BolgeXeber.Com » Xəbərlər » Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR

Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR

6-11-2019, 13:16
Oxunub: 3 033 Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR“Mən belə başa düşürəm ki, qadının yerinə yəqin həkim özü doğur, yoxsa bu boyda fantastik qiymət qoymazlar. İkinci başa düşdüyüm də odur ki, kasıblar bu qiymətə övlad dünyaya gətirə bilməyəcəyi üçün ara həkimliyi, yəni mamaça peşəsini yenidən inkişaf etdirmək lazımdır. Ki, kasıblar heç olmasa evdə doğuş həyata keçirə bilsin”.

Sosioloq Lalə Mehralı bir müddət əvvəl bu məzmunda status paylaşmışdı və müxtəlif tibb müəssisələrində doğuşun qiymətlərini də yazmışdı.

Baku Medikal Plaza- təbii doğuş- 1090, qeysəriyyə- 1300 AZN
“Oksigen” klinikası - təbii doğuş 1000, qeysəriyyə -1300
“German hospital” - təbii doğuş 1000, qeysəriyyə- 1300
“Bono Dea” - təbii doğuş 1800, qeysəriyyə-2500-3000
“İnternational” - təbii doğuş 750, qeysəriyyə -1050
Ginekologiya İnstitutu - təbii doğuş 500, qeysəriyyə 900
2 nömrəli Doğum Evi- təbii doğuş 500, qeysəriyyə -700
“Gömrük hospital” - təbii doğuş 1200, qeysəriyyə - 1600
“Medilux” - təbii doğuş 1000-1100, qeysəriyyə- 1350
“Bahceci” - təbii doğuş-1500, qeysəriyyə -1750
Mingəçevirdə isə doğuş tibbi sığorta ilə 100 manata başa gəlir.

Özəl klinikalardakı qiymətlərə təəccüb etmirik. Ən azından özəllərə ödəmə edildikdə qəbz-filan verirlər. Məsələ dövlət xəstəxanalarının da doğuşa hazırlaşan xanımlara qiymət “oxuması”dır. Görəsən, hamilə qadınlardan alınan pullar hara, kimlərin cibinə gedir. Məlum məsələdir ki, əlbəəl verilən pulun qeydiyyatı aparılmır. Dövlət xəstəxanası olduğuna görə kassa-çek məsələsi də yoxdu. Pul elə oradaca körpənin dünyaya gəlməsinə şahidlik edənlər arasında bölünür. Əsas “kütlə” həkimə, qalan hissə isə “akuşerka”, tibb bacısına çatır. Pediatr da bu yandan gəlir ki, uşağı mən yoxlayıram, bəs mənim payım hanı?

L.Mehralı Sherg.az-a açıqlamasında artıq özəl klinikaların da vergidən yayınma üsullarına əl atdığını dedi:

"Artıq özəllərdə də kassaya pul ödənməsi azaldılıb, pul kabinetlərdə alınır. Bunu əməliyyatların sayını azaltmaqla, vergidən yayınmaq məqsədilə edirlər. Başqa aldatma üsulları da var. Məsələn, elə klinika var təbii doğuşa görə məbləği 600 manat göstərir, guya ki, qiyməti aşağı salırlar, güzəşt, endirim edirlər, körpə doğulduqdan sonra isə USM müayinəsi, analiz paketi, peyvənd və sairəyə ödənişlər tələb olunur, nəticə etibarilə digər klinikalardakı 800- 1000 manat gəlib yerini tutur. Dövlət xəstəxanalarından danışmağa belə dəyməz. Orada günəmuzd ödəmələrdir. Həkimin, mamanın, tibb bacısının pulu ödəndikdən sonra, gündəlik baxıma görə tibb bacısına pul ödənməlidir, xadimələrə, təmizlik işləri ilə məşğul olanlara pul verməlisən. Bəzən vətəndaş dövlət xəstaxanasında qiymətlər ucuzdur deyə, ora üz tutmaq qərarına gəlir.

"Həkimlər açıq-aşkar qiymət “oxuyurlar”, aza qane olmurlar"

Amma o qədər gözlənilməz xərclər qarşıya çıxır ki, nəticə etibarilə özəl klinika ilə dövlət müəssisəsi arasında fərq qalmır. Şəxsən mən qız övladımı 2 saylı Doğum Evində dünyaya gətirmişəm, 2014-cü ildə, 700 manat xərcimiz çıxmışdı. Həkimlər açıq-aşkar qiymət “oxuyurlar”, aza qane olmurlar. Kasıb təbəqənin işi lap zülümdür. Hardan tapsın bu məbləği? Dövlət xəstəxanaları təmirlidir, keyfiyyətli qida ilə təchiz olunur, amma təsəvvür edə bilməzsiniz ki, yeməkxanadan qidalanmaq üçün aşbaza pul ödəməlisən".

L.Mehralı qeyd etdi ki, tibbi sığortanın ölkə boyu tətbiqini səbirsizliklə gözləyir:

"Tibbi sığorta tətbiq edilsə, bu problemlərin heç biri qalmayacaq. Səhiyyəmizdəki bu biabırçı vəziyyətə bəlkə tibbi sığorta çarə olar. Ölkədə bütün sahələrdə islahatlar aparılır. Vergi sistemi güzgü kimi işləyir. Kaş bu sistem səhiyyədə də tətbiq ediləydi".