BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda bu cərimələr SƏRTLƏŞDİRİLƏCƏK

Azərbaycanda bu cərimələr SƏRTLƏŞDİRİLƏCƏK

7-05-2022, 17:11
Oxunub: 2 544 Heyvanlarla rəhmsiz rəftarla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bu sahədə ciddi və fundamental problemlərin həllinə yönəlmiş qanunvericilik layihələrinin hazırlanmasına start vermişik. Bunun üçün beynəlxalq təcrübə təhlili aparılıb, Türkiyə, Rusiya və digər ölkələrin qanunvericiliyi araşdırılıb. Statistikalara nəzər salsaq görərik ki, rəhmsiz rəftar, heyvanlara işgəncə verilməsi ilə bağlı ölkəmizdəki qanunvericilikdə çox ciddi boşluqlar var. Halbuki beynəlxalq qanunvericilikdə həmin fəaliyyətlə bağlı ciddi sanksiyalar nəzərdə tutulub. Ukraynada, Belçikada həmin fəaliyyətlə məşğul olanlar iki, Almaniyada üç ilə qədər azadlıqdan məhrum edilirlər, Niderlandda 20 min avroya qədər cərimə tətbiq olunur. Türkiyədə ötən il bununla bağlı cinayət məcəlləsində dəyişiklik edildi və həmin fəaliyyətlə əlaqədar olaraq sanksiyalar kifayət qədər sərtləşdirildi. Göründüyü kimi beynəlxalq qanunvericilikdə heyvanlara qarşı münasibət tam fərqlidir. Həmin yanaşmanı ölkəmizdə də tətbiq etməyi planlaşdırır və bunu mərhələli şəkildə etməyi düşünürük.
XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova nazirliyin feysbuk səhifəsində yayımlanan "Ekspert saatı”nda deyib.
Nazirliyin şöbə müdirinin sözlərinə görə, Azərbaycanda İnzibati Xətalar Məcəlləsində heyvanlarla rəhmsiz rəftara görə sanksiyalar 500 manat məbləğində müəyyənləşdirilib:
"Bu, kifayət qədər çox az məbləğdir. O cümlədən bu sahədəki pozuntularla bağlı bizim inzibati tədbirlərimiz öz təsirini tam effektiv göstərmir. İctimaiyyətin bu sahədə qınağı son vaxtlar aktuallaşıb. Bu da heyvanlara qarşı rəhmsiz rəftarla mübarizədə bizə çox ciddi problemlər və məhdudiyyətlər yaratmış olur. Bu səbəbdən biz İnzibati Xətalar Məcəlləsinin həmin maddəsinin genişləndirilməsi ilə bağlı paket şəklində qanunvericilik layihəsi formalaşdırmışıq. Rəhmsiz rəftar anlayışının qanunvericilikdə daha geniş əks edilməsi ilə bağlı olaraq layihəyə müddəalar əlavə etmişik. Çünki heyvanlara qarşı hansı davranışın məhz rəhmsiz rəftar olaraq qiymətləndirilməsində həm vətəndaşlar, həm də dövlət orqanları ciddi problemlərlə üzləşirlər. Məqsədimiz sanksiyaların da kifayət qədər sərtləşdirilməsidir. Gələn həftədən həmin layihənin ictimai müzakirəsini açıq elan edəcəyik. Altmış gün müddətində biz bütün vətəndaşları aktiv iştirak etməyə, bu sahədə onların haqlı narazılıqlarının aradan qaldırılması üçün birgə fəaliyyətə dəvət edirik”.