BolgeXeber.Com » Xəbərlər » “Dynamic Express”dən ŞİKAYƏTLƏR: – “Pula ehtiyac varsa, deyin köçürüm”

“Dynamic Express”dən ŞİKAYƏTLƏR: – “Pula ehtiyac varsa, deyin köçürüm”

6-01-2022, 16:10
Oxunub: 696 Son zamanlar ölkəmizdə karqo şirkətlərinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Belə ki, məhsulların gec gəlməsi, problemin şirkət tərəfindən operativ həll edilməməsi və şirkət əməkdaşlarının laqeyd davranışları vətəndaşların etirazına yol açır. Bolgexeber.com xəbər verir ki, yenicag.az-ın araşdırmasına görə, ən çox şikayət olunan karqo şirkətlərindən biri “Dynamic Express”dir. Müştərilər məhsullarının gec gəlməsindən və əməkdaşların məsuliyyətsizliyindən narazıdırlar.
İctimai Televiziyanın aparıcısı Nərmin Salmanova sözügedən karqo şirkətinin fəaliyyətini sərt tənqid edənlərdən biridir:
“”Dynamic Express”, sifarişlərimi gözlədiyim vaxta özüm piyada Türkiyəyə gedib gətirərdim. Əvvəl bağlamamı 2 həftəyə yaxın “yolda” statusunda saxlayıb, 2 günə götürməyimə görə nədənsə cərimə hesablamışdınız, qabağını aldım. İndi də kuryer sifarişimi “texniki səbəb”dən ləğv edib, sifarişin məbləğini qaytarmırsınız. Pula ehtiyac varsa deyin, köçürüm, bu üsulla lazım deyil. “Black Friday” vaxtı və lirənin dəyər itirməsi sifarişləri artırıb, anlayıram. Amma sizdə vəziyyət faciədir. Belə işləməzlər”.
Gülnaz Soltanova adlı müştəriyə görə, məlum karqo şirkətində operatorların və işçilərin sayı artırılmalıdır. Əks halda şirkət nə qədər müştəri itirdiyinin fərqinə minimum bir aya varacaq:
“Keçən ay sifariş etdiyim məhsulun kütləsini (geyim) sistemdə ilkin olaraq 22 kq, daha sonra Aras kargonun sənədini göstərdikdən sonra 14 kq qeyd etmişdilər. Dekabrın 12-si məhsul gəldi və 14 gün gömrükdə saxlanıldıqdan sonra ölçdürəndə məlum oldu ki, sən demə, məhsulun çəkisi 3 kq imiş və mənə məcbur 83.30 manatı növbə gözləyərkən ödətdirmişdilər. Pulun qalığını kassada qaytaranda da 30 man əksik qaytarıblar, kamera açılmağına görə də əlavə iki gün “28 May”a getməli oldum. Halbuki filial olaraq “Xalqlar”ı seçmişəm. Nə “messenger”də, nə “direct”də mesajlara cavab verilir, telefonla əlaqə saxlayanda da 53 dəq növbədə gözləmişəm. Xidmət sektorunda işləyən insanlardır, başa düşürəm, müştəri xidmətlərində cəmi üç işçi oturur, çatdırmaq qeyri-mümkündür. Amma bunu da rəhbərlik düşünməlidir”.
Elvin Əlizadə adlı müştəri isə öz növbəsində vurğulayıb ki, şirkət əməkdaşlarının müştərilərə qarşı laqeyd davranışı izah olunmazdır:
“Sayənizdə bahar da gəlib gedəcək, mənim karqolarım gəlməz olub. Belə sürətlə işləyəcəyinizi bilsək, qış geyimlərimizi 5-6 ay əvvəldən sifariş edərdik. Dekabrın 14-ü yola çıxan bağlamam müştəri xidmətlərindəki xanım işçinin keçən həftə bildirdiyinə görə, həftənin birinci yarısı yerli anbar statusu alacaq. Mən bu həftə olacağını fikirləşmişdim, amma belə baxıram hansısa həftənin birinci yarısı nəzərdə tutulub. Sırf bu məlumatı ala bilmək üçün filialınıza yaxınlaşmışdım, sosial şəbəkə hesablarınızda müştərilərinizə ümumiyyətlə, diqqət ayırmırsınız. Həsrətlə gözlədiyim mallarımı təhvil alım, troll şirkətinizlə bir daha əlaqəm qalmayacaq”.