciət edirmiş: "Həmin müraciətlər nazirə məruza olunurdu, sonra onun tələbnaməsi əsasında nazirliyin Monitorinq Mərkəzinə yönəldilirdi. Orada artıq dinləmələr aparılırdı".

Şahid qismində Çovdarovun sürücüsü Nurxan Atakişiyev çıxış edib. O, ifadəsində qeyd edib ki, ötən proses burda ifadə verdikdən sonra DTX-da çalışdığı sürücü vəzifəsindən azad edilib.

Bundan sonra sürücü Tağı Əhmədov epizodu üzrə ifadə verib.

İttiham aktında qeyd edilib ki, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov Akif Çovdarova pul verərkən Nurxan Atakişiyev orda olub.

Sürücü isə məhkəmədə bildirib ki, ittihamda həmin hissə həqiqəti əks etdirmir: "İstintaqda biz ifadə verən zaman Ruslanla məni üzləşdirdilər. Ruslandan soruşdurlar ki, məni tanıyırmı?! O isə tanımadığını dedi. Onlar hətta ifadələrində bizim maşının nömrəsini də səhv demişdi. Müstəntiq ona deyəndə ki, mən Çovdarovun sürücüsüyəm. Ondan sonra məni tanıdı və başını yellədi".

Çovdarovun sürücüsü onu da qeyd edib ki, pul alıb verilməsi məsələsi yalandı: "Çünki Əli qeyd edir ki, bizi "Land Rover"də görüb. Halbuki bizdə iki maşın varıydı. "Maksima" və "Land Rover". Çox zaman "Maksima"da olurduq. Çünki müəllim yaşlı adamıydı, qalxıb də bilmirdi. Səhhətində problemlər olurdu. Yalnız qış aylarında "Land Rover"dən istifadə edirdik. Həmin pul olan söhbətlərdə biz "Maksima"dan istifadə edirdik".

Proses 2017-ci ilin yanvarın 9-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla

hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.