BolgeXeber.Com » Xəbərlər » Eldar Mahmudovun aqibəti nə olacaq?

Eldar Mahmudovun aqibəti nə olacaq?

2-11-2017, 15:49
Oxunub: 2 085 Eldar Mahmudovun aqibəti nə olacaq?Çovdarovun 33 milyonluq əmlakının siyahısı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq.“Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Hökmə əsasən, məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.Doğrudur, vəkil Kamandar Nəsibov hökmlə bağlı yazılanların bəzisinin həqiqət olmadığını, Çovdarov ailəsinin əmlakının bir hissəsinin özlərinə qalacağını deyib.Lakin hələlik söhbətin hansı dəyərdəki əmlakdan getdiyi açıqlanmayıb.

Çovdarovun 33 milyonluq əmlakının siyahısı

Xatırladaq ki, hələ xeyli əvvəl Akif Çovdarovun, onunla birlikdə həbs edilən, Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 1-ci idarəsinin rəisi Səlim Məmmədov və Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini Orxan Osmanov üzərinə həbs qoyulan əmlaklarının siyahısı açıqlandı. Məlum oldu ki, Çovdarovun əmlakının siyahısında Nizami rayonunda yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksinin (dəyəri 8.100.000 manat), Xətai rayonunda mənzil (dəyəri 115.500 manat), Biləcəri qəsəbəsində İbadət Çovdarovanın adına rəsmiləşmiş torpaq sahəsi (dəyəri 95.000 manat), Biləcəri qəsəbəsində Rövşən Qasımovun adına rəsmiləşmiş torpaq sahəsi (dəyəri 300.000 manat), Yasamal rayonunda yaşayış sahəsi (dəyəri 231.500 manat), Xətai rayonunda mənzil (dəyəri 125.000 manat) var. Təkcə Badamdar qəsəbəsində yerləşən torpaq sahələri və buradakı fərdi evlərinin qiyməti 3 milyon manata yaxın idi. Siyahı kifayət qədər uzundur, burada Çovdarovun Bakı ilə yanaşı, bölgələrdə də quldurluq yolu ilə ələ keçirdiyi torpaq sahələri var və onun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir

Eldar Mahmudovun 1 milyardlıq əmlakı

Artıq məhkəmə Çovdarovun əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb və özünə də 12 il həbs cəzası verilib. Başqa sözlə, Çodvarovun işi üzrə məhkəmə prosesi başa çatdı, lakin məsələnin yekunlaşması daha ilginc iddiaları ortaya çıxarıb.Məhkəmənin qərarı açıqlanandan sonra o ehtimal gündəmə gəldi ki, MTN işi bu ləğv edilmiş qurumun keçmiş başçısı Eldar Mahmudov prosesə daxil edilmədən bağlanıldı.Halbuki istər Çovdarov, istərsə də digər MTN əməkdaşlarının işləri üzrə keçirilmiş məhkəmələrdə hal şahidləri kimi dindirilən bir sıra şəxslər, o cümlədən, keçmiş rabitə naziri Əli Abbasov Mahmudova qarşı ittihamlar irəli sürmüşdü.Məsuliyyət xarakterli ittihamlar keçmiş MTN başçısının istintaqa cəlb etmək zərurətini yaratsa da, hansısa səbəbdən o, şifahi dindirilməyə də cəlb edilmir.Üstəgəl, hələ keçən ilin yanvar ayında mətbuatda Eldar Mahmudovun sahib olduğu əmlakının siyahısı yayılmışdı.

Bildirilirdi ki, MTN işi üzrə xüsusi istintaq qrupunun əlində sabiq nazir Eldar Mahmudovun həm ölkə daxilində, həm də xaricdə dəyəri 1 milyardı aşan əmlakının siyahısı var. Bunların sırasında xarici bank hesabları da var. O fakt üzə çıxdı ki, təkcə Eldar Mahmudovun oğlunun Londonda 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü var. Amma o da məlum oldu ki, Mahmudovların daşınmaz əmlakının əsas hissəsi İspaniya və Çexiyadadır. Mahmudovun Azərbaycandakı bütün əmlakları və şirkətləri də siyahı üzrə ortaya çıxdı. Sabiq nazirin ailəsinə məxsus “Caspian Crystal” holdinqinə restoranlar, mağazalar, avtosalonlar, villalar, tikintisi yarımçıq qalmış mülklər var. Başqa sözlə, istinaq araşdırması üçün kifayət qədər dəlillər olsa da Mahmudov bu günədək məsuliyyətə cəlb edilməyib. Üstəgəl, MTN-də özündən sonra əsas fiqur sayılan Çovdarovun işinin yekunlaşması ilə ortaya çıxan iddialar Eldar Mahmudovun hələ bir müddət də istintaqdan uzaqda saxlanılacağı ehtimalını yaradır.
Cebhe.info