BolgeXeber.Com » Siyasət » Tural Abbaslının evi yandırıldı – FOTOLAR

Tural Abbaslının evi yandırıldı – FOTOLAR

26-10-2011, 10:25
Oxunub: 4 142





Siyasi məhbusun evi qəsdən yandırılıb, bu artıq 4-cü cəhddir

Oktyabrın 25-də vicdan məhbusu, Müsavat gənclər təşkilatının sədri Tural Abbaslının Səməd Vurğun 49 ünvanında yaşadığı binada yanğın baş verib.

Bolgexeber.com xəbər verir ki, TİA.AZ-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın adıçəkilən ünvanda yerləşən binanın birinci mərtəbəsində qəsdən törədilib. Tural Abbaslının qardaşı Teymur Abbaslının verdiyi məlumata görə, yanğın qəfil başlayıb: "Xəbərimiz olmasaydı bütün bina yanıb külə dönəcəkdi. Artıq bununla 4-cü dəfədir ki, bu hadisə törədilir. Əraziyə yanğınsöndürən çağırsaq da əvvəlcə gəlmədilər. Yalnız bir saatdan sonra onları ərazidə görə bildik. Onda da artıq gec idi. Çünki özümüz artıq yanğını söndürmüşdük".

Dəfələrlə sözügdən binada söküntü işlərini əsasən sakinlərin evdə olmadığı vaxt, ya da gecələr sökürlər. Binada 11 ailə yaşayır. Sakinlərə ordersiz, keyfiyyətsiz mənzillər, yaxud sahəsi 60 kvadratmetrədək olan mənzillərin hər kvadratına 1500 manat təklif edirlər.

Daha böyük mənzil sahiblərinə isə mərkəzdən aralıda, Badamdarda və Keşlə bazarı yaxınlığında ”Azinko"ya məxsus evlər verilir.

Teymur Abbaslının dediyinə görə, “Azinko”nun binalarında mənzillərin bir kvadratmetri ən yaxşı halda 500 manatdır: “Bizim evlər isə mərkəzdə, Heydər Əliyev Sarayının yanındadır. Burda evlərin kvadratmetri 4000 manatdır. Bizi aldatmaq, evimizi əlimizdən almaq istəyirlər. Hər yan uçurulub, dağıdılıb, toz-torpaq içindəyik. Mədsəq sakinləri bezdirib evlərindən didərgin salmaqdır”.

Tural Abbaslının anası Başxanım Abbasova onu da bildirib ki, BŞİH-in nümayəndəsi, söküntü ilə bağlı yaradılmış komissiyanın rəhbəri Zülfəli İsmayılov və onun ətrafındakı şəxslər insanları təhqir edir, onlara fiziki zor tətbiq edir.

Qeyd edək ki, “Azinko” şirkəti Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsusdur, ancaq deputat qardaşı Malik Həsənovun adına rəsmiləşdirilib. BŞİH nümayəndəsi Z.İsmayılov mətbuata açıqlamasında isə deyir ki, evinin sökülməsi ilə razılaşmayan 50 nəfərlə danışıqlar aparılır: “Sakinlərə 1500 manatdan kompensasiya və ev təklif olunur. Söküntünün aparılmasının isə iş saatına dəxli yoxdur”.