BolgeXeber.Com » Siyasət » Mütəllibovu da “sındırdılar”

Mütəllibovu da “sındırdılar”

12-08-2011, 20:25
Oxunub: 2 629 Sabiq prezident Əliyevin məzarını ziyarət etdi, o, Bakıda qalacaq

Eks-prezident Ayaz Mütəllibov digər eks-prezident Heydər Əliyevin məzarını ziyarət edib. Bolgexeber-in məlumatına görə, iki gün əvvəl A.Mütəllibov həyat yoldaşı Ədilə Mütəllibova və Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə ilə birgə Fəxri Xiyabanda olub. Onlar H. Əliyevin və Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra eks-prezident Ayaz Mütəllibov Şəhidlər Xiyabanını ziyarət edib. A.Əlizadə xəbəri təsdiqləyib.

Bolgexeber.com bildirir ki, APA-ya eksklüziv açıqlama verən eks-prezident Ayaz Mütəllibov deyib ki, onun bir fərd kimi formalaşmasında və sonradan dövlət xadimi olmasında Heydər Əliyevin müstəsna rolu olub.

Mütəllibov qeyd edib ki, oğlu Azadın vəfatı ilə əlaqədar Bakıya döndükdən sonra prezident Heydər Əliyevin və həyat yoldaşı Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib: “Oğlum Azadın vəfatı ilə ailəmizdə baş vermiş faciə ilə əlaqədar Bakıya döndükdən sonra təbii ki, mən, ümummilli lider Heydər Əliyevin və onun xanımı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etməyə bilməzdim. Onun mücəssəməsi qarşısında durduqda bir an ərzində, Heydər Əliyevin rəhbərliyi altında istehsalat birliyinin baş direktoru vəzifəsindən, nazir, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatınadək keçdiyim yol gözümün qarşısında canlandı. Bütün vəzifələrdə mən ulu öndərin mənə göstərdiyi etimadı doğrultmaq üçün bütün gücüm və savadımla çalışırdım. Çünki Heydər Əliyev bütün Sovet İttifaqında durğunluq illəri olmasına baxmayaraq, Azərbaycanı inkişaf etdirir və ölkənin xoşbəxt gələcəyini görürdü. Elə buna görədir ki, Azərbaycan müstəqil olduqdan sonra böyük iqtisadi çətinliklər çəkmədi. Azərbaycanın bu gününü görərkən isə hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir və Azərbaycan inkişaf edir, irəliləyir”.

Bolgexeber.com Ayaz Mütəllibovun belə bir addım atacağı barədə hələ əvvəlcədən məlumat vermişdi. Belə ki, eks prezidentə hakimiyyət tərəfindən Bakıda qalması üçün verilmiş təkliflərdən biri də bu olub. Mütəllibov da bir müddətdən sonra həmin təklifi qəbul edib. Bundan sonra onun haqqında cinayət işi ləğv olunacaq və Bakıda sərbəst qalması təmin ediləcək.