BolgeXeber.Com » Xəbərlər » İşçilərinin qanını satan baş həkimin həbsi - Sensasion təfərrüatlar

İşçilərinin qanını satan baş həkimin həbsi - Sensasion təfərrüatlar

29-01-2021, 09:52
Oxunub: 512 Cəlil Nəzərovun təkcə Masallıda deyil, ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu deyilir.

Masallıda rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun həbsi geniş müzakirə mövzularındandır. Uzun illər vəzifədə olan Cəlil Nəzərovu rayonda "başçıları susuz yola salan” baş həkim kimi tanıyırlar.

Cəlil Nəzərov yanvarın 22-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Binəqədi Rayon Məhkəməsi barəsində həbs-qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Bir çoxları baş həkimin həbsini gecikmiş hesab edir. İllərlə rayon mərkəzi xəstəxanasına rəhbərlik edən Cəlil Nəzərov Masallıda daha çox məmur-biznesmen kimi tanınır.

Onun baş həkim kimi işçilərinin sözün əsl mənasında qanından belə pul qazanması haqda məlumatlar illərdir ki, dövriyyədədir.

Hər il Masallıda tibb işçilərinin könüllü qanvermə aksiyası keçirilir. Masallı Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni "qayda” tətbiq edib. Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyib. Cəlil Nəzərovun "qaydasına” görə "cərimənin” məbləği 20 manat olub. Qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılma ilə hədələnib. Şikayətçilər Oxu.az-a deyib ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeri imiş. İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılıb.

İşçilərin qanını belə alver predmetinə çevirə bilən Cəlil Nəzərovun Masallının Hişkidərə kəndi ərazisindəki "Qamo” istirahət mərkəzi Masallı və ətraf rayonların rəhbər şəxslərinin, deputatlarının sevimli istirahət mərkəzi olub. Belə məclislərdən birində Cəlil Nəzərovun 2-3 manatlıq arağı alıb çox bahalı içki kimi deputatlardan birinə içirtməsi hələ də gülüş üçün yada salınan olaylardandır. Həmin kef məclisinin şahidləri deyir ki, "bomj” arağını bəh-bəhlə içən deputat sonda ləngər vurub, ayaqları bir-birinə qarışıb və yerə çırpılmışdı. Deputatın ağzından protez dişlərinin çıxıb bir kənara düşməsi, Cəlil Nəzərovun yerdə əl-qol atıb ayağa qalxmağa çalışan deputatı videoya çəkməsi də bir başqa söhbətdir. 

"Qamo”nun Cəlil Nəzərovun oğlu Xaliq Nəzərovun adına olduğu bildirilir. Qeyd olunur ki, rayona hər yeni başçı təyin olunanda Cəlil Nəzərov ona "Qamo”ya şərik olduğunu deyib, özünə qarşı loyallığı təmin edirmiş. Bu şərikliyi başçı vəzifəsindən çıxarılandan sonra bitirib. Bu minvalla "Qamo”nu böyük istirahət mərkəzinə çevirib. "Qamo” talış dilində "isti su” deməkdir. Bu istirahət ocağı Masallı rayon mərkəzindən 20, Boradigah qəsəbəsindən 7 km aralıda (Hişkədərə - Miyankü - Kubin kəndləri istiqamətində) yerləşir.  Mərkəzdə 6 müalicəvi isti su vanna otaqları yerləşir. Bu vanna otaqlarında 55 dərəcəyə yaxın müalicəvi isti sudan istifadə olunur. Hansi ki, vannalarda müalicə qəbul edənlər dəri, revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən şəfa tapırlar. "Qamo”da 6 kottec, 4 ədəd hotel otağı yerləşir ki, burada da eyni vaxtda 30-35 nəfər qonağın qəbul edilməsi mümkündür. Burada 8 çardaq, 1 qapalı, həmçinin 200 nəfərlik açıq, ikimərtəbəli restoran var. 100 nəfərlik hovuz (140 sm dərinlik);  Uşaqlar üçün əyləncə yeri; Toy, ad günləri, yubiley və digər mərasimlərin keçirilməsi; paintball; masaj; sauna xidməti; süni şəlalə; bilyard, tenis və digər stolüstü oyunlar; uşaqlar üçün daha böyük məcarə düşərgəsi;  meşənin içində piknik əraziləri; Türkiyədə 5 ulduzlu hotellərdə çalışmış konki ilə hərəkət edən qızların serviz xidməti;  Şərq üslubunda çay və şirniyyat evi və s. xidmətlər göstərilir.

Cəlil Nəzərovun "Qamo”su 2014-cü ildə ölkə mətbuatının gündəmində idi. Həmin vaxt istirahət mərkəzindəki hovuzda Masallının Qarğalıq kənd sakini olan 10 yaşlı Rauf İlkin oğlu Novruzov boğulmuşdu. Uşaq ilkin olaraq Masallı Regional Təcili Yardım Xəstəxanasının baş həkimi Firudin Qənbərovun evinə aparılıb. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Cəlil Nəzərovun evinə götürülüb. Bundan sonra uşağın qarpızdan zəhərləndiyi versiyası dövriyyəyə buraxılmışdı. Ortada uşağın boğulma videosu ola-ola ölümü "qarpızdan zəhərlənmə” kimi qeydə almışdılar. Sonradan uşağın boğulma anı olan video da saytlardan yoxa çıxarıldı. Beləcə, Cəlil Nəzərovun istirahət mərkəzindəki ölüm işi bağlandı, "Qamo” heç nə olmamış kimi fəaliyyətini davam etdirdi.

Cəlil Nəzərovun varidatı bununla bitmir. Onun ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu iddia olunur. Bildirilir ki, Cəlil Nəzərov həbs ediləcəyi ilə bağlı əvvəldən məlumatlı olub. Buna görə də əlində olan pul-paranı toplayıb gizlətməyə çalışıb. Qəfil əməliyyat zamanı maşınından külli miqdarda pul və qızıl götürülməsi iddiası da var.

 "Yeni Müsavat"