BolgeXeber.Com » Xəbərlər » Ölkənin iki tanınmış şəxsi komada - son durum

Ölkənin iki tanınmış şəxsi komada - son durum

15-02-2020, 10:34
Oxunub: 4 347
Ölkənin iki tanınmış şəxsi komada - son durum
İsgəndər Həmidovun fevralın 13-dən etibarən vəziyyəti ağırlaşıb; Oqtay Gülalıyev komadan ayılmasa da, xüsusi aparat vasitəsilə ayağa qaldırılır...

Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti daha da ağırlaşıb. Bu barədə məlumat verən həkim Adil Qeybulla bildirib ki, İsgəndər Həmidovu başqa xəstəxanaya aparmaq artıq yersizdir. Həkim bunun səbəbi kimi Həmidovun vəziyyətinin daha da ağırlaşdırğını bildirib.

“İsgəndər Həmidovun vəziyyəti kirtikdir. Əvvəlki günlərlə müqayisədə onun vəziyyətində geriləmə müşahidə edilir. Həmidova baxılıb və belə qərara gəlinib ki, onu başqa xəstəxanaya köçürüməyə ehtiyac yoxdur. Türkiyədən iki nəfər neyrocərrah və revmotoloq mütəxəssis bu barədə eyni qərara gəliblər. İsgəndər Həmidovun baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı uğrunda çarpışırlar”.

Sabiq nazirin qardaşı oğlu, etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə də sosial şəbəkədə status yazaraq, İsgəndər Həmidovun vəziyyətinin ağırlaşdığını bildirib.


Xatırladaq ki, İsgəndər Həmidov yanvarın 24-dən etibarən komaya düşüb və hazırda “City Hospital”da reanimasiyadadır.

İsgəndər Həmidovdan başqa, hazırda hüquq müdafiəçisi Oqtay Gülalıyevin də vəziyyəti ağırdır. O, hazırda Türkiyədə müalicə alır və koma vəziyyətindədir. Ailə üzvlərinin paylaşdıqları son məlumatlara görə, onun səhhətində irəliləyiş müşahidə edilir. Oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb: “Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəlləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir”.

Xanımı Firuzə Gülalıyeva “Amerikanın Səsi”nə deyib ki, hərəkətlərində irəliləyişlər olmasına baxmayraq Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb: “Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsi ilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlərin gözləntilərində Oqtayın ayağa qalxması da yox idi”.


Professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, Oqtay Gülalıyev ayıldıqdan sonra onun beyninin nə qədər itkiləri olduğunu bilmək mümkün olacaq: “Oqtay Gülalıyev cavan adamdır, resursları var və təbii ki, onun ayılma ehtimalı çox yüksəkdir. Sadəcə olaraq biz arzu edirik ki, beyin maksimum az itkilərlə ayılsın. Ancaq nəticəni birmənalı proqnozlaşdırmaq da çətindir. Travma beyinin sol yarımkürəsində olub. Həmin hissədə isə nitq, yazı mərkəzi və sairə var. Ona görə də hələ biz bilmirik ki, beyin hansı imkanlarını saxlamaqla özünə gələcək. Bunun üçün zaman lazımdır. Oqtay Gülalıyevin komadan ayılması üçün yavaş-yavaş reaksiyaların əmələ gəlməsi müsbət haldır. İrəli doğru gedişlərin göstəricisidir. Əsas məsələ ilə tam ayılandan sonrakı funksional imkanlardan asılıdır”.

Yada salaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.

Əli RAİS