BolgeXeber.Com » Siyasət » Sevinc Babayevanın oğlu Gülər Əhmədovadan danışdı

Sevinc Babayevanın oğlu Gülər Əhmədovadan danışdı

9-05-2014, 11:05
Oxunub: 3 572 “Olan mənə oldu...”

Sabiq deputat Gülər Əhmədovanın şərti azadlığa buraxılmasından sonra, demək olar ki, maraqlı tərəflərin hamısı danışdı. ABU-nun sabiq rektoru Elşad Abdullayev açıqlamasında bu qərarı “şou” adlandırdı, türkiyəli iş adamı Səlcuq Ağlayan isə bir qadının öz uşağına qovuşmasını müsbət hadisə adlandırdı.

Amma bu qalmaqal başlanandan, daha dəqiq desək, anası Sevinc Babayeva dünyasını dəyişən gündən mediada fasiləsiz olaraq açıqlama verən Ayxan Məmmədov neçə vaxtdır susqunluq nümayiş etdirir. “Yeni Müsavat” bir neçə gün A.Məmmədovla danışmaq üçün cəhd etsə də, nəhayət, onun fikirlərini öyrənməyə nail olub.

Ayxan Məmmədov öncə bildirdi ki, artıq bu mövzu onun üçün gündəmdə deyil. Müsahibimizin sözlərinə görə, G.Əhmədovanın azadlığa çıxacağını onsuz da bilirmiş: “Mən onsuz da bilirdim ki, Gülər Əhmədova azadlığa çıxacaq. O, apelyasiya şikayəti verən gündən bəlli idi ki, tezliklə azadlıqda olacaq. Boş-boşuna apelyasiya şikayəti verməzdi o adam. Bilirdi ki, azadlığa çıxacaq. Ona görə də şikayətini etdi. Mən bilirəm ki, onun arxasında dayanan adam var. O, heç vaxt müstəqil, öz iradəsi ilə hərəkət etmir. Xüsusən də belə məsələlərdə”.

A.Məmmədov dedi ki, G.Əhmədova mövzusu onun üçün qapanıb. Artıq bu məsələyə mövqe bildirmək, bununla bağlı nəsə mülahizələr irəli sürmək fikri yoxdur. “Gülər Əhmədova ilə görüşüb danışmaq istəyərsinizmi” sualına cavabda isə A.Məmmədov bildirdi ki, sabiq deputat istəsə, onunla görüşər: “Gülər Əhmədovanın nəsə sözü olsa, məni axtara bilər. Ünvanımı da bilir, yerimi-yurdumu da. Onunla danışmaqda heç bir problem görmürəm”.

Müsahibimiz hesab edir ki, bütün baş verən proseslərdən yeganə ziyanlı çıxan adam özü olub: “Mən sizə bir şey deyim. Bu günə qədər baş verənlərə baxın. Heç kimə heç nə olmadı. Ziyan mənə dəydi. Bütün həyatım alt-üst oldu. Anamı itirdim, ağır günlər keçirdim. Hələ də o itkinin ağrısı canımdan çıxmayıb. Məndən fərqli olaraq hamı həyatına davam edir”.

A.Məmmədov G.Əhmədovaya deyəcək heç bir sözü olmadığını bildirdi: “Siz də onun məhkəməsində iştirak etmişdiniz. Yadınıza gəlirsə, mən ona bütün ürək sözlərimi, düşündüklərimi demişəm. Bundan sonra ona deyəcək heç bir sözüm yoxdur”.
Müsahibimiz G.Əhmədovanın həbsdən çıxmaqla azyaşlı bir uşağın həsrətinə son qoyulması, onun oğlunu qucaqlaması ilə bağlı deyilən fikirlərə də öz münasibətini bildirdi: “Hamı deyir ki, o mənzərə çox təsirli idi. Mən də deyirəm ki, gedin sayın, həbsxanalarda nə qədər qadın var? Onların da uşaqları, yolunu gözləyən körpələri var. Mənim də anam vardı, mən də bu hadisədə anamı itirdim. Bəs bir övlad kimi mənim itirdiyim niyə nəzərə alınmır? Ananın yerini kim verə bilər?”

Müsahibimiz hesab edir ki, G.Əhmədovanın azadlığa çıxması ortada bir məntiqsizlik olduğunu göstərir: “Əgər onu həbs eləmişdilərsə, deməli, nəsə təqsiri var idi. Ona görə də mən haqlı bir sual verirəm: həbs eləməyin nə idi, buraxmağın nə? O ki buraxacaqdınız, həbs eləməzdiniz də... oturardı evində-eşiyində. 1 il 3 ay qaldı içəridə. Elə buraxardılar. Camaatı qoyun yerinə qoyublar”.

A.Məmmədov bu günə qədər G.Əhmədova barədə dediklərinə görə nə peşmançılıq çəkir, nə də qorxu hissi: “Nə narahatçılığım, nə qorxum var. Ümumiyyətlə, məndə qorxu deyilən şey yoxdur. Hər zaman da bu günə qədər dediyim sözlərin arxasında dayanmışam”.