BolgeXeber.Com » Xəbərlər » Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən yazılanlara təkzib gəldi

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən yazılanlara təkzib gəldi

16-05-2017, 17:15
Oxunub: 2 781 Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən yazılanlara təkzib gəldiÜmumiyyətlə, qabaqcıl dünya təcrübəsində informasiyanın pulla satılması prinsipi mövcuddur. İnformasiyanın satılması nəticəsində əldə edilən vəsait toplanılır, proqnozlaşdırılır və xərclənir

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın xidmət haqqı ödənişlərində bəzi anlaşılmazlıq yarandığı ilə bağlı yazılar yazılmışdı.
ƏMDK-nin hüquqşünasları tərəfindən bu məsələ araşdırılaraq aydınlıq gətirilib və sözügedən xidmət haqqının hansı səbəblə alınmasına dair geniş açıqlama verilib:
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın xidmət haqqı ödənilməklə verilməsinin düzgün hesab edilməməsi barədə yazılara Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır.

Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə əsasən, Xidmətin saxlanma xərclərindən biri tabeliyində olan yerli qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitlərdir.

Özünümaliyyələşdirmə qaydasında fəaliyyət göstərən Xidmətin ərazi idarələri fiziki və hüquqi şəxslərə göstərdikləri xidmətlərə görə xidmət haqqı alırlar. Həmin xidmət haqqı onların büdcəsinə köçürülməklə, ilk növbədə ərazi idarələrinin işçilərinin vəzifə maaşlarının verilməsinə xidmət edir.

Ümumiyyətlə, qabaqcıl dünya təcrübəsində informasiyanın pulla satılması prinsipi mövcuddur. İnformasiyanın satılması nəticəsində əldə edilən vəsait toplanılır, proqnozlaşdırılır və xərclənir. Bu hal dövlət büdcəsindən əlavə vəsait ayrılmadan qeydiyyat orqanının özü-özünü maliyyələşdirməsi kimi qəbul olunur.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə dövlət rüsumu 10 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli, 4 nömrəli Qərarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi üçün 20 manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi müvafiq qaydalara riayət edilməklə həyata keçirilir.

Bolgexeber.com