BolgeXeber.Com » Xəbərlər » Bakıda şagird imtahandan 5 aldı, dərsə buraxılmadı

Bakıda şagird imtahandan 5 aldı, dərsə buraxılmadı

23-09-2017, 09:52
Oxunub: 2 545 Bakıda şagird imtahandan 5 aldı, dərsə buraxılmadıTəhsil Nazirliyi araşdırma aparır, direktor şagirdi liseyə buraxmır...

Kimya Biologiya Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Nərmin Mehtilinin işi üzrə Təhsil Nazirliyində sektor müdiri Almaz Əsgərli araşdırma aparır. Yeni tədris ilinin başlamasından 1 həftədən artıq vaxt ötsə də, N.Mehtili dərsə buraxılmır.

Məsələnin mahiyyəti budur ki, lisey rəhbərliyi əvvəlcə iddia edirdi ki, şagird imtahandan kəsilib və buna görə liseydən xaric olunur. Lakin valideynlərinin təkidi ilə imtahan təşkil olunub və imtahandan şagird 5 alıb. Bundan sonra bu arqument şagird dərs buraxıb arqumenti ilə əvəzlənib.
Bakıda şagird imtahandan 5 aldı, dərsə buraxılmadı

“Bizə məktəb rəhbərliyi bildirmişdi ki, 5 almağın faydası yoxdu. Bizdə elə bir pedoqoji şura var ki, onun qərarını məktəbin direktoru Kamran müəllimdən başqa Azərbaycanda heç bir qurum dəyişə bilməz. Ümid edirdik ki, nazirlik rəsmisi Almaz Əsgərli müəllimlərlə araşdırmada məktəb rəhbərliyinin tərəfini tutsa da sonda şagirdə kömək etmək niyyətini gizlətməmişdi. Nazirlik rəsmisi bizdən ayrılarkən əlaqə telefonu verdi və bizdə olan bəzi materalları götürdü. Obyektiv araşdırma üçün bizdə olan digər məlumatları da göndərməyimizi məsləhət bildi. Biz üzərimizə düşənləri dərhal etdik. Liseydən çıxarılması üçün planlı şəkildə payıza saxlanılan və məktəb tərəfindən hətta imtahan günü ciddi müqavimətə və təzyiqlərə tuş gələn 11-ci sinif şagirdi olan qızım ailə üzvlərimizin nəzarəti ilə keçirilən imtahanda bəlkə də heç vaxt, heç yerdə baş verməyən ilkə imza atdı. Payız imtahanından hamının gözü qarşısında kimyadan 5 qiymət almaqla bu təhsil ocağının rəhbərliyinin ”repetitorluq" mərəzinə düçar olduğunu və buradan böyük məbləğdə maddiyyatın əldə edildiyini ortaya qoydu. Keçən dərs ili bu liseydə Kamran Rəhimovun direktorluğu ilə 3-cü dərs ili olub. İnsan təhsilmizi məhv etmək üçün zamanı fövtə vermək istəmədən dərhal, özü də bütün potensialı ilə işə girişib. Liseyi özünün şəxsi biznesinə çevirib. Ən dəhşətlisi odur ki, bütün bunlar azmış kimi məktəbin direktoru bir neçə il bundan əvvəl Akademik Zərifə Əliyeva adına Liseydə özü ilə bərabər müəllim işləyən qardaşı İmran Rəhimovu da bu tədris ilində yanında işə götürüb. Bu həmin İmran Rəhimovdur ki, müəllimə və məktəbə yaraşmayan ləyaqətsiz hərəkətlərinə görə həmin vaxtlar məktəbin direktoru olmuş və hazırda Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva tərəfindən həmin liseydən uzaqlaşdırılmışdı. Ötən dərs ilinin əvvəlindən başlanan müəllim təcavüzü qızımı “repititorluq” mərəzinin qurbanına çevirdi. Perspektivli yeniyetmə qızımı məktəb adına yaraşmayan vasitələrlə yolun başlanğıcında elə vəziyyətə gətirdilər ki, əvvəlcə məktəbdən, sonra onu müdafiə etməyən cəmiyyətdən və hətta həyatdan küsdü" - deyə Nərmin Mehtilinin valideyni Dilarə Mehtiyeva bildirib.
İmtahandan bir neçə gün sonra ünvanlarına N.Mehtilinin liseydən xaric edilməsi ilə bağlı - 6 sentyabr tarixli 90 saylı məktub gəlib. Valideyn həmin məktubun surətini də redaksiyamıza təqdim edib. 15 sentyabrda isə ailəyə N.Mehtilinin təhsil aldığı məktəbdən xaric edilməsilə bağlı Lisey Pedaqoji Şurasının 13.09.2017-ci il tarixli, 1 saylı protokoluna əsasən lisey direkorunun imza və möhürü ilə təsdiq olunmuş 13 saylı əmri təqdim edilib. Valideynin sözlərindən belə aydın olur ki, K.Rəhimov bundan əvvəl Ayxan Baloğlanov, Aynurə Həsənova, Həsən Həsənov, Hüseyn Quluzadə, Rəşad Məmmədov, Elvin Mikayılov, Razi Mirzəzadə, Şamil Şahbazov və bir çox şagirdləri liseydən uzaqlaşdırıb. Təhsil Nazirliyinin bir rəsmisi isə valideynə deyib ki, qızını liseyə bərpa etsələr, həyətdə böyük bir şagird növbəsi yaranacaq: “O, bizə söylədi ki, əgər siz bu məsələnin daha dərindən araşdırılmasını istəyirsinizsə, nazirliyin daxili nəzarət şöbəsinə müraciət edə bilərsiniz. Onlar daha ətraflı araşdırar və ortada olan məlumatlar ekspertizadan rəy alar, onda biz daha ciddi lazımi tədbir görərik. Sizin eyni zamanda məhkəməyə müraciət etmək hüququnuz da var. İndiki halda vəziyyət belədir: direktor şagirdi bu liseydən çıxarıb. Onu bərpa etmək üçün mənim də səlahiyyətim yetmir. Şagirdi isə dərsdən kənarda saxlamaq olmaz. Araşdırma da və məhkəmə də xeyli vaxt istəyir. Nəticəsi də bəlli deyil. Məktəbli hansısa bir məktəbdə dərsinə davam etməlidir”.

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələnin araşdırıldığını və nəticəsi haqda mətbuata açıqlama veriləcəyini bildirib.

E.MƏMMƏDƏLİYEV