BolgeXeber.Com » Siyasət » Sumqayıtda baş alıb gedən korrupsiya

Sumqayıtda baş alıb gedən korrupsiya

16-05-2014, 11:15
Oxunub: 4 382 Sumqayıtın vəzifəli şəxsləri ilə bağlı prezident Ilham Əliyevə ünvanlanan məktubda nələr yazılıb?

3 saylı istintaq təcridxanasında saxlanılan Bayram Aslanov adlı vətəndaş ölkə başçısı Ilham Əliyevə məktub yazıb. Özünü Sumqayıt şəhər Icra Hakimiyyətinin Şəhərsalma və Arxitektura Idarəsinin rəisinin köməkçisi kimi təqdim edən Bayram Aslanov məktubun bir surətini də redaksiyamıza ünvanlayıb.

Bayramov Aslanov bildirir ki, Sumqayıtın bəzi vəzifəli şəxsləri onun vasitəsilə çoxlu sayda vətəndaşdan rüşvət alıb: “Bu rüşvət həmin vətəndaşların müxtəlif problemlərini həll etmək üçün alınıb. Lakin pullar mənimsənilib, problemlər həll edilməmiş qalıb.



Məsələn, vətəndaş Piriyev Məzahirin Sumqayıt şəhər Sülh küçəsində ticarət obyekti ilə təmin etmək məqsədi ilə 24.000 (iyirmi dörd min) ABŞ dolları Kamil Məmmədova vermişəm. Kamil Məmmədov Sumqayıt şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsində rəisin müavini vəzifəsində işləyir.

Vətəndaş Qasımov Ramazanın sökülmüş ticarət obtektinin bərpası üçün 50.000 (əlli min) manatı yenə də Kamil Məmmədova vermişəm. Bundan başqa Bilal adlı şəxsə ticarət obyekti tikmək məqsədilə yer ayrılması üçün aldığım 20.000 (iyirmi min) manatı da müavini Kamil Məmmədova vermişəm.

Vətəndaş Ramazan Qasımovun qohumunu 20 nömrəli məktəbə direktor təyin olunması məqsədi ilə aldığım 20.000 (iyirmi min) manatı isə icra başçısının müavini Sahib Quliyevə vermişəm.

Abdul adlı şəxsə ticarət obyekti verilməsi məqsədi ilə aldığım 50.000 (əlli min) manatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər idarəsinin rəisi Vüqar Əliyevə və 150.000 (yüz əlli min) manatı isə Kamil Məmmədova vermişəm.

Onlarla belə hal var. Bu barədə ətraflı istintaq orqanına ifadə vermişəm. Lakin adı çəkilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmayıb azadlıqda gəzir, bu gün də qanunsuz əməllərini davam etdirirlər. Məni isə şərləyərək dələduzluq maddəsi ilə (178.3.2) məsuliyyətə cəlb ediblər.

Xahiş edirəm bu qanunsuzluğa və özbaşınalığa son qoyulması, korrupsioner məmurların cinayət məsuliyyətinə cəlb olunması üçün hazırki cinayət işini nəzarətinizə götürəsiniz və hüquq - mühafizə orqanlarının rəhbərlərinə müvafiq göstərişlər verəsiniz".

Bayram Aslanovun adını hallandırdığı şəxslərlə əlaqə saxlaya bilmədik. Lakin araşdırmalarımız nəticəsində öyrəndik ki, bu cinayət işinin istintaqı Sumqayıt Şəhər Baş Polis Idarəsində aparılır. Ona görə də məsələ ilə bağlı Daxili Işlər Nazirliyi (DIN) ilə əlaqə saxladıq. DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, Bayram Aslanovun iddiaları tamamilə əsassızdır: “Bu şəxs 2011-ci ilin sentyabr ayında Şəhərsalma və Arxitektura rəisinin köməkçisi təyin edilib. Lakin bu vəzifədə cəmi 18 gün işləyib. Bundan sonra vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədib. Onun əməlləri üzə çıxdıqdan sonra istintaqdan yayınıb. Bu baxımdan barəsində axtarış elan edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onun Sumqayıtda müəyyən vəzifəli şəxslərin adını hallandırması sadəcə özünü müdafiə xarakteri daşıyır. Onun dedikləri araşdırılıb və məlum olub ki, tamamilə əsassız ittihamlardır”.