BolgeXeber.Com » Xəbərlər » Qəbul imtahanında yeni test üsulu tətbiq ediləcək – Məleykə Abbaszadə bunu demək istəyirmiş...

Qəbul imtahanında yeni test üsulu tətbiq ediləcək – Məleykə Abbaszadə bunu demək istəyirmiş...

24-08-2017, 18:31
Oxunub: 2 660 Qəbul imtahanında yeni test üsulu tətbiq ediləcək – Məleykə Abbaszadə bunu demək istəyirmiş...Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək

“Gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər. Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

“Hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”-deyə M.Abbaszadə bildirib.

Amma test üsulunun ləğvi cəmiyyətdə birmənalı qarşılanmır. Test üsulunun ləğvinin gələcəkdə neqativ hallara yol açacağı ilə bağlı fikirlər mövcuddur.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Bolgexeber.com-a açıqlama verib.
Hesab edirəm ki, ilk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir.

Hesab edirəm ki, XXI yüzilliyin tələbləri tamam başqadır. Biz XX yüzillikdə ancaq bilik verməklə məşğul olduq. Bu cəmiyyətdə yaşayan hər bir insan minimal biliklərə malik olmaqla, müəyyən sosial insani davranışlara, cəmiyyətdə adaptasiya, öz Mən-ini qoya bilmək bacarığına malik olmalıdır. Bu isə məktəbəqədər tədris müəssisələrindən başlayıb, mərhələli şəkildə ailədə, cəmiyyətdə, oxuduğu təhsil müəssisəsində formalaşmalıdır. Orta məktəblərdə vacib fənlər tədris olunmalıdır. Ölkəşünaslıq, mədəniyyətşünaslıq kimi fənlər insanın formalaşmasında, yetişməsində, həmin bilik və bacarıqların aşılanmasında vacibdir. Dinşünaslığın bir elm şəklində, əxlaq və mənəviyyat dərsi kimi tədrisi çox vacibdir. Bu gün bizim orta məktəblərin qarşısında duran əsas vəzifə hərtərəfli, sosial cəmiyyətə adaptasiya ola bilən, dürüst, layiqli, ədalətli, obyektiv, öz hüquqlarını bilən insanın yetişdirilməsidir. Məhz qəbul imtahanlarında da bu nəzərə alınmalıdır.

Test üsulu qəbulda insan faktorunu aradan qaldırdı, əvvəllər üzbəüz imtahanda qeyri-obyektivliyə yol verilirdi, lakin artıq 24 ildir ki, bunu müşahidə etmirik. İkincisi, test imtahanı vaxt qazanmaq baxımından əlverişlidir. Əvvəl ali məktəbə qəbul üçün 4 fəndən imtahan verilirdi, bu da ümumilikdə bir ay çəkirdi. İmtahan nəticələrinin vaxtında yoxlanılıb abituriyentə çatdırılması problem idi. Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir. Burada qiymətləndirmə nisbidir. Testin başlıca məqsədi obyektiv qiymətləndirmə, neqativ hallara yol verməməkdir. Digər tərəfdən, test imtahanında təkmilləşməyə ehtiyac var. İmtahan fənlərinin sayının artırılıb-azaldılması, sözsüz ki, təkmilləşmə deyil. Yaxşı olar ki, məntiqə əsaslanan suallar tərtib olunsun. Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır. Həmçinin, formanın da təkmilləşdirməsinə ehtiyac var.
Təbriz Məhərrəmoğlu
Bolgexeber.com