BolgeXeber.Com » Xəbərlər » Redaktorlar hansı kitabları oxumağı məsləhət görürlər? - SİYAHI

Redaktorlar hansı kitabları oxumağı məsləhət görürlər? - SİYAHI

30-08-2017, 15:31
Oxunub: 1 995 Redaktorlar hansı kitabları oxumağı məsləhət görürlər? - SİYAHINaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanda oxunması zəruri olan kitablarla bağlı müvafiq sərəncam imzalayıb

Sərəncama əsasən, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən siyahıya 30 kitab daxil edilib. Onların arasında mərhum prezident Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti, “Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, Qurban Səidin “Əli və Nino” romanı, Gi de Mopassanın “Gombul” əsəri və başqaları yer alır.

Musavat.com mövzu ilə bağlı redaktorlar arasında sorğu keçirib və onlara “Siz əməkdaşlarınıza hər hansı kitabı oxumağı tövsiyə edirsinizmi? Onlara hansı 5 kitabı oxumağı məsləhət görərdiniz” sualları ilə müraciət edib.

Musavat.com saytının redaktoru Xalid Kazımlı məsələyə belə münasibət bildirib: “Mən öz əməkdaşlarımıza Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Sabir Azərinin, Anarın, Elçinin, Əkrəm Əylislinin, Cek Londonun, Markesin, Steynbekin, Drayzerin, Selinceerin, Yaroslav Qaşekin, Vladimir Voynoviçin, Soljenitsının, Dovlatovun, Orxan Pamukun, Nobel mükafatı almış yazıçıların əsərlərini oxumağı tövsiyə edirəm. Nə qədər oxusaq, yenə azdır. Adam o yazıçıların siyahısına, əsərlərinin mündəricatına baxır və təəssüflə düşünür ki, bunların yarısını oxumaq üçün yeddi ömür kifayət deyil. İsmayıl Şıxlı, Fərman Kərimzadə, Fərman Eyvazlı, Əlabbas, Çingiz Aytmatov da bu siyahıya daxildir”.

Qafqazinfo.az saytının redaktoru Günel Əbilova sayt əməkdaşları ilə tez-tez kitablar barədə müzakirələr apardıqlarını deyib: “Kollektivimiz gənc olduğu üçün “Qafqazinfo”da bir-birimizə oxuduğumuz kitabları tövsiyə edirik. Bəzən hansısa əsərlə bağlı müəyyən müzakirələr aparırıq. Mənim oxumadığım əsər və ya kitab olursa, uşaqlar onu məsləhət bilir.Bir ara, hətta bir-birimizə kitab da hədiyyə edirdik. Nəzərə alsaq ki, saytda çalışan ən gənc işçinin yaşı 20-dən çoxdur və biz ona “sən bu kitabı mütləq oxumalısan” əmrini verə bilmərik. Kitab, həm də zövq məsələsidir. Özümə gəlincə isə, “kitab oxu” mövzusunda kiməsə məsləhət vermək üçün özümü tam hazır hiss etmirəm. Hər gün kitab oxuyanların qarşısında ayıb olar. Amma sevdiyim və heç unutmadığım kitablar var ki, onları oxumayanlara şiddətlə tövsiyə edə bilərəm.

1. Xalid Hüseyni "Çərpələng uçuran"
2. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim”
3. Etel Lilian Voyniç – “Ovod”
4. Bernhard Şlink – “Qiraətçi”
5. Kafka – “Çevriliş”

Ölkə.az saytının rəhbəri Məmməd Gülməmmədov bildirib ki, sözügedən sərəncamı dəstəkləyir: “Öncəliklə qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bu qeyri-adi sərəncamındakı kitabların siyahısını görəndən sonra bu sərəncama sözün əsl mənasında hörmətim yarandı. Məsələn, Cek Londonun "Həyat eşqi" hekayəsini, Ernest Heminqueyin "Qoca və dəniz" povestini tövsiyə edilənlər arasında görmək məni təəccübləndirdi. Həm də bir naxçıvanlı kimi həmyerlilərimin bu kitabları oxumasından sadəcə şad olaram. Redaksiyamızın əməkdaşlarına isə şəxsən tövsiyə edəcəyim 5 kitab bunlar olardı.

1. "Əsrimizin Səyavuşu" - M.Ə.Rəsulzadə,
2 . "Ana" - M.Qorki,
3. "Mənim adım qırmızı" - O.Pamuk,
4. "Dahi" - T.Drayzer,
5. "Anamın kitabı" — C.Məmmədquluzadə”.