BolgeXeber.Com » Xəbərlər » YAP Binəqədi rayon təşkilatında bələdiyyə üzvləri ilə görüş keçirildi

YAP Binəqədi rayon təşkilatında bələdiyyə üzvləri ilə görüş keçirildi

24-11-2021, 12:30
Oxunub: 1 344 23 noyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Binəqədi rayonunda fəaliyyət göstərən Binəqədi, Rəsulzadə, Binəqədi qəsəbə, Biləcəri və Xocasən bələdiyyələrində təmsil olunan və namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə üzvləri ilə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bələdiyyə üzvlərini salamlayaraq bu günlərdə qeyd etdiyimiz partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə onları təbrik etdi. Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən, həmin illərdə cərəyan edən ictimai-siyasi proseslərdən ətraflı söhbət açdı. Məhz xalqın nicat və qurtuluş yolunun ulu öndər Heydər Əliyevdə olduğunu düşünən ziyalılarımızın və xalqımızın təkidli xahişi ilə Naxçıvanda YAP-ın təsis qurultayının keçirilməsinin tarixi əhəmiyyətindən danışdı. Həmin təsis qurultayında iştirak etdiyini qürurla vurğulayan Vüsar İsmayılov, o zamankı xatirələrini bölüşdü. Daha sonra partiyanın ötən illər ərzindəki fəaliyyəti, bu ilin mart ayının 5-də keçirilən VII qurultayı və orada qəbul edilən bir sıra önəmli qərarlarla barədə fikirlərini bölüşdü. Rayon təşkilatının qarşısında duran vəzifələri, eləcə də partiya üzvləri ilə əlaqələrin daha da sıx və operativ qurulması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən bəhs etdi. Bələdiyyə üzvləri ilə görüşün keçirilməsinin də bu məqsədə xidmət etdiyini və bu cür görüşlərin, fikir mübadilələrinin davamlı olmasının vacibliyini bildirdi. Bələdiyyə üzvlərinin YAP-ın namizədləri olaraq bələdiyyələrin fəaliyyətində bundan sonra da ləyaqətlə təmsil olunacaqlarına, yaxından iştirak edəcəklərinə əminliyini ifadə etdi. Bələdiyyə üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Görüş fikir mübadiləsi ilə davam etdirildi. Görüşdə çıxış edən Xocasən Bələdiyyəsinin sədr müavini Abbas Rəhimov, Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini Mətanət Nəsibova, üzvü Yeganə Abdullayeva, Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova, üzvü İlham Qayıbzadə, Binəqədi Bələdiyyəsinin üzvü Fərid Nəsibov göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər. Bələdiyyələrin inkişafı. vətəndaşlarla sıx ünsiyyətin qurulması, onların problemlərinin həlli istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etdiklərini və daim səylə çalışdıqlarını bildirdilər. Partiya tərəfindən onlara göstərilən etimadı, eləcə də seçicilərin dəstəyini yüksək qiymətləndirən bələdiyyə üzvləri bu etimadı doğrultmaq üçün çalışdıqlarını qeyd etdilər. Bələdiyyə üzvləri görüşün onlarda yüksək təəssürat yaratdığını vurğulayaraq müxtəlif təkliflərlə çıxış etdilər və həmin təkliflər ətrafında fikir mübadiləsi aparıldı.