BolgeXeber.Com » Xəbərlər » Oteldə cütlükdən nikah sənədi tələb edilə bilər? - Qanun

Oteldə cütlükdən nikah sənədi tələb edilə bilər? - Qanun

30-11-2017, 11:48
Oxunub: 3 215 Oteldə cütlükdən nikah sənədi tələb edilə bilər? - QanunÖlkə qanunlarına görə, turistlər otel və istirahət mərkəzlərinə yerləşən zaman nikah kağızı təqdim etməyə borclu deyil

Bunu vətəndaşdan tələb edən normativ sənəd də yoxdur. Ancaq nədənsə hələ də Azərbaycan otellərinə nikah şəhadətnaməsi olmayan cütlüklər buraxılmır. Mövzu dəfələrlə müzakirə olunub, məsələyə hətta nazir səviyyəsində reaksiya verilsə də, bu sahədə problem olduğu kimi qalır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, otellərdə rəsmən evli olmayan cütlüklərin eyni otaq şifariş verməsinə icazə yoxdursa, onda Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi otellərə normativ sənəd göndərməlidir:

“Sovet dövründə belə bir normativ sənəd var idi və otellərdə qalmaq istəyənlərdən nikahı təsdiqləyən sənəd həmin normativə görə tələb edilirdi. O normativdə hər şey dəqiq, səlis və aydın şəkildə qeyd edilmişdi. Hətta otel nikah şəhadətnaməsi olmadan müraciət edən iki şəxsi qəbul edirdisə, onlara iki ayrı otaq verirdi, vətəndaş da buna etiraz etmirdi. Çünki bunu otel özbaşına etməmişdi, normativ sənəd bunu tələb edirdi. Ancaq indi normativ sənəd yoxdur, varsa, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi otellərin hamısına bunu göndərməlidir”.

M.Ağakərimov bildirib ki, otellərin hərəsi özündən yeni nə isə kəşf edib onunla işləyir:

“Hansısa qadağanın bir əsası olmalıdır. Otel göstərməlidir ki, bunu hansı əsaslarla tələb edir, niyə nikah şəhadətnaməsi verilməlidir? Hər şeyi sənədlə, hüquq müstəvisində həll etmək lazımdır. Əgər belə normativ varsa, bütün otellərə təqdim edilməlidir. Normativ sənəd olmadığı halda otelin müştəridən evliliyi təsdiq edən sənəd tələb etməsi qanunsuzdur. Vətəndaş bu məqamda məhkəməyə müraciət edə bilər”.

M.Ağakərimov təklif edir ki, otel rəhbərlərinə, menecerlərə maarifləndirici təlimlər keçmək lazımdır:

“Otellərin əksəriyyəti özəldir. Belə çıxır ki, bütün özəl müəssisələr öz istədikləri kimi fəaliyyət göstərməlidir? Qayda var, qanun var. Hər müəssisə və onun rəhbəri bu qanunları yaxşı bilməli və əməl etməlidir. Bu normativ sənəd yoxdursa, kim, nəyə əsasən qadağa qoyur? Otel rəhbərlikləri, idarəedicilər maarifləndirilməlidir. Oteli bir sex, müəssisə kimi idarə etmək olmaz. Bütün dünyada qəbul edilmiş otel standartları, turist maraqları var. Otel rəhbərləri də bu maraqlardan çıxış etməlidirlər”.

Xatırladaq ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxışlarının birində otellərdə nikah kağızının tələb olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, qanunvericilikdə belə bir şey yoxdur.

Sitat: “Qanunvericilikdə heç kəs tələb etmir ki, hər hansı nikah kağızı, hansısa izahat verilməlidir. Hesab edirəm ki, əgər insan öz pasportunu təqdim edərək öz otağında yaşayırsa, onun yanına gələn qonaqların haqqında soruşmağa dəyməz”.

Hazırda ölkəmizdə 563 otel fəaliyyət göstərir. Bu otellər arasında “Askar” oteli (Bakı),“Ramada Hotel” (Bakı), “Alp İnn” otel (Bakı),“Arena” otel (Bakı), “Bosfor” otel (Bakı), “Ariva” otel (Bakı), “Excelsior Hotel” (Bakı), “Atropat” otel (Bakı), “Araz Hotel” (Bakı), “Şafran” otel (Bakı), “Qafqaz Park” otel (Bakı), “Admiral” otel (Bakı), “Qız Qalası” oteli (Bakı), “Passage Hotel” (Bakı), “Küngüt” (Şəki), “Qubek Hotel”(Balakən), “Deluxe Hotel” ( Gəncə), “Sakit Göl” (Şamaxı), “Naftalan Hotel by Rixos” (Naftalan) müştərilərdən nikah şəhadətnaməsi tələb edir.