BolgeXeber.Com » Xəbərlər » Gəncədə "Kütləvi çıxarış" kampaniyası keçirilib

Gəncədə "Kütləvi çıxarış" kampaniyası keçirilib

4-05-2018, 12:07
Oxunub: 2 454 Gəncədə "Kütləvi çıxarış" kampaniyası keçirilibƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə göstərilən ictimai xidmətlərdə vətəndaş məmnunluğu artırılır

Belə ki, müasirlik amillərinin gücləndirilməsi prinsiplərinə xidmət edən sosialyönümlü aksiyalar və kampaniyalar reallaşdırılır. Əmlak sahibləri üçün qeydiyyat xidmətlərində əlçatanlığı və optimallığı təmin edən mobil qeydiyyat aksiyaları və çıxarış kampaniyalarının coğrafi məkanı və xidmət spektri getdikcə genişləndirilir. Belə ki, kampaniya təkcə ölkənin mərkəzi şəhərlərində deyil, ucqar kəndlərdə, tarlalarda, iş yerlərində də keçirilir. Aksiya hündürmərtəbəli yaşayış komplekslərini, fərdi yaşayış evlərini, pay torpaqları və digər torpaq sahələrini əhatə edir. Kampaniya zamanı əmlakın sənədləşdirilməsi ilə yanaşı, çıxarışlarla əvəz olunması üçün ilkin sənədlər toplanır, xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilir, əmlakın texniki plan ölçüləri müəyyənləşir.
Bu tədbirlərin isə başlıca hədəfi vətəndaşı xidmət məkanına yox, xidməti vətəndaşın ünvanına çatdırmaqdır. Başqa sözlə mobil qeydiyyat ofisləri yerlərdə operativ qaydada fəaliyyət göstərməklə vətəndaşların ünvanlarındaca xidmətləri çatdırır, əmlakların daha sadə və innovativ üsullarla sənədləşdirilməsi üçün geniş imkanlar yaradır. Daşınmaz əmlakın qeydiyyat elementlərini özündə cəmləşdirən mobil ofislər vətəndaşları əmlak üzərində hüquq sahibi etməklə onların rahatlığını təmin edir. Bu tədbirin davamı olaraq növbəti mobil çıxarış aksiyası mayın 4-də Gəncə şəhərində keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən kampaniyadan yeni inşa edilmiş yaşayış kompleksinin, fərdi yaşayış evlərinin sakinləri, torpaq mülkiyyətçiləri yararlanıblar. Qeyd edilməlidir ki, paytaxtla yanaşı bölgələrdə də hündürmərtəbəli binaların tikintisinin geniş vüsət alması onların sənədləşdirilməsini zəruri edir. Bu istiqamətdə təşkil edilən mobil aksiyalar isə ən yaxşı unikal vasitədir.
Kampaniya çərçivəsində yaşayış kompleksinin 30-a yaxın sakininə ünvanlarındaca çıxarışlar verilib. Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Bina sakinləri ilə yanaşı yaxın ərazilərdə yerləşən 20-yə yaxın mənzilə, 15 fərdi yaşayış evinə, 10 torpaq sahəsinə, 15 bağ evinə dair çıxarışlar təqdim olunub. Çıxarışların vətəndaşlara ünvanlarında təqdim olunması həm məişət, həm də işgüzar fəaliyyətin yerinə yetirməsi üçün bina sakinlərinə əlavə zaman qazandırır. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.
Belə yaşayış komplekslərində yerləşən mənzillərin kütləvi qaydada çıxarışla təmin olunması bu sektorda dövlət qeydiyyatına alınmış mənzillərin payını artırır, vətəndaşlara mülkiyyəti ilə bağlı iqtisadi əməliyyatların daha rahat aparılması imkanlarını genişləndirir. Eyni zamanda proses Gəncə əhalisinin mənzil bazarına olan marağını artırmaqla bu əmlakların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması aktivliyini və rahatlığını təmin edir. Belə əmlaklar isə vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilir. Başqa sözlə Gəncə şəhərindəki daşınmaz əmlak bazarının canlanmasına, əmlakın investisiya obyektinə çevrilməsinə təkan verir.
Həmin gün 50-yə yaxın sakinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olanların suallarını komitənin əməkdaşları cavablandırıb. Bundan başqa kampaniya çərçivəsində sakinlərə bildirilib ki, artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala biləcəklər. Bununla bağlı Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. Dəyişikliyə əsasən vətəndaşların təqdim etdikləri ərizə onların istəyi əsasında daha sürətlə icra ediləcək. Nəticədə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər. Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanacaq. Qeyd edilməlidir ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Bolgexeber.com
Gəncədə "Kütləvi çıxarış" kampaniyası keçirilib
Gəncədə "Kütləvi çıxarış" kampaniyası keçirilib