BolgeXeber.Com » Xəbərlər » COVID-19 əleyhinə vaksin olunmağın üstünlükləri

COVID-19 əleyhinə vaksin olunmağın üstünlükləri

23-06-2021, 18:39
Oxunub: 912 Peyvənd-virus və mikrobların zəiflədilmiş və xəstəlik törətmə qabiliyyəti olmayan bir formasıdır. Xəstəlik törədicisinin zəiflədilmiş formada orqanizmə yeridilməsidir. Orqanizmə yeridilən peyvənd sayəsində orqanizm həmin infeksiyanı tanıyır və ona qarşı immunitet yaranır. COVID-19 virusu hava-damcı yolu ilə insanları sürətlə yoluxduran qorxulu xəstəlikdir. Təsadüfi deyil ki, bu virus səbəbindən dünya bir ildən çoxdur ki, pandemiya vəziyyətindədir. Bu xəstəliyi keçirmiş insanlar daha yaxşı bilir ki, COVID-19 virusu insanlar üçün ölümcül də ola bilər. Ona görə də, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. Çünki dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir” Mütəxəssislərin də vurğuladığı kimi, koronavirusla ən güclü mübarizə maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı, vaxtında virus əleyhinə peyvəndləmənin aparılmasıdır. Bu bir reallıqdır ki, virusun geniş yayılmasının qarşısının alınması və insanların xəstəliyin ağır gedişindən qorunması üçün ən effektiv üsul peyvənddir. COVID-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır. Vaksinin əsas üstünlüyü odur ki, COVID-19-a yoluxan zaman xəstə reanimasiyaya düşmür, yəni ağırlaşma halları gözlənilmir. Lakin vaksinasiyadan keçən şəxslərin də tibbi maskadan istifadə etmələri və özlərini COVID-dən qorumaları vacibdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Sinovac Biotech şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı CoronaVac peyvəndini təcili istifadə üçün təsdiqləyib. Müstəqil ekspertlər 18 yaşdan yuxarı şəxslər üçün CoronaVac peyvəndinin 2-4 həftəlik fasilə ilə iki dozasını tövsiyə edirlər. Dünyada COVID-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi, o cümlədən Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Azərbaycana yanvarın ortalarında çatdırılan vaksinin tətbiqinə yanvarın 18-dən başlanıb. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Ölkə rəhbərliyinin düzgün apardığı siyasətin nəticəsi olaraq bu gün ölkənin bütün şəhər və rayonlarının vaksinasiya məntəqələrində gündəlik olaraq əhalinin 1-ci və 2-ci dozalar üzrə vaksinasiyası həyata keçirilir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 989 min 673-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 949 min 646, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 40 min 27 nəfərdir. "Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb.
Peyvəndin əks təsirlərinə gəldikdə isə COVID-19 peyvəndindən sonra peyvəndin vurulduğu hissədə ağrı, qızdırma və halsızlıq kimi simptomlar müşahidə oluna bilər. Bunlar bədənin peyvəndə qarşı verdiyi təbii reaksiyaların nəticəsidir və bir müddət sonra öz-özünə keçir. Yan təsirlərin qarşısını almaq üçün dərmanların əvvəlcədən istifadəsi tövsiyə edilmir. Yan təsirlər meydana gəlsə, bunun üçün dərmanlar istifadə edilə bilər. Peyvəndlərlə əlaqəli ciddi yan təsirlər adətən allergik reaksiyalardır və nadir hallarda rast gəlinir. Allergiyası olanlar peyvənddən öncə bunu mütləq bildirməlidirlər. Körpələrin infeksiyalara qarşı ən böyük müdafiəçisi ana südü və peyvəndlərdir. Uşaqlar peyvənd olunmadıqda infeksion xəstəliklərin mikrobları ilə qarşılaşır və orqanizmdə mübarizə apara biləcək immunitet olmur. Bu zaman onlar ən yüngül, ən sadə xəstəlik dönəmini belə çox ağır və ağrılı keçirirlər. Nə qədər çox insan peyvənd olunsa, biz öncəki — darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq.