Respublikada şam ağaclarının qurumasına dair müzakirə keçirilib
16-10-2022, 21:00
Oxunub: 2 984

Dövlət Ekoloji Ekspertiza Agentliyində son illərdə ölkə ərazisində şam ağaclarının qurumasının səbəbləri mövzusunda tədbir keçirilib. Agentliyin əməkdaşlarının, alimlərin, mütəxəssislərin, müstəqil ekoloqların iştirakı ilə keçirilən tədbirin məqsədi şam ağaclarının kütləvi qurumasını törədən amillərin, bu hallara qarşı mübarizə üsullarının, həmçinin aparılan tədqiqat və monitorinq işlərinin nəticələrinin müzakirəsi olub.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu proses 30 ildən çoxdur ki, davam etməyinə baxmayaraq Qafqaz bölgəsində 3 il əvvəl qeydə alınıb və bu gün Respublika ərazisində bu xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılır.
“Əvvəlki illərə nisbətən şam ağaclarının qurumasının kütləvi hal alması səbəbindən Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirlikləri, AQTA, Bakı şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri, alimlərdən ibarət işçi qrup yaradılıb. İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlər səbəbindən onların bioloji inkişafdan qaldığı aydın olub”.
Mirsalam Qənbərovun sözlərinə görə, xəstəliyin torpağa, ətraf mühitə və digər ağaclara keçməsinin qarşısının alınması üçün xəstə, quru ağaclar yerindən çıxarılır, Yaşıllaşdırma İdarəsi tərəfindən müvafiq dərmanlama, sanitar işlər aparılır. Bu hal Gürcüstanda da baş verib.
Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev qeyd edib ki, bu sahədə yaradılmış işçi qrup əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə olunan xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqat və monitorinqlər aparır. Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktik tədbirlər görülür. Nümunə olaraq, təkcə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində aparılan monitorinqlər zamanı ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş vəziyyətdə aşkarlanan 69 ədəd ağaca (67 ədəd Şam və 2 ədəd Sərv ağacı) digər ağaclara yoluxmanın qarşısının alınması məqsədilə və hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərtilə köklərinin torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib.
Sözügedən monitorinqlərdə iştirak edən Biologiya elmlər doktoru Dilzarə Ağayeva qeyd edib ki, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən paytaxta dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlayıb.
