BolgeXeber.Com » Xəbərlər » Cəbhə bölgəsində yerləşən Füzuli bu gün-FOTO

Cəbhə bölgəsində yerləşən Füzuli bu gün-FOTO

11-03-2020, 09:37
Oxunub: 2 649
Füzuli rayonu Azəbaycanın ən qədim yaşayış məskənlərindən biridir

Aqrar rayon olan Füzuli tarixən münbit torpaqlarının və işgüzar adamlarının sayəsində həmişə bol məhsul istehsal etmişdir

Füzuli rayonunun iqtisadiyyatında həm çar rusiyası və AXC dövründə, həm də sovetlər dönəmində taxılçılıq, baramaçılıq, heyvandarlıq, pambıqçılıq, üzümçülük, bostan-tərəvəz məhsulları aparıcı yer tutmuşdur.
Füzuli rayonu özünün intibah dövrünü isə Ulu öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi ötən əsrin 70-ci və 80-ci illərini əvvəlllərində yaşamışdır. 1993-cü ildə rayonun Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunması ilə rayonun bütün infrastruktur obyektləri yandırılmış və dağıdılmış, iqtisadiyyatı məhv olmuşdur.
Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilmişdir. Bundan sonra yandırılmış və dağıdılmış infrastruktur obyektləri bərpa olunmağa başlamışdır.
Prezident cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmış, müxtəlif şəhər və rayonda məskunlaşan füzulili məcburi köçkün ailələri üçün 17 yeni qəsəbə salınmış , təhsil, səhiyyə, idman, mədəniyyət digər sosial yönümlü obyektlər tikilmiş, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmiş, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dönüş yaranmış, Horadizə şəhər statusu verilmişdir.
Cənab İlham Əliyev Prezidentliyi dövründə dəfələrlə Füzuli rayonunda olmuş, onlarla infrastruktur obyektlərinin açılışında iştirak etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncamlar imzalamışdır.
Füzuli rayonu hazırda özünün yüksəliş, tərəqqi dövrünü yaşayır. Cənab İlham Əliyevin Füzulidə olarkən Horadiz şəhərini Ermənistanın paytaxtı,qədim Azərbaycan şəhəri İrəvanla müqayisə etməsi və ya “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, Ulu Öndər Heydər Əliyevin siyasətini görürük sözləri deyilənlərin əyani təzahürüdür.
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində tikinti-quruculuq, abadlıq işləri bu gün də davam etdirilir. Hazırda Horadiz şəhərində Bayraq Muzeyinin, Bala Bəhmənli kəndi ərazisində Mərkəzi rayon Xəstəxanasının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpic evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi surətlə davam edir. Yaxın vaxtlarda 2700 ha sahədə yaradılan Aqropark tam gücü ilə fəaliyyətə başlayacaq, 1000 ha sahədə Azərşəkər MMC tərəfindən böyük şəkər emalı müəssisəsi yaradılacaqdır.
Füzuli rayonunda Heydər Əliyev Fondunun, Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqətini əhalimiz daim hiss edir. Fond Füzulidə 6 böyük layihə həyata keçirmişdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində ən müasir tələblərə cavab verən uşaq bağçalarının tikintisi davam etdirilir. Bala Bəhmənli kənd tam orta məktəbinin təmir-barpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Göstərdiyi diqqət və qayğıya görə füzulili məcburi köçkünlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdardırlar.
Bu gün cəbhə bölgəsində-düşmənlə bir addımlıqda yaşayan Füzulili məcburi köçkünlər Prezident, Ali Baş Komandan İlham Əliyevə güvənərək, onun yaratdığı şərait nəticəsində xoşbəxt yaşayır, işləyir və həyat şəraitlərini daha da yaxşılaşdırırlar.
Füzulililər əmindirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasətin ali məqsədi - ana xətti Azərbaycanımızın, o cümlədən rayonumuzun daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.
Bolgexeber.com